Məhkəmə qərarları › İş №e-2(007)-1764/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1764/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1764/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2019-cu il tarixli, MHK5764303 nömrəli borc müqaviləsinə əsasən 520 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 550 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli, MHK5764303 nömrəli borc müqaviləsinə əsasında ümumi dəyəri 564 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 520 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq Cavabdeh müqavilə üzrə 520 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 550 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi:

3. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə müqavilə nömrəsi MHK5764303, 12 ay müddətinə ”Soliton LTD” MMC dəyəri 564 manat dəyərində yaxın qohum üçün telefon kredit götürmüşdür. Əvvəl kreditin ödənişi olduğunu bilsə də, sonradan ödəniş olmadığından xəbəri olmamışdır. Bu 5 il ərzində mağazadan ona nə bildiriş, nə də zəng gəlməmişdir. Özü ikinci qrup əlildir. Xəstəliyi, götürdüyü kreditin vaxtından 5 il ötdüyü, iddia müddətindən 3 il keçdiyi nəzərə alınaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları :

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MHK5764303 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 564 manat dəyərində olan məişət avadanlığı verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini ilkin ödəniş 48 manat olmaqla, qalan ödənişi ayda 43 (qırx üç) manat ödəniş etməklə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə bitdikdən sonra) məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.

6. xx.xx.2019-cu il tarixli, MHK5764303 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung Galaxy A40 Black” markalı telefonu qeydsiz təhvil almışdır.

7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 520 manat əsas borcu vardır.

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, MHK5764303 saylı, xx.xx.2019-cu il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə həmin tarixə ümumilikdə borcu 520 manat borcu olması, pretenziya məktubu ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 520 manat ödəməsi, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasından əvvəl elektron sistem vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları

13. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

14. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

19. İddiaçı cavabdehə qarşı 520 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbini cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanılması və həmin borc müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.

20. Həmçinin hazırki iddia tələbi üzrə Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək məhkəmədən üç illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

21. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.

22. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

23. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

25. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

26. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, MHK5764303 nömrəli müqavilə borc müqaviləsi adlandırılmasına baxmayaraq həmin müqavilə mahiyyət etibarilə alqı-satqı müqaviləsidir. Belə ki, həmin müqaviləyə əsasən İddiaçı MMC məişət avadanlığını cavabdehə verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş müddət ərzində pulu ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanılan müqavilə “borc müqaviləsi” adlandırılsa da, tərəflərin iradəsi alqı-satqı münasibətlərinin yaranmasına yönəlmişdir. Odur ki, hazırda iş üzrə alqı-satqı müqaviləsinə dair müddəalar tətbiq edilməlidir.

27. Mülki qanunvericiliyə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

28. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh 48 manat ilkin ödəniş aparmaqla, qalan 516 manat pul vəsaitini isə 12 ay müddətinə ayda 43 (qırx üç) manat ödəmək şərtilə, cəmi 564 manat dəyərində olan məişət avadanlığını satın almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

29. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4 m).

30. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır.

31. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə cavabdeh tərəfindən dəyəri 564 manat olan məişət əşyası satın alınmış, həmin məbləğdən ilk ödəniş olaraq cavabdeh tərəfindən 48 manat ödəniş edilmiş və müqavilə üzrə ödənilməli olan məbləğ 516 manat olaraq müəyyən edilmişdir. Lakin hazırda iddiaçı cavabdehdən 520 manat məbləğində əsas ödənişin tutulması tələbini irəli sürmüş və artıq olan məbləği əsaslandırmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə tutulmalı olan məbləğə münasibətdə qismən, yəni 516 manat hissədə əsaslıdır.

32. Həmçinin işin faktiki hallarından görünür ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 3 illik müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

33. Cavabdeh tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir.

34. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1).

35. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilə münasibətlərindən irəli gələn pul tələbi olduğundan, iddiaçının pozulmuş hesab etdiyi mübahisənin həlli üçün isə qanunvericilikdə 3 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, iddiaçının tələbi əsaslı olsa da, iddia tələbi təmin edilməməlidir.

36. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

37. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 3 illik müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu?

38. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

39. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, MHK5764303 nömrəli müqaviləyə əsasən cavabdeh X1 12 ay müddətinə, ilkin ödəniş 48 manat və hər ay 43 manat olmaqla ümumilikdə 564 manat məbləğində ödəniş etməli olmuşdur.

40. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə öhdəliyin icra müddəti 12 ay olaraq müəyyən edilmişdir. Yəni, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi tarix - iddia müddətinin axımının başlanğıcı müqavilə üzrə öhdəliyin icra müddətinin başa çatdığı xx.xx.2020-ci il tarixidir.

41. Belə olan halda iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü ilədək müraciət etməli olduğu halda, xx.xx.2025-ci il tarixində müraciət etmişdir.

42. Məhkəmə araşdırılması nəticəsində iddiaçı tərəfindən cavabdehə möhlət verilməsi, cavabdehə qarşı xx.xx.2023-cü il tarixədək tələb irəli sürməsi, o cümlədən cavabdeh tərəfindən iddia müddətinin axımı müddətində borcu etiraf etməsini göstərən, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması üçün əsas olan hallar müəyyən edilməmişdir.

43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.

45. Məhkəmə cavabdeh tərəfindən “iddia müddətinin tətbiqinə dair ərizə”yə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

47. İşin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixində başlamış, iddia müddətinin axımı müddətində axımın dayandırılması və kəsilməsi üçün əsas olan hallar olmamış, iddiaçı isə məhkəməyə müqavilə münasibətlərindən irəli gələn iddia tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməklə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir.

48. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.

Məhkəmə xərcləri :

49. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə :

50. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh 520 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

51. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-212, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddiaçı MMC-nin Cavabdeh 520 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar