Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1672/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 03 aprel 2024-cü il tarixli MAS-6227 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 fevral 2025-ci il tarixə 1079 manat gecikdirilmiş əsas, 212,11 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 596,34 manat dəbbə pulu, cəmi 1887,45 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2024-cü il tarixli MAS-6227 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5% hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 431,23 manat, ümumilikdə isə 12074 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12074 manatın 9855 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6227 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 24 fevral 2025-ci il tarixə ümumilikdə 1887.45 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək mülki işə iştiraklarının olmadan baxılıb iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2024-cü il tarixli MAS-6227 saylı daxili lizinq müqaviləsi və ona əlavəyə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən İddiaçı MMC lizinq alanın sifariş etdiyi bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440750 ban, 147H0630072 mühərrik nömrəli, ağ rəngli avtomobili liiznq alan Cavabdeh müvvəqəti sahiblik və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 9855 manat təşkil edir, ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 28 ay müddətinə illik 17.5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. xx.xx.2024cü il tarixli Təhvil-təslim aktına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli avtomobil Cavabdeh təhvil verilmişdir. Həmçinin, İddiaçı MMC -nin xx.xx.2025-ci il tarixli 86 saylı pretenziyasının surətindən görünür ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün xx.xx.2025-ci il tarixli maliyyə arayışı ilə Cavabdeh 03 aprel 2024-cü il tarixli MAS-6227 saylı lizinq müqaviləsi üzrə 1079 manat əsas, 212,11 manat mükafat, 596,34 manat cərimə borcu yaranmışdır. Maliyyə lizinqi müqaviləsinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci, 748- 1.8-ci, 421.1-ci, 442-ci, 448.1-ci, 465.2-ci və 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh ilə bağlanmış 03 aprel 2024-cü il tarixli MAS-6227 saylı lizinq müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə, cavabdehə hesablanmış 596,34 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 53 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, cavabdehdən 1079 manat əsas, 212,11 manat mükafat, 53 cərimə pulu, ümumilikdə 1344,11 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin avtomobilin geri qaytarıılması hissəsinə münasibətdə hesab edir ki, hazırda iddiaçı tərəfindən lizinq müqaviləsi birtərəfli qaydada ləğv olunduğundan lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alandan geri alınaraq, lizinq verənə təhvil verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 1079 manat əsas borcu, 212,11 manat mükafat borcu, 53 manat cərimə pulu, ümumilikdə 1344,11 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1672/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1672/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver