Məhkəmə qərarları › İş №e-2(007)-1993/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1993/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1993/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19187 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19187 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 486.32 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 122 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 608.32 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19187 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1639 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1639 ABŞ dolları) “Aplle i phone 14 Pro max 128 gb” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh2 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19187 saylı nisyə alqı-satqı müqaviləsinə zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cu il tarixdə 136.23 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 77.51 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 56.98 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 31.32 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 55.26 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 5.77 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 712.48 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 31.28 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 45.85 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

Tərəflərin izahatları:

3. İddiaçı direktoru Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli, HHA 19187 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 sahibliyinə və istifadəsinə “Aplle i phone 14 Pro max 128 gb” markalı telefon verilmişdir. Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc 1639 ABŞ dolları məbləğini tam və vaxtında ödəməyi. Gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür.

8. Kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 18-dən gec olmayaraq 12 ay müddətinə 136 ABŞ dolları ödəniş etməlidir.

9. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2024-cu il tarixli, HHA 19187 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 satıcı qarşısında öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Cavabdeh2 borcu ödəməyi öhdəsinə götürmüşdür.

10. İddiaçı xx/xx-18924 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 18 yanvar 2024-cu il tarixli, HHA 19187 nömrəli (nisyə) alqı-satqı müqaviləsi və Cavabdeh2 18 yanavr 2024-cu il tarixli, HHA 19187 nömrəli zaminlik müqavilələri üzrə ödənilməmiş 486.32 ABŞ dolları məbləğində əsas, 122 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 608.32 ABŞ dolları məbləğində borcu vardır.

11. İddiaçı Cavabdeh1 ünvanlandığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə aralarında bağlanmış 18 yanvar 2024-cü il tarixli, HHA 19187 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən telefon üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, İddiaçınə olan əsas borc məbləğini və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində cərimə məbləğini 3 (üç) gün ərzində ödəmədiyi təqdirdə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

12. 18.04.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli, HHA 19187 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 1639 ABŞ dolları dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan “Aplle i phone 14 Pro max 128 gb” markalı telefonu təhvil almışdır. Lakin, Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 18 yanvar 2024-cü il tarixli, HHA 19187 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcu ödəmədiyi təqdirdə ödəniş etməyi öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir.

16. Göründüyü kimi, Cavabdeh1 borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

18. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli, HHA 19187 nömrəli “nisyə alqı-satqı” müqaviləsinin 3.5-ci maddəsinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə ödəməyi öhdəsinə götürmüşdür.

19. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 18 yanvar 2024-cü il tarixli, HHA 19187 nömrəli “nisyə alqı-satqı” müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməkdən yayınır.

20. Həmçinin müəyyən olundu ki, Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Cavabdeh2 kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, HHA 19187 saylı müqavilə üzrə 486.32 ABŞ dolları əsas borc, 122 ABŞ dolları ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində cərimə olmaqla, ümumilikdə 608.32 ABŞ dolları borc (məhkəmə qətnaməsinin icra edildiyi günə Mərkəzi Bankın ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 31 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

23. İddia təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilməlidir.

Nəticə:

24. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 yanavr 2024-cu il tarixli, HHA 19187 saylı müqavilə üzrə 486.32 ABŞ dolları əsas borc, 122 ABŞ dolları ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində cərimə olmaqla, ümumilikdə 608.32 ABŞ dolları borc (məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

25. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, HHA 19187 saylı müqavilə üzrə 486.32 ABŞ dolları əsas borc, 122 ABŞ dolları ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində cərimə olmaqla, ümumilikdə 608.32 ABŞ dolları borc (məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar