Məhkəmə qərarları › İş №e-2(007)-1345/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1345/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1345/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil firusin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə2, X1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi onunla əsaslandırdı ki, xx.xx.2017-ci il tarixli 119-E saylı müqavilə əsasında hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh MTK-nın sədri X4 Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıb. Həmin müqavilənin 2.2.1-ci bəndində qeyd olunur ki, alıcı yuxarıda göstərilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135.5 kv.m-dən ibarət olan 3 otaqlı 10 saylı mənzilin sahəsinin hər kv.m üçün 800 manat olmaqla, cəmi 108.400 manat ödəməlidir. Cavabdeh MTK-nın xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı həmin mənzilin, yəni 135.5 kv.m üçün tam ödəniş, yəni 108.400 manat ödəyib. Bundan başqa Cavabdeh MTK-nın sədrinin imzası ilə təsdiq olunan xx.xx.2017-ci il tarixli arayışından görünür ki, iddiaçı 135.5 kv.m-lik yaşayış sahəsinin tam dəyəri olan 108.400 manatı ödəyib. Bundan başqa "xxxx" MTK-nin sədrinin və baş mühasibinin imzaladığı xx.xx.2021-ci il tarixli 69 saylı arayışından da məlum olur ki, ünvan 1 ünvanında 4 saylı binanın 3-cü mərtəbəsindəki ümumi sahəsi 135.5 kv.m olan 3 otaqlı 10 saylı mənzil iddiaçıya məxsusdur. Bütün bu sənədləri aldıqdan sonra iddiaçı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq və reyestdən çıxarış almaq məqsədi ilə ƏMDK yanında DƏDRX-nə müraciət etmişdir. Mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli reyestrdən Çıxarış verib. Həmin çıxarışda qeyd olunur ki, sözügedən mənzilin ümumi sahəsi 120.4 kv.m-dir. Buradan görünür ki, kooperativin sədrləri və mühasib, əlbir olub üçü bir yerdə iddiaçını aldadıblar. İddiaçı onlarla bağladığı müqaviləyə və onlara inanaraq 135.5 kv.m üçün hər kv.m üçün 800 manat pul ödəyib. Lakin indi, yəni xx.xx.2021-ci il tarixdə onlara məlum olur ki, onlar iddiaçıya 135.5 kv.m adı altında 120 kv.m-lik mənzil satıblar. Beləliklə, dələduzluq cinayəti törədərək iddiaçının 12.080 manat pulunu mənimsəyiblər və bundan başqa iddiaçının pulunu mənimsəmək məqsədi ilə imzaladıqları müqaviləyə yalançı rəqəmlər daxil ediblər. Bundan başqa onların dələduzluqlarını sübut edən maliyyə arayışları və kassa mədaxil orderinin qəbzini tərtib ediblər. Həmin sənədlərlə sübut olunur ki, onlar iddiaçının etibarından sui istifadə edərək 12.080 manatını 2017-ci ildə ələ keçiriblər və bu günədək iddiaçının bundan xəbəri olmayıb və iddiaçının pulundan bu günədək qanunsuz istifadə ediblər. Qeyd olunan hərəkətlər Cinayət Məcəlləsinin 178.3-cü və 179.3-cü maddəsi ilə tövsif oluna bilər. Bundan başqa onlar Şəhərsalma Məcəlləsinin tələblərini pozublar. İddiaçı 2021-ci ilin dekabr ayında soyadını bilmədiyi Famil adlı şəxsin qəbulunda olub və onu aldadaraq aldıqları 12.080 manat pulu geri qaytarmalarını təklif edib. Lakin Famil adlı həmin şəxs iddiaçıdan alınan artıq pulu qaytarmaqdan boyun qaçıraraq, hara istəyirsən şikayət et deyib. Daha sonra cavabdehə rəsmi olaraq müraciət etmişlər. Müraciətə 28 yanvar 2022-ci il tarixdə cavab verilib və cavab məktubunda Qanunlara izah verməyə çalışıb, müvafiq icra hakimiyyəti orqanını ittiham etməyə çalışıblar. Hansıki həmin qanunda nəzərdə tutulan müvafiq İcra hakimiyyəti orqanı Nazirlər Kabinetidir. İddiaçı məhkəməyə müraciət edərək artıq ödədiyi 12.080 manat pul vəsaitini cavabdehdən tələb edir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, xx.xx.2017-ci il tarixli 119-E saylı müqavilə əsasında iddiaçının Cavabdeh MTK-dan və sədri X4 aldığı Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilmiş 4-E saylı yaşayış binasının 3cü mərtəbəsində 10 saylı mənzil (Çıxarışda göstərilən ünvan:- ünvan 2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi,196, M3, m3) üçün artıq ödədiyi 12.080 manat məbləğində pul vəsaitinin, ödədiyi 127 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, tərəflər arasınba olan mübahisə qarşı tərəf mülkiyyət sənədi əldə etdikdən sonra yaranıb. İddiaçıya mənzil 135.5 kv.m olaraq satılıb və bu ölçülər isə şəhərsalma və tikinti məcəlləsinin 59-cu maddəsinə əsasən aparılıb. Tərəflər arasında bağlanmış müqavilə əsasında mənzil qarşı tərəfə satılıb. Hər hansı bir pozunutya yol verilməyib. Bundanə əlavə ekspertin rəyindən də, görünür ki, faktiki olaraq mənzilin sahəsi 135.5 kv.m.-dir. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Cavabdehin nümayəndəsi Nümayəndə2 da iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,vəkilin fikirləri ilə razıdır.Ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh MTK arasında bağlanməş 19 yanvar 2017-ci il tarixli 119-E saylı müqavilənin məzmunundan görünür ki satıcı (Cavabdeh MTK) Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522 məhəllədə inşa ediləcək yüksək mərtəbəli 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıcıya (İddiaçı) satır alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Mənzil 24 ay müddətində tikilib təhvil verilir. Mənzilin ümumi sahəsi 135.5 kv.m., dəyəri isə 108.400 manat müəyyən olunur. Cavabdeh MTK-nın xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı həmin mənzilin, yəni 135.5 kv.m üçün 108.400 manat ödəyib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş şıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, ev 32M,mənzil 10, Yeni qaydalarla, AZ1118, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi,196, M3, m3 saylı 120.40 ümüumi sahəsi olan mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mənzilin faktiki ümumi sahəsində arakəsmə divarların yerləşdiyi şaxtaların yerləşdiyi sahə balkonların (eyvanın) sahələri (azalma əmsalları olmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 135.5 kv.m.,Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahələrinin həcminin hesablanması qaydaları”-na əsasən hesablandıqda isə 120.4 kv.m təşkil edir. Məhkəmə iclasında rəy üzrə dindirilmiş X2 göstərdi ki, iş üzrə aparılmış tədqiqat Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 10 saylı mənzilində aparılmışdır. Mülki iş materiallarından göründüyü kimi, “Orbita" MTK ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən kooperativ inşa etdiyi yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135,5 kv.metr olan 10 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin müəyyən edilən dəyərini cavabdehə ödəməyi öhdələrinə götürüblər.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********91-05301-093082 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ümumi sahəsi 120,40 kv.metr olan 10 saylı mənzili İddiaçı mülkiyyətinə verilib. Həmin mənzilə dair xx.xx.2021-ci il tarixdə tərtib olunan, texniki pasport sənədindən görünür ki, mənzil 2019-cu ildə tikilib, 17 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə üç yaşayış otağı, iki sanitar qovşağı, bir dəhliz, üç balkon və bir mətbəx tikililərindən ibarətdir.Baxış zamanı müəyyən olunub ki, tədqiq olunan mənzil monolit dəmir betondan inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşir. Mənzilə giriş pilləkən meydançasındandır.Eyni zamanda qeyd olunan mənzilə baxış keçirilən zaman müəyyən olunub ki, mənzilin ümumi quruluşu tikililərin yerləşmə vəziyyəti, ölçüləri və digər texniki parametrləri Texniki Pasport sənədinə uyğundur. Baxış zamanı əldə edilən ölçülərə əsasən aparılan Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilmiş 4-E saylı yaşayış binasının 3- cü mərtəbəsindəki 10 saylı mənzilin faktiki ümumi sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların sahələri daxil edilməklə hesablandıqda mənzilin sahəsi 135,5 m2 təşkil edir.Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilmiş 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 10 saylı mənzilin mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-ına əsasən 120,4 m2 təşkil edir. Rəydə göstərilənləri müdafiə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən aşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İşin hallarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli 119-E saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 2520-2522-ci məhəllədə inşa edilən 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzili alıb. Həmin müqaviləyə əsasən mənzil ümumi sahəsi 135.5 kv.m-dən ibarət olan 3 otaqdan ibarətdir. Mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış verilib. Həmin çıxarışda qeyd olunur ki, sözügedən mənzilin ümumi sahəsi 120.4 kv.m-dir.Hal-hazırda iddiaçı artıq ödədiyi 12.080 manat məbləğində pul vəsaitinin, ödədiyi 127 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Lakin yuxarıda qeyd olunan maddi-hüquq normaları,ekspertiza rəyi və ekspertin məhkəmə iclasında dindirilərkən verdiyi izahatdan da görünür ki, Cavabdeh MTK iddiaçı ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəlikləri pozmamışdır. Belə ki, mənzilin faktiki ümumi sahəsində arakəsmə divarların yerləşdiyi şaxtaların yerləşdiyi sahə balkonların (eyvanın) sahələri (azalma əmsalları olmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 135.5 kv.m. təşkil edir. Məhkəmə qeyd olunanları ümüumiləşdirib belə bir nəticəyə gəlir ki,iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçn kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar