Məhkəmə qərarları › İş №e-2(007)-1403/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1403/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1403/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarş “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx xxxxxx 1978-ci il təvəllüdlü Cavabdeh 14 iyun 2022-ci il tarixli, SRFK6199586 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 9050 manat əsas borc və 111 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9161 məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 14 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 12.544 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 9050 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 14 iyun 2022-ci il tarixli, SRFK6199586 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 9050 manat əsas borc və 111 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9161 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SRFK6199586 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 12544 (on iki min beş yüz qırx dörd) manat dəyərində olan məişət avadanlığı verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini ilkin ödəniş olaraq 1000 (bir min) manat, qalan ödənişi ayda 481 (dörd yüz səksən bir) manat ödəniş etməklə, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə bitdikdən sonra) məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.

4. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9050 manat əsas borcu vardır.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 111 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş.

8. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh arasında 14 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.

Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

14. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

15. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş olaraq 1000 (bir min) manat ödəniş etməklə, qalan ödəniş olaraq 11544 (on bir min beş yüz qırx dörd) manat pul vəsaitini isə 24 ay müddətinə ayda 481 (dörd yüz səksən bir) manat ödəmək şərtilə, cəmi 12544 (on iki min beş yüz qırx dörd) manat dəyərində olan məişət avadanlığını satın almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

17. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9050.00 manat borcu vardır.

18. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9050 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

Məhkəmə xərcləri :

20. İddiaçı MMC ödənilmiş dövlət rüsumunun əvəzi qismində 111 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

21. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 111 manat məbləğində dövlət rüsumu ödəmişdir.

22. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 111 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9050 manat məbləğində əsas borc və 111 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9050 manat məbləğində əsas borc və 111 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar