Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1544/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh 25 aprel 2019-cu il tarixli BXK5729153 saylı borc müqaviləsinə əsasən 387 manat əsas borc, 23 aprel 2019-cu il BXK5729147 saylı borc müqaviləsinə əsasən 292 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 709 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 25 aprel 2019-cu il tarixli, BXK5729153 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 820 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 387 manat əsas borcu qalmışdır. Bundan başqa iş üzrə Cavabdeh iddiaçı Soliton LTD MMC ilə müddəti 12 ay olmaqla, 23 aprel 2019-cu il BXK5729147 saylı tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 704 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 292 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq Cavabdeh xx.xx.2019-cu il tarixli BXK5729153 saylı borc müqaviləsinə əsasən 387 manat əsas borc, 23 aprel 2019-cu il BXK5729147 saylı tarixli borc müqaviləsinə əsasən 292 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 709 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BXK5729147 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 704 manat dəyərində olan məişət avadanlığı verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini ilkin ödəniş 116 manat olmaqla, qalan ödənişi ayda 49 (qırx doqquz) manat ödəniş etməklə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə bitdikdən sonra) məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BXK5729147 nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, BXK5729147 nömrəli borc müqaviləsinə əsasən verilmiş 704 manat məbləğində borcun qaytarılmasının təminatı kimi girov qoyan girov saxlayana “Samsung SM-A750 Blue” markalı telefonu girov qoymuşdur.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BXK5729153 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 820 manat dəyərində olan məişət avadanlığı verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini ilkin ödəniş 136 manat olmaqla, qalan ödənişi ayda 57 (əlli yeddi) manat ödəniş etməklə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə bitdikdən sonra) məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BXK5729153 nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, BXK5729153 nömrəli borc müqaviləsinə əsasən verilmiş 820 manat məbləğində borcun qaytarılmasının təminatı kimi girov qoyan girov saxlayana “Samsung A50 SM-A505 Black” markalı telefonu girov qoymuşdur.
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2019-cu il tarixli, BXK5729147 nömrəli müqavilə üzrə 292 manat əsas borcu, xx.xx.2019-cu il tarixli, BXK5729153 nömrəli müqavilə üzrə 387 manat əsas borcu olmaqla 679 manat borcu vardır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, BXK5729147 saylı xx.xx.2019-cu il tarixli və BXK5729153 saylı xx.xx.2019-cu il tarixli borc müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə həmin tarixə ümumilikdə 679 manat borcu olması və pretenziya məktubu ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 679 manat ödəməsi, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistem vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları
12. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1544/2025 saylı qərardadı ilə mülki işə iddia icraatında baxılması qərara alınmışdır.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı əks etdirən məhkəmə bildirişi həm cavabdehin qeydiyyatda olduğu ünvana, həm də təqdim edilməsi üçün 141 saylı Mənzil Kommunal İstismar Sahəsinə göndərilmişdir.
14. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin bağlanması (mülki hüquq münasibətlərinin y2023-cü ilin oktyabr ayıın 1-dək yaranması nəzərə alınmaqla) və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
18. İddiaçı cavabdehə qarşı 679 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbini cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanılması və həmin borc müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.
19. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
21. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
22. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BXK5729147 nömrəli və xx.xx.2019-cu il tarixli BXK5729153 saylı müqavilələr borc müqaviləsi adlandırılmasına baxmayaraq həmin müqavilə mahiyyət etibarilə alqı-satqı müqaviləsidir. Belə ki, həmin müqaviləyə əsasən İddiaçı MMC məişət avadanlığını cavabdehə verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş müddət ərzində pulu ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanılan müqavilə “borc müqaviləsi” adlandırılsa da, tərəflərin iradəsi alqı-satqı münasibətlərinin yaranmasına yönəlmişdir. Odur ki, hazırda iş üzrə alqı-satqı müqaviləsinə dair müddəalar tətbiq edilməlidir (mülki hüquq münasibətinin 2023-cü il oktyabr ayının 1-dək yaranması nəzərə alınmaqla).
23. Mülki qanunvericiliyə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
24. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ilkin 116 manat ödəniş aparmaqla, qalan 588 manat pul vəsaitini isə 12 ay müddətinə ayda 49 (qırx doqquz) manat ödəmək şərtilə, cəmi 704 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ilkin 136 manat ödəniş aparmaqla, qalan 684 manat pul vəsaitini isə 12 ay müddətinə ayda 57 (əlli yeddi) manat ödəmək şərtilə, cəmi 820 dəyərində olan məişət avadanlıqlarını satın almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
25. Belə ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, BXK5729147 nömrəli müqavilə üzrə 292 manat əsas borcu, xx.xx.2019-cu il tarixli, BXK5729153 nömrəli müqavilə üzrə 387 manat əsas borcu olmaqla, cəmi 679 manat borcu vardır.
26. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4 m).
27. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 292 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 387 manat olmaqla, cəmi 679 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
Məhkəmə xərcləri :
28. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 292 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 387 manat olmaqla, cəmi 679 manat və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-212, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BXK5729147 nömrəli müqavilə üzrə 292 manat və xx.xx.2019-cu il tarixli, BXK5729153 nömrəli müqavilə üzrə 387 manat olmaqla, cəmi 679 (altı yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva