Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1501/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı MMC Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, B-049-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 2707,45 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1460,34 manat dəbbə pulu, “Changan UNİ-V” markalı, 77-PG177 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 896,94 manat pul vəsaiti olmaqla, ümumilikdə 5064,73 (beş min altmış dörd manat, 73 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 104,06 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 71,69 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B049-AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-V” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürüb. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməyib, ardıcıl bir neçə ay ödənişləri gecikdirib, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyib. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilib, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək, müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilib. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilib və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilib. “Changan UNİ-V” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verilib və rəsmi servis mərkəzinə gətirilib. Avtomobil servis mərkəzinə gətirildikdən sonra ona əsaslı baxış keçirilib, müvafiq təmir-bərpa işləri aparılıb və icra edilmiş xidmətlərə dair akt tərtib olunub. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsinə çəkilmiş xərclərin ümumi dəyəri 896,94 manat təşkil edib. Eyni zamanda, B-049-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 2707,45 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 1460,34 manat dəbbə pulu hesablanıb. Cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə borcun ödənilməsi tələb olunub, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-049- AAE-24 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
İş materialları:
3. Avtomobil alqı-satqısı üzrə xx.xx.2024-cü il tarixli B-049-AAE-24 nömrəli müqavilədən görünür ki, avtomobilin qiyməti tərəflərin razılığı ilə 70170 manat müəyyən edilmiş, alıcı İddiaçı MMC-yə 4290 mnat ilkin ödəniş etməklə, xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətinə hər ay 1098 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı MMC-nin maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli B- 049-AAE-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə 4290 manat ilkin ödəniş etmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 8146,45 (7 ay 13 gün) manat ödəniş etməlidir, cəmi 5439 manat ödəniş edilib. 2707,45 manat əsas borc, 1460,34 manat cərimə borcu hesablanmışdır.
5. Təhvil Təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixdə avtomobilin qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilməsi barədə aktı Cavabdeh imza edərək qəbul etmişdir.
6. xx.xx.2024-cü il tarixli ********** nömrəli təhvil-təslim aktına əsasən Changan UNİ-V markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şirkət tərəfindən qəbulu zamanı ön sol qanad, ön sol qapının zədəli olduğu müəyyən edilmişdir.
7. xx.xx.2024-cü il tarixli İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, Changan UNİ-V markalı avtomobilin təmiri üçün çəkilmiş xərc (işlər və ehtiyat hissələri) 896,94 manat təşkil edir.
8. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixli B-049-AAE-24 nömrəli müqavilə üzrə ödənişlər həyata keçirilmədiyindən həmin müqaviləyə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada xitam verilmişdir.
9. Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, xx.xx.2024-cü il tarixli B-049-AAE-24 nömrəli müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
Tərəflərin izahatları:
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında barışıq əldə olunmayıb. Avtomobil "xxxx"Sığorta ASC tərəfindən sığortalanıb. Onlar avtomobili cavabdehin hesabına sığortalayıblar. Cavabdeh sığorta pulunu onlara ödəyir, sonra onlar sığorta ödənişini sığorta təşkilatına ödəyirlər. Çünki avtomobil MMC-nin mülkiyyətində olduğuna görə faydalanan şəxs kimi MMC göstərilir. 896 manat sığortalanıb, onunla bağlı onlara ödəniş olmayıb. Çünki avtomobili idarə edən şəxs sığorta şirkətinə 200 manat azadolma məbəği (franşiza) ödəməlidir ki, sığorta şirkəti həmin ödənişi, dəymiş zərərin məbləğini onlara ödəsin. Sığorta şirkəti bu əsasa görə sığorta ödənişini etmir. İddiaçı MMC avtomobili öz hesabına təmir edib. Ona görə də, iddiaçı məruz qaldığı zərəri məcbur qalaraq cavabdehdən tələb edir. Yol-nəqliyyat hadisəsi olub, polis çağırılıb, araşdırma aparılıb, sığorta şirkəti də hadisəni rəsmiləşdirib. İddiaçı 2024-cü ilin mart ayında 1099 manat, həmin ilin may ayında 2090 manat, avqust ayında isə 2250 manat ödəyib. İlkin ödəniş 4290 manat, ümumi aylıq ödənişlər üzrə məbləğ 5439 manat ödənilib.
11. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayıb.
12. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddia təbəbini qismən qəbul edib, izahat verərək bildirmişdir ki, bir ayın pulunu qəbul edir. Onun iddiaçıya cəmi 1100 manat borcu var. Yalnız bir ay üzrə dəbbə pulunu, yəni əsas məbləğin bir faizini ödəməyə razıdır. Avtomobil onların servisinə aparılıb. İddiaçı avtomobilə 896,94 manat dəymiş zərərin necə hesablandığını sübut etməlidir. Avtomobillə yol-nəqliyyat hadisəsi baş verib. O, sığorta şirkətinə zəng edib, avtomobili qiymətləndirmək üçün servis mərkəzinə aparıblar. Ondan sonra cavab gözləyib. Ondan da avtomobili götürüblər. Hesab edir ki, dəymiş ziyanı sığorta şirkəti ödəməlidir. Yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları gəliblər və hər şey qeydiyyata alınıb.
İşin faktiki halı:
13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli B-049-AAE-24 saylı avtomobil üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 4290 mnat ilkin ödəniş etməklə, xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətinə hər ay 1098 manat olmaqla, ümumilikdə 70170 manat dəyərində Changan UNİ-V markalı 77AD591 dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan əşyanı qüsursuz və saz vəziyyətdə təhvil almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
19. Belə ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqısatqısına dair xx.xx.2024-cü il tarixli B-049-AAE-24 saylı müqaviləsinə əsasən dəyəri ƏDV daxil 70170 manat müəyyən edilən Changan UNİ-V markalı avtonəqliyyat vasitəsi satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir.
20. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4290 manat ilkin ödəniş etmiş, 65880 manat qalan məbləğin isə xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1098 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən, yəni iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 77PG-177 qeydiyyat nömrəli Changan UNİ-V markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə görə müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verildiyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B145-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.
21. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır.
22. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək cavabdehin istifadə və sahibliyində olmuş, bu müddət ərzində cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, ardıcıl ödənişləri təmin etməmişdir.
23. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır.
24. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1460,34 manat məbləğində deyil, 135 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467)
25. Məhkəmə iddia tələbinin “real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri üçün 894 manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, işdə olan təhvil-təslim aktı əsasında cavabdehdən təhvil alınarkən avtomobilin qüsurlu olması və bu qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən təmir-bərpa işlərinə görə 894 manatın ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tərəflərin izahatı ilə müəyyən edilir ki, avtomobil sığorta olunub və hazırda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı avtomobilə dəymiş ziyan üzrə sığorta ödənişinin edilməməsinin səbəbi cavabdeh tərəfindən azadolma məbləğinin ödənilməməsidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı sığortalanmış avtomobilə dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmamışdır və məhkəmə iddianı bu hissədə əsassız hesab edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;
27. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqaviləyə xitam verildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək (iddia verilən tarixədək) gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 104,06 manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə təmin edilməldir.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh 2707,45 əsas borc, 135 manat cərimə borcu, müqaviləyə xitam verildiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 104,06 manat borc olmaqla, ümumilikdə 2946,51 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 71,69 manat dövlət rüsumu və 1 manat komissiya ödənilmişdir.
31. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 71,69 manat dövlət rüsumunun 30,79 manatı iddiaçıya, 40,9 manatı Cavabdeh aid edilməli, ödənilmiş 1 manat komissiyanın 0,40 manatı iddiaçıya, 0,60 manatı Cavabdeh aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 2707,45 manat əsas borc, 135 manat cərimə borcu və müqaviləyə xitam verildiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə 104,06 manat borc olmaqla, ümumilikdə 2946,51 manat borc, 40,9 manat dövlət rüsumunun və 0,60 manat komissiyanın əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 30,79 manatı və ödənilmiş komissiyanın 0,40 manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva