Məhkəmə qərarları › İş №e-2(007)-1180/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1180/2025

14.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1180/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kommunal xərclər”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cаvabdeh Cavabdeh 587.75 manat məbləğində kommunal haqqın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina "xxxx" MMC tərəfindən tikilmişdir. Yaşayış kompleksi layihə üzrə 16 mərtəbəli, 6 girişi olmaqla 360 mənzildən ibarətdir. Hazırda iki binada tikinti işləri davam etdiyindən kompleks tam təhvil verilməmişdir. Həmin yaşayış kompleksi hazırda İddiaçı (bundan sonra İddiaçı) tərəfindən idarə edilir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməsi idarəedici təşkilata yəni İddiaçı MMC-yə həvalə edilmişdir. Bundan sonra idarədedici təşkilat kimi İddiaçı MMC hər bir sahə mülkiyyətçisi ilə çoxmənzilli binanın Kommunal Xidmətlərin idarə edilməsinə dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən çoxmənzilli binanın saxlanılmasına görə sahə mülkiyyətçisinin istifadəsində olan sahənin hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği 0.40 (qırx qəpik) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh (bundan sonra Cavabdeh) mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 56-58, 2 saylı mənzilə görə sahə mülkiyyətçisi kimi iddiaçı ilə müqavilə bağlandığı vaxtdan sonra mütəmadi kommunal ödənişlər etmişdir. Lakin, son bir ildən çoxdur ki, ödənişləri dayandırmışdır. Dəfələrlə şifahi olaraq deyilsə də, cavabdeh kommunal ödənişlərdən boyun qaçırmışdır. Tərəflərindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin həmin məktubu qəbul etməkdən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək kommunal haqların ödənişlərini gecikdirmişdir. Hazırda cavabdeh müqavilə üzrə 587.75 (beş yüz səksən yeddi manat, yetmiş beş qəpik) manat məbləğində kommunal haqqı ödəməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında olan borcu 587.75 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş kommunal ödəniş və borc cədvəllərindən də görünür ki, cavabdeh tərəfindən ödənişlər aparılsa belə borcu yaranmışdır və bu günə kimi ödənilməmiş qalmaqdadır. Tərəflər arasında müqavilə imzalanmışdır, cavabdeh kommunal xidmətlərdən yararlanmış və bu günə kimi də yararlanmaqdadır. xx.xx.2022-ci il tarixli çoxmənzilli binanın idarə edilməsinə dair Müqavilənin (bundan sonra Müqavilə) 4.1-ci bəndinə əsasən Bu Müqavilə ilə nəzərdə tutulan yaşayış sahəsinin saxlanması və təmiri üzrə ödəniş haqları bu müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlərin və işlərin həcminə uyğun olaraq formalaşır. Müqaviləyə edilmiş 2 saylı əlavəyə əsasən xidmətin dəyəri hər kv.metrinə görə 0.40 manat məbləğində müəyyən edilmişdir. Müqavilə 3.4.3-cü bəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş hər ay üzrə ödəniş haqları həmin aydan sonra gələn ayın 15-dək ödənilir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Çoxmənzilli binanın Kommunal Xidmətlərinin idarə edilməsinə dair” müqaviləyə əsasən “idarəedici təşkilat” ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeytiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə gptürmüşdür.

4. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/20 nömrəli “Çoxmənzilli binanın kommunl xidmətlərinin idarə edilməsinə dair” müqaviləyə əsasən “idarəedici təşkilat” ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeytiyyatının aparılması, "xxxx" MMC-yə məxsus elektrik enerji sayğacının ada keçirilməsi elektrik enerjisinin ödənilməsi, kompleksdə mövcud 6 ədəd lift maşınlarının servis xidmətini və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür.

5. İş materiallarına əlavə edilmiş “Çoxmənzilli binanın idarəetmə müqaviləsi”nə 1 nömrəli Əlavədən görünür ki, çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısına ümumi əmlakın saxlanması, məişət tullantılarının təmizlənməsi və daşınması, su nasosxanasının təmiri və saxlanması, lift maşınlarınınsaxlanılması və svis xidməti, nasosxana, liftlər, həyətyanısahə, blokların elektrik enerjisi sərfiyatının ödənişi, mühafizə xidməti, bloklar, pilləkən qəfəsləri və dəhlizin təmizlənməsi, həyətyanı sahənin saxlanılması daxil olmaqla, cəmi məbləğ 0.40 manat təşkil edir.

6. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumi 520 manat ödəniş həyata keçirilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbas küçəsi, ev 56, 58, mənzil 2, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 56, M2, m2 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur.

8. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbas 56/58 ünvanında yerləşən "xxxx"un inşa etdiyi çoxmənzilli yaşayış binasında B bloku, mənzil 2-də qeydiyyatsız olaraq yaşayır.

9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 56, M2, m2 yerləşdiyi çoxmənzilli binanı İddiaçı MMC tərəfindən idarə edilir. Çoxmənzilli binanın Kommunal Xidmətlərinin idarə edilməsinə dair xx.xx.2022-ci il tarixdə onunla müqavilə bağlanılmışdır. Onun Cəmiyyətə ola borcu 549.50 manat təşkil edir. 3 təqvim günü müddətində borcunu tam ödəmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

10. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 2025-ci ilin yanvar ayı üzrə məişət tullantılarının daşınması xərci 613.80 manat olmuşdur.

11. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, hesab ödəniş vərəqindən görünür ki, "xxxx" MMC-nin tikintisi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi 3048.43 manat təşkil etmişdir.

12. İş materiallarına İddiaçı MMC ilə “X1” MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli "lift və avadanlıqlara texniki xidmət” müqaviləsi əlavə edilmişdir. Müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov 56, 58 ünvanında yerləşən My home çoxmənzilli yaşayış kompleksində 6 ədəd liftin texniki xidmət işlərini görməyi “X1” MMC öz üzərinə götürmüş, İddiaçı MMC isə müqavilədə nəzərdə tutulmuş qiymət və şərtlərlə razılaşaraq xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarına İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli "vergi xidmətinin göstərilməsinə haqqında” müqaviləsi əlavə edilmişdir. Müqavilədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə razılaşdırılmış həcmdə və şərtlərlə kompleks vergi xidmətləri göstərməyi, "xxxx" MMC isə İddiaçı MMC-yə bu xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür.

14. İş materiallarına İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış “billinq sisteminin qurulması üzrə xidmətlərin göstərilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə əlavə edilmişdir.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cash Flow”dan görünür ki, cəmi daxil olan pul 10800 manat, silinmə 10409.80 manat, ayın axırına qalıq pul 390.20 manat olmuşdur.

16. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh izatında bildirmişdir ki, o ödəniş edə bilmədiyi üçün şirkətdən 20 manat ödənişə şərait yaradılmasını xahiş etmiş və bir müddət 20 manat ödəniş etmişdir. Lakin işdən çıxdıqdan sonra ödənişi həyata keçirə bilməmişdir. İşə Borcu ödəyə bilmədiyi üçün lifti bağlamışlar, onlar liftdən istifadə etmirlər. O, işə çıxdıqdan sonra ödənişi etmək üçün yaxınlaşsa da, onlar ödənişi qəbul etməkdən imtina etmişlər. Komunnal xidmətləri-suyu, qazı, işığı özü ödəyir. Həmçinin qeyd etmişdir ki, kommunal xidmət haqqı mənzilinin kvadrat metri üçün hesablanmış, aylıq 34.60 manat təşkil etmişdir. Borcu olduğunu qəbul etsə də, ödəməyə maddi imkanı yoxdur. Ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları.

19. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən çoxmənzilli binanın idarə edilməsi iddiaçıya həvalə edilmişdir.

20. İddiaçı MMC ilə sahə mülkiyyətçisi olan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən müqaviləyə 1 saylı Əlavədə göstərilən xidmətlərin həyata keçirilməsi iddiaçıya həvalə edilmiş və çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin məbləği 1 kvadrat metr üçün 0.40 manat olaraq müəyyən edilmişdir.

21. Cavabdeh tərəfindən müqavilə bağlanıldığı vaxtdan ümumi 520 manat ödəniş edilmiş, lakin təxminən son bir il ərzində müqavilə üzrə müəyyən edilmiş xidmət haqqı ödənilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :

135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il Qərarı.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, cavabdehin izahatını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. İddiaçı MMC tərəfindən Cavabdeh qarşı olan “kommunal borcun ödənilməsi” tələbi Cavabdeh tərəfindən “çoxmənzilli binanın kommunal xidmətlərinin idarə edilməsinə dair” müqaviləyə əsasən cavabdehə göstərilən kommunal xidmətlərə görə xidmət haqqının son bir il ərzində ödənilməməsi ilə əsaslandırılmışdır.

28. İşin faktiki halı odur ki, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbas küçəsi, ev 56, 58, mənzil 2, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 56, M2, m2 Cavabdeh məxsusdur.

29. Həmin mənzilin yerləşdiyi çoxmənzilli bina İddiaçı MMC tərəfindən idarə edilir və idarəedici təşkilat olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Çoxmənzilli binanın Kommunal Xidmətlərinin idarə edilməsinə dair” müqavilə bağlanılmışdır.

30. Müqaviləyə əsasən İddiaçı MMC ünvan 2 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 1 nömrəli Əlavəsində qeyd olunan xidmətləri (ümumi əmlakın saxlanması, məişət tullantılarının təmizlənməsi və daşınması, su nasosxanasının təmiri və saxlanması, lift maşınlarının saxlanılması və servis xidməti, nasosxana, liftlər, həyətyanısahə, blokların elektrik enerjisi sərfiyatının ödənişi, mühafizə xidməti, bloklar, pilləkən qəfəsləri və dəhlizin təmizlənməsi, həyətyanı sahənin saxlanılması) göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür.

31. Həmin müqavilənin 3.4-cü bəndində mülkiyyətçinin vəzifələri nəzərdə tutulmuşdur ki, həmin vəzifələrə mülkiyyətçinin mülkiyyət hüququndakı paya uyğun olaraq ümumi əmlakın saxlanması və təmiri üzrə öhdəlikləri icra etmək, yaşayış və qeyri-yaşayış sahələrindən təsərrüfatsızcasına istifadəyə yol verməmək, bu müqavilə ilə müəyyən olunmuş hər ay üzrə ödəniş haqlarını “idarəedici təşkilat” tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödəmək və s. daxildir.

32. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022ci il tarixli müqaviləyə əsasən çoxmənzilli binanın idarəedici təşkilatı olan iddiaçı tərəfindən Müqaviləyə 1 saylı Əlavədə göstərilən xidmətlərin göstərilməsinə görə cavabdeh tərəfindən ümumi əmlakda payına uyğun olaraq, hər kv.metr üçün 0.4 manat hesablanmaqla xidmət haqqı ödənilməlidir.

33. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdehə məxsus olan mənzilin yerləşdiyi binanın idarəedici təşkilatı olan iddiaçı ilə cavabdeh arasında çoxmənzilli binanın kommunal xidmətlərinin idarə edilməsinə dair müqavilə bağlanılmışdır

34. Məhkəmə qeyd edir ki, mənzil qanunvericiliyinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.

35. Odur ki, ilk növbədə, cavabdeh sahə mülkiyyətçisi olaraq ümumi əmlakın saxlanılması ilə bağlı zəruri xərcləri (ümumi əmlakın saxlanması, məişət tullantılarının təmizlənməsi və daşınması, su nasosxanasının təmiri və saxlanması, lift maşınlarının saxlanılması və servis xidməti, nasosxana, liftlər, həyətyanısahə, blokların elektrik enerjisi sərfiyatının ödənişi, mühafizə xidməti, bloklar, pilləkən qəfəsləri və dəhlizin təmizlənməsi, həyətyanı sahənin saxlanılması) ödəmək vəzifəsi daşıyır.

36. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi).

37. Müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh Balacan oğlu tərəfindən müqavilə üzrə öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, qeyd edilən hal həm məhkəmə iclasında tədqiq edilmiş iş materialları, həmçinin tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir.

38. Cavabdeh izahatında qeyd etmişdir ki, imkanı olmadığı üçün ilk öncə qismən ödəniş etmiş, daha sonra isə ödəniş edə bilməmişdir. Həmçinin iddia tələbinə etiraz olaraq bildirmişdir ki, o iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərdən istifadə etmir, su, qaz, işığı isə özü ödəyir.

39. Nə qədərdə ki, cavabdeh iddia tələbinə etirazında iddiaçı tərəfindən göstərilən xidmətlərdən istifadə etmədiyini bildirsə də, müəyyən edilmişdir ki, cavabdehin yalnız liftdən istifadəsi dayandırılmışdır, ümumi əmlakın saxlanılması ilə bağlı iddiaçı tərəfindən göstərilən digər xidmətlərə görə isə ödənişdən azad edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir.

40. Müəyyən edilmişdir ki, iddiaçının liftdən istifadə etməməsinin səbəbi onun könüllü olaraq lift xidmətindən imtina etməsi ilə bağlı deyil, onun tərəfindən ödənişlər edilmədiyi üçün iddiaçı tərəfindən lift xidmətindən istifadənin ona aid hissədə bağlanılması ilə bağlı olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki tərəflər arasında bağlanılmış çoxmənzilli binanın idarəetmə müqaviləsinə 1 nömrəli Əlavədə iddiaçı tərəfindən göstərilən xidmətlər yalnız lift xidmətindən ibarət olmayıb, xidmətlərin dairəsi daha genişdir.

41. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi iş materialları və tərəflərin izahatları ilə sübuta yetirildiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

42. Cavabdeh Balacan oğlu tərəfindən ödənilməli olan kommunal haqqın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı MMC Cavabdeh qarşı 587.75 manat məbləğində kommunal haqqı borcunun tutulması tələbini irəli sürsədə, yaranmış borcun 587.75 maant təşkil etməsinə dair sübut təqdim edilməmişdir

43. Belə ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərə görə mülkiyyət hüququnda olan payına uyğun olaraq, hər kv.metr üçün 0.4 manat xidmət haqqı ödəməlidir. Belə olan halda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan aylıq xidmət haqqı 34.64 manat təşkil etmişdir.

44. Belə olan halda, iddiaçının hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyini, cavabdehin isə bu müqavilə ilə müəyyən olunmuş hər ay üzrə ödəniş haqlarını “idarəedici təşkilat” tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödəmək vəzifəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ xx.xx.2022xx.xx.2025 dövr müddətində hesablanmalıdır.

45. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, müqavilə üzrə 29 ay üçün (2022-ci ilin 5 ayı, 2023-cü ilin 12 ayı, 2024-cü ilin 12 ayı) 1004.56 manat (29x34.64 manat) ödəniş etməli olduğu halda, cəmi 520 manat ödəniş etmişdir.

46. Həmçinin məhkəmə qeyd etməi zəruri hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ödəniş haqqının miqdarı barədə güzəşt edildiyini bildirsə də, qeyd edilən hal cavabdeh tərəfindən subut edilməmişdir.

Məhkəmə Xərcləri :

47. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

48. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunal xidmət haqqı olaraq 484.56 manat (1004.56-520) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QətEtdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh kommunal xidmət haqqı olaraq 484.56 manat (1004.56-520) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar