Məhkəmə qərarları › İş №e-2(007)-1538/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1538/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1538/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx xxxx 1983-cü il təvəllüdlü Cavabdeh 11 noyabr 2020-ci il tarixli, NRK5732337 saylı borc müqaviləsinə əsasən 848 (səkkiz yüz qırx səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat cərimə borcu və 31 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1079 (min yetmiş doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 11 noyabr 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1129 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 848 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 9158 (doqquz min yüz əlli səkkiz) manat cərimə borcu yaranmışdır (848 manat x 1080 gün x 1%=9158 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 11 noyabr 2020-ci il tarixli, NRK5732337saylı borc müqaviləsinə əsasən 848 (səkkiz yüz qırx səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat cərimə borcu və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1079 (min yetmiş doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir.

Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.

6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.

7. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış NRK5732337 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 848 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə, 31 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1079 manat məbləğində pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Lakin İddiaçı MMC-nin Cavabdeh qarşı olan “pul” tələbinin faktiki əsasını təşkil edən “alqı satqı” müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir.

8. Belə ki, iş materiallarına İddiaçı MMC ilə cavabdeh arasında deyil də, iş üzrə hər hansı proses iştirakçısı kimi cəlb edilməyən X1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 8MRK5797341 saylı müqavilə əlavə edilmişdir.

9. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.

Nəticə :

10. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.

11. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.

12. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı MMC VÖEN:**********, qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2024, saat:21:25:20) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ((ödəyici: İddiaçı MMC VÖEN:**********, qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2024, saat:21:25:20) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar