Məhkəmə qərarları › İş №e-2(007)-1212/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1212/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1212/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, Azərbaycan Respublikası MPM-nin 284- 5.1-ci maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Bu müddətdə cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz verilməmişdir. Lakin iddiaçı ərizə ilə müraciət edərək, müqavilə üzrə borc öhdəliyinin yerinə yetirildiyi üçün işin baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslinin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda ərizənin baxılmamış saxlanılması nəzərdə tutulmamış, yalnız Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsində məhkəmənin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina etməli olduğu müəyyən edilmişdir: bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. Göründüyü kimi, ərizə məhkəmənin icraatına qəbul edilmişdir, bu mərhələdən sonra kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina və ya ərizənin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Mübahisə isə artıq məhkəmədən kənar qaydada həll edilmişdir, tərəflər arasında mübahisə mövcud deyildir, işə məhkəmədə baxılması üçün əsaslar qalmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəyə münasibətdə analoji münasibətləri tənzimləyən hüquq norması tətbiq edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Hazırkı qərardad iddiaçı tərəfindən ödənilmiş 41,50 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Hazırkı qərardad İddiaçı MMC tərəfindən ödənilmiş 41,50 manat (X1, VÖEN: **********, "xxxx" ASC, VÖEN: **********, mədaxil qəbzi nömrəsi **********, Tarix: xx.xx.2023, saat 10:42:19) dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva İş № e-2(007)-1212/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 27 mart 2023-cü il Bakı şəhəri Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı ABC-TELECOM” MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni məhkəmə iclasından kənar baxaraq, ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:00-da başlanır. Hakim iddia ərizəsini və iddiaçının ərizəsini nəzərdən keçirir və iddia ərizəsinin baxılmamış saxlanıması, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edir. Prosessual hərəkət saat 12:05-də başa çatır. Hakim Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar