Məhkəmə qərarları › İş №e-2(007)-1823/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1823/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1823/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh MMC-dən 22 fevral 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən 97 kv.m olan mənzilin alınaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347-48-ci məhəllədə inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, 181 saylı, ümumi sahəsi 97 kv.m olan mənzili 70000 (yetmiş min) manata alıb. Bununla bağlı Cavabdeh MMC ilə aralarında 22 fevral 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanıb. 22 fevral 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin 1-ci bəndinə əsasən cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347-48-ci məhəllədə yerləşmiş Cavabdeh MMC-nin tikilməkdə olan binasında 181 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından da göründüyü kimi mənzilin dəyəri (70000 manat) tərəfindən MMC-yə tam olaraq ödənilməsinə baxmayaraq MMC müqavilə üzrə öhdəliyini bu günə kimi icra etməyib. Belə ki, qeyd edilən mənzil bu günə kimi ona təhvil verilməyib. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Orada araşdırılma aparılıb və Cavabdeh MMC-nin direktoru olmuş X5 barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən onun cəzası artırılıb, lakin onun mənzili ona təhvil verilməyib. Cavadehin direktoru X1 və X5 əvvəlcədən əlbir olaraq onu aldadıblar və nəticədə ona 70000 (yetmiş min) manat məbləğində ziyan dəyıb. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

İş materialları:

3. Cəmiyyət Cavabdeh MMC ilə payçı İddiaçı ilə arasında bağlanmış xx.xx.2016-cı tarixli “Mənzil Tikintisi haqqında” müqaviləsinin surətindən görünür ki, Cəmiyyət Bakı şəhəri, Xətai rayonu Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş cəmiyyətin tikilməkdə olan binasında 181 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 70000 manat mənzil haqqında vaxtında ödəməyi öhdəsində götürmüşdür.

4. Cavabdeh MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-dən xx.xx.2016-cı il tarixdə 2 giriş, 14-cü mərtəbə, sahsi 97 kv.m olan 181 saylı, 2 otaqlı mənzili almışdır. 70000 manat ödənilmişdir və onun cəmiyyətə - borcu var.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2020 saylı xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsi tətbiq edilməklə, ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-273/2019 saylı, 14 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə, 12 (on iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2016-cı il tarixdən hesablanması, iş üzrə maddi sübut olan – 22 fevral 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılması hökm edilmişdir.

6. Azərbcaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Cavabdeh MMC-nin direktoru X3 qanunsuz əməlləri barəsində müraciəti əsasında Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmamışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-2-1/2-42385/2025 saylı məktubdan görünür ki, idarədə olan reyestrdə “Əzizbəy-KM" MMC-nin yenidən təşkil olunması və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirirlər ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatına əsasən “ƏZİZBƏY-KM" MMC-nin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir.

Tərəflərin izahatları:

8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “ünvan düzgün deyil, bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı:

10. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2016cı il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş, cəmiyyətin tikilməkdə olan binasında 181 nömrəli mənzili “payçı” İddiaçı verməyi, “payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqlarını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri MMC-yə tam şəkildə ödənilməsinə baxmayaraq və müqavilənin bağlanmasından 9 ildən artıq müddət keçsə də, MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və adıçəkilən mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.

16. Göründüyü kimi, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur.

17. Hazırda İddiaçı adıçəkilən mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh müqavilənin bağlanmasından 9 ildən artıq müddət keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, öhdəlikləri icra etməkdən birtərəfli qaydada yayınır. Nəticədə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia təmin edilməlidir.

18. Qeyd edilməlidir ki, hazırda cavabdehin faəliyyətinin dayandırılması müqavilə üzrə öhdəliklərinin icrasından yayınması üçün əsas ola bilməz.

Nəticə:

19. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mənzil Tikintisi haqqında” müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllə, 2-ci giriş, 14-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 97 kv.m olan 181 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməlidir.

Məhkəmə xərcləri:

20. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mənzil Tikintisi haqqında” müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllə, 2-ci giriş, 14-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 97 kv.m olan 181 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar