Məhkəmə qərarları › İş №e-2(007)-1567/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1567/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1567/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 13.07.2019-cu il və 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********74801 “iPhone 8” markalı telefon, “Apple” markalı saat, İmei Kodu **********04786 “Samsung Galaxy A51” markalı telefon almış və nəticədə 1616 (min altı yüz on altıj manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2670 (iki min altı yüz yetmişj manat (18 ay x 140 manat + 150 manat ilkin ödəniş) İmei Kodu **********74801 “iPhone 8” markalı telefon, “Apple” markalı saat üçün ümumilikdə, 1120 (min yüz iyirmi,) manat olmaqla ondan, 1019 (min yüz on doqquz,) manat ödənilməmiş hissə, güzəşt olunaraq 101 (yüz bir) manat cərimə. 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 985 (doqquz yüz səksən beş) manat (12 ay x 82 manat + 1 manat ilkin ödəniş) İmei Kodu **********04786 “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə, 496 (dördyüz doxsan altı) manat olmaqla ondan, 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 45 (qırx beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2185 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 13.07.2019-cu il və 05.02.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 22.11.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd olunanlara əsasən 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, İmei Kodu **********74801 “iPhone 8” markalı telefon, “Apple” markalı saat üçün 1019 (min yüz on doqquz) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********04786 “Samsung Galaxy A51” markalı telefon üçün 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə olmaqla, ümumilikdə 1616 manat borc, 36.16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il tarixli, 00779160 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei Kodu **********74801 “iPhone 8” markalı telefon, “Apple” markalı saat verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 13.07.2019-cu il tarixli, 00779160 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 26-dan gec olmayaraq 18 ay müddətinə 140 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli 20082129 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei Kodu **********04786 “Samsung Galaxy A51” markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 05.02.2020-ci il tarixli 20082129 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 18-dən gec olmayaraq 12 ay müddətinə 82 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 07.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 13.07.2019-cu il tarixli müqaviləsinə əsasən 1019 manat ödənilməmiş hissə, 101 manat cərimə; 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən 451 manat ödənilməmiş hissə, 45 manat cərimə olmaqla, ümumilikdə 1616 manat borcu vardır. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış 13.07.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il və 05.02.2020-ci il tarixli müqavilələrə əsasən “iPhone 8” markalı telefon, “Apple” markalı saat və “Samsung Galaxy A51” markalı telefon almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxta və qaydaya əməl etməmişdir. İddiaçı MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 08.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 36,16 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş bildirişlərdən görünür ki, 13.07.2019-cu il və 05.02.2020-ci il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər borclu müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetlərinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il və 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, istifadəsinə İmei Kodu **********74801 “iPhone 8” markalı telefon, “Apple” markalı saat, İmei Kodu **********04786 “Samsung Galaxy A51” markalı telefon verilmişdir. Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 13.07.2019-cu il tarixli, 00779160 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, hər ayın 26-dan gec olmayaraq 18 ay müddətinə 140 manat, 05.02.2020-ci il tarixli 20082129 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən hər ayın 18-dən gec olmayaraq 12 ay müddətinə 82 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 13.07.2019-cu il tarixli, 00779160 nömrəli və 05.02.2020-ci il tarixli 20082129 nömrəli müqavilələr üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 13.07.2019-cu il tarixli, 00779160 nömrəli müddətli müqavilə üzrə 101 manat məbləğində, 05.02.2020-ci il tarixli 20082129 nömrəli müddətli müqavilə üzrə 45 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 13.07.2019-cu il tarixli müqavilə üzrə 101 manat və 05.02.2020-ci il tarixli müqavilə üzrə 45 manat məbləğində dəbbə pulları azaldılmalı və 13.07.2019-cu il tarixli müqavilə üzrə 70 manat, 05.02.2020-ci il tarixli müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36,16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, İmei Kodu **********74801 “iPhone 8” markalı telefon, “Apple” markalı saat üçün 1019 (min yüz on doqquz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə; 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********04786 “Samsung Galaxy A51” markalı telefon üçün 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 1570 manat borc, 36.16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar