Məhkəmə qərarları › İş №e-2(007)-121/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-121/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-121/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin boşaldılması, iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılması, iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 085001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 85 №-li mənzilinin cavabdeh tərəfindən ona təhvil verilməsi, qeyd olunan mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, xx.xx.2019-cu il tarixli 085001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 85 №-li mənzilin boşaldılması, iddiaçıya təhvil verilməsi, qeyd olunan mənzilə sahiblik və istifadə hüququna dair yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına maneə yaradılmasının qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə araşdırması zamanı X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2019-cu il tarixində 085001 nömrəli müqavilə (bundan sonra "xxxx") bağlanıb. Müqaviləyə əsasən, cavabdeh MTK Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 85 №-li mənzili hər kv.m dəyəri 537 manat olmaqla, 31000 manat əvəzində ona bir pay kimi verib. Cavabdeh tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən o, müqavilə əsasında aldığı Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 85 №- li mənzilinin hər kv.m dəyəri 537 manat olmaqla, 31000 manat dəyərini tam ödəyib. Cavabdeh tərəfindən 02 iyun 2022-ci il tarixində verilmiş arayışa əsasən o, cavabdeh MTK-nın Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqlı 85 №-li mənzili təmirə buraxıb. Halbuki, müqavilədə nəzərdə tutulan öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq mənzil ona təhvil verilməyib və o, yaşayış sahəsinə buraxılmayıb. Qeyd olunan müqavilə ilə onun istifadəsinə verilən mənzilə cavabdeh MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir, mənzillərin təmiri üçün alınan xammal isə yararsız vəziyyətə düşür və o, ailəsi ilə birlikdə həmin mənzilləri yaşayış üçün istifadə edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzillərin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş olunsa da, bununla bağlı heç bir tədbir görülməyib. İşə əlavə olunmuş cavabdeh tərəfindən verilmiş maliyyə arayışı mənzilin dəyərinin onun tərəfindən tam olaraq ödənildiyini təsdiq edir. Belə olan halda, cavabdeh həmin mənzili onun sahibliyi və istifadəsinə vermək öhdəliyini daşısa da, müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə razılaşdırılmış və dəyəri onun tərəfindən tam ödənilmiş mənzili ona təhvil verməkdən imtina edib. Beləliklə, onun müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır.

İş materialları:

5. İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 085001 saylı müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17ci mərtəbə (yaşayış), ümumi sahəsi 57,8 kv.m olan, 85 nömrəli mənzil izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 31000 manat məbləğində müəyyən olunmuşdur.

6. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə (yaşayış), ümumi sahəsi 57,8 kv.m olan, 1 otaqlı, 85 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

7. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə (yaşayış), ümumi sahəsi 57,8 kv.m olan, 1 otaqlı, 85 nömrəli mənzili ona məxsusdur və təmirə buraxılır. 8 Azərbaycan Republikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-02/3/2-232026306/2025 saylı məktubundan görünür ki, "xxxx" MMC-nə aid möhür Baş İdarənin Maddi sübutların saxlanması otağında saxlanılır, həmin MMC-də audit yoxlaması aparılmamışdır və istintaqla "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilmiş binanın 1-ci blok, 18-ci mətəbədə yerləşən, sahəsi 57.8 kvm. olan 85 saylı mənzilin vətəndaş İddiaçı məxsus olduğu müəyyən edilmişdir.

Tərəflərin izahatları:

9 Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianın təmin edilməsinə etiraz etmədi.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

12. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci Blok 17-ci mərtəbə(yaşayış) , ümumi sahəsi 57,8 kv.m olan, 85 nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzil İddiaçı məxsusdur. Həmin mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir. Həmin mənzillə əlaqəli hər hansı bir mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri baxımından "xxxx" MMC bu iddianı etiraf edir və qətnamə çıxarılmasına etiraz etmir. Hal-hazırda tərəflər arasında razılaşma əldə olunmuşdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Ərizənin hüquqi nəticələri onlara aydındır.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, "xxxx" MMC ilə razılıq əldə etmişdir. ünvan 3 ünvanında inşa edilmiş hüdürmərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 57,8 kv.m olan 1 otaqlı 85 saylı mənzillə bağlı hər hansı bir iddia və tələbi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsinə heç bir etirazı yoxdur.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

İşin faktiki halı:

16. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli 085001 saylı müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə (yaşayış), ümumi sahəsi 57,8 kv.m olan, 85 nömrəli mənzili “payçı” İddiaçı verməyi, “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 8.1-ci maddəsinə əsasən MMC tikinti işləri başa çatdıqdan sonra mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri MMC-yə tam şəkildə ödənilməsinə baxmayaraq və müqavilənin bağlanmasından beş ildən artıq müddət keçsə də, MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və adıçəkilən mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

19. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli 085001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 1 otaqdan ibarət 85 №-li mənzil boşaldılsın və cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı təhvil verilməli, həmin mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və həmin mənzildə təmir işlərinin aparılmasına cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maneə yaradılması qadağan olunmalıdır.

Məhkəmə xərcləri:

20. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etmədiyindən Azərbaycan respublikası MPMnin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 085001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 1 otaqdan ibarət 85 №-li mənzil boşaldılsın və cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı təhvil verilsin. Həmin mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və həmin mənzildə təmir işlərinin aparılmasına cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maneə yaradılması qadağan olunsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar