Məhkəmə qərarları › İş №e-2(007)-1365/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1365/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1365/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1388.83 (bir min üç yüz səksən səkkiz manat, səksən üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 34.00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsində “Mazda CX-5 minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSH200529225 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Tərtib edilmiş İXP ******* saylı X8 Protokola əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli hesab edilmişdir. Təqdim edilmiş qiymətləndirmə aktında göstərilmişdir ki, “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3228.56 (üç min iki yüziyirmi səkkiz manat, əlli altı qəpik) manat təşkil etmişdir Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSP16422/24 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3228.56 (üç min iki yüz iyirmi səkkiz manat, əlli altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Mazda CX-5 minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 1839.73 (bir səkkiz yüz otuz doqquz manat, yetmiş üç qəpik) manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qalıq məbləğ olan 1388.83 (bir min üç yüz səksən səkkiz manat, səksən üç qəpik) manatın ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.

İş materialları :

3. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6316936 nömrəli X8 protokol və X8 işin materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 16:14-də, ünvan 1 ünvanında “Mazda-CX5” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır.

4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın surətindən görünür ki, “Hyundai Elantra minik” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 3228.565 manat məbləğində qiymətləndirilmişdir.

5. Bakı şəhər BPİ-nin DYP-də Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:14-də etibarnamə ilə idarə etdiyi Mazda markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə S.Bədəlbəyli küçəsi ilə düzünə hərəkət edərkən qarşısında hərəkət edən Nissan markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında növbə olduğu üçün saxlamış, o isə tam saxlaya bilməmiş, onunla toqquşmuş, o da aldığı zərbədən qarşısında dayanan Hyundai markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, hadisə zamanı bədən xəsarəti almamış, spirtli içki qəbul etməmişdir.

6. İş materiallarına “Yol-nəqliyyat hadisəsinin sxemi”nin surəti əlavə edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, CSH200529225 saylı “Avtomobilin Sığorta Şəhadətnaməsi”ndən görünür ki, “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Ümumi sığorta məbləği 28500 manat, sığorta haqqı 427.50 manat, şərtsiz azadolma 99 manatdır.

8. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 1388.83 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

9. CSH164022 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixində, S.Bədəlbəyli küçəsində sığortalanmış “Hyundai Elentra” markalı 99PU584 dövlət qeydiyyat nişanlı avtomobil “Mazda CX-5” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı və Nissan Markalı “90HD912” dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, sığorta predmetinə 3228.56 manat zərər dəymiş, 99 manat şərtsiz azadolma çıxılmış və ödəniləcək məbləğ 3129.56 manatdır.

10. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-si tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 16:14 dəqiqədə Bakı şəhərində toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh, mülkiyyətçisi X7, avtonəqliyyat vasitəsinin markası-Mazda CX-5 minik, dövlət qeydiyyat nişanı **-VT-***-dir. Sürücü barədə başlanmış icraatın növü inzibati icraat və tarixi xx.xx.2024-cü ildir. Hadisə nəticəsində “Nissan Tııda minik” markalı **-HD- *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “Nissan Tııda minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisi və idarə edən şəxs X4, “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “Azərbaycan Beynəlxalq Bankı” ASC və idarə edən şəxs X2 olmuşdur.

11. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı X6 tərəfindən məhkəməyə müraciət etmək üçün 54 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, hadisə olan vaxt məlumat verilsə idi o dəymiş zərəri ödəyərdi. Belə ki, indi dəymiş zərəri ödəməyə imkanı yoxdur. Hadisə nəticəsində zərər dəymiş digər nəqliyyat vasitəsinin sahibinə sığortadan az pul verildiyi, 3000 manat pul verildiyi üçün həmin şəxs ona müraciət edərək sığortanın az pul verdiyini bildimiş, o da əlavə olaraq 500 manat ödəniş etmişdir. Lakin “Hyundai Elantra” markalı avtomobilin sahibi hadisə yerindən getmiş və sonra onunla əlaqə saxlamamışdır.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52-1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52-1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52-1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52-1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

18. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı.

İşin faktiki halı :

19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə əsasında idarə etdiyi X5 məxsus olan **-VT-*** dövlət qeydiyyat nişanlı “Mazda CX-5” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanan “Hyundai Elantra minik” markalı, 99PU854 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və nəticədə “Hyundai Elantra minik” markalı, 99PU854 dövlət qeydiyyat nişanlı avtomobilə 3228.56 manat və “Nissan Tida” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

20. Cavabdeh Azərbaycann Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

21. Hadisə nəticəsində “Hyundai Elantra minik” markalı, 99PU854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı müəyyən edilərək "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsində zərər dəyən “Hyundai Elantra minik” markalı, 99PU854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 3228.56 manat məbləğində sığorta ödənişi edilmişdir.

22. Cavabdehin idarə etdiyi “Mazda CX-5” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili sığorta edən şirkət tərəfindən 1839.73 manat məbləğində ödəniş "xxxx" ASCyə geri qaytarılsa da, geri qalan 1388.83 manat məbləğində ödəniş cavabdeh tərəfindən geri qaytarılmamışdır.

Məhkəmənin mövqeyi :

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

24. Müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh idarə etdiyi “Mazda CX- 5” markalı nəqliyyat vasitəsi ilə “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tııda” markalı 90HD912 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinmişdir.

25. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin tam sığortası növü üzrə könüllü sığortalanmış X1 etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3228.56 manat məbləğində ziyan dəymiş, dəymiş ziyana görə 99 manat şərtsiz azadolma məbləği çıxılmaqla, 3129.56 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

26. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

27. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir.

28. Həmin Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

30. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta məbləğindən artıq hissənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

31. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən Qərarda onu da vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır.

32. MM-nin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

33. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

34. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlərDelikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

36. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

37. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh nəqliyyat vasitəsinə qanuni əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik etmişdir.

38. Məhkəmə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli olması, zərər vurulması, zərərin həcmi və zərərlə cavabdehin əməli arasında səbəbli əlaqə sübuta yetirildiyi üçün iddiaçı "xxxx" ASC-nin Cavabdeh pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.

39. Belə ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

40. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə həmin qərarın cavabdeh tərəfindən mübahisələndirilməsi müəyyən edilməmişdir.

41. Məhkəmə iclasında tədqiq edilmiş qiymətləndirmə aktına əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanan “Hyundai Elantra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3228.56 manat zərər dəymişdir. Müvafiq qiymətləndirmə aktı, dəymiş zərərin miqdarı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

42. Cavabdehin idarə etdiyi “Mazda CX-5” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı tərəfindən 1839.73 manat məbləğində ödəniş "xxxx" ASC-yə geri qaytarılmışdır.

43. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməyən hissəsi 1388.83 (32xx.xx-1839.73) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

44. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

45. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi qismində 1388.83 (bir min üç yüz səksən səkkiz manat səksən üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1388.83 (bir min üç yüz səksən səkkiz manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar