Məhkəmə qərarları › İş №e-2(007)-2080/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2080/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2080/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh Şamı̇ l qızının iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Şamı̇ l qızına qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Şamı̇ l qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Samsung soyuducu üçün 726,8 (yeddi yüz iyirmi altı, səksən qəp) manat ödənilməmiş hissə, 72,2 (yetmiş iki, iyirmi qəp) manat cərimə pulu, ümumilikdə 799 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung soyuducu almış və nəticədə 799 (yeddi yüz doxsan doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1576.8 (bir min beş yüz yetmiş altı, səksən qəp) manat (18 ay x 87.6 manat + 0 manat ilkin ödəniş) olan Samsung soyuducu üçün ümumilikdə 799 (yeddi yüz doxsan doqquz) manat olmaqla, ondan, 726.8 (yeddi yüz iyirmi altı, səksən qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72.2 (yetmiş iki, iyirmi qəp) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung soyuducunu xx.xx.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 850 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 850 manat, cəmi ödədiyi məbləğ 850 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddiaçı ilə malı dekabr ayında götürməsi üçün əlaqə saxlanılmış, o da malı geri qaytardığını demişdir. Daha sonra soyuducunu müayinədən keçirmişlər, lakin soyuducuda heç bir səs olmamış, qüsur aşkar edilməmiş, sadəcə soyuducuda cızıqlar olmuşdur. Müqavilənin 3.10-cu bəndində göstərilir ki, mal geri qaytarılanda qiymətləndirilə bilər, qiymətləndirmə olmuşdur. 1576 mantalıq soyuducu istifadə olunduğu üçün 850 manat qiymətləndirilmiş, cabadehin borcundan çıxılaraq hazırda 726 manat borcu qalmış və bununla bağlı cavabdehə məktub göndərilmişdir. O, 100 manat ödəniş qəbzinə münasibətdə qeyd etdi ki, həmin qəbzin onlara aidiyyəti yoxdur. Cavabdeh tərəfindən onlara ödəniş olmamışdır. Məhkəmə iclasında Cavabdeh Şamı̇ l qızı iddianı qəbul etmədiyini, aralarında barışıq olmadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, soyuducunu alıb müqavilə bağlamış, bir həftədən sonra soyuducunu evə gətirmişlər və ona 4 gündən sonra soyuducunu elektrik şəbəkəsinə qoşmasını demişlər, o da 4 gündən sonra soyuducunu elektrik şəbəkəsinə qoşanda soyuducu səs etməyə başlamışdır. O, İddiaçı MMC-yə zəng etmişdir ki, soyuducu səs etdiyindən gəlib onu götürsünlər, onlar usta göndərmiş, usta da demişdir ki, indi gələn soyuducular səs edir. İddiaçı MMC özləri bilərəkdən soyuducunu gec, yəni 11 fevral 2020-ci il tarixdə götürmüşdürlər. 14 gün müddəti "xxxx" MMC bilərəkdən ötürmüş və uzatmışdır, hətta Moskvadan da bu məsələ ilə bağlı iddiaçının mütəxəssisi tərəfindən ona zəng edilmişdir. O, hər dəfə iddiaçıya soyuducunu apardıqları üçün onun adını sistemdən silməli olduqlarını demiş, onlar da ona cərimə yazıldığı üçün sistemdən adını çıxarmadıqlarını bildirmişlər. Soyuducunu hazırda satmışlar. Ona xx.xx.2021-ci ildə də məktub gəlmiş, o da həmin məktubu götürməmişdir. O, iddiaçının hüquqşünasının yanına getmiş, orada ona hədə-qorxu gəlmişlər, ona cəriməni ödəməli olduğunu demş, o da hara ödəmək lazım olduğunu soruşmuş, ona ödəniş etmək üçün kart vermişlər. O da qızının kartı vasitəsilə 100 manat həmin karta ödəmişdir. İddiaçnın nümayəndəsi hər şeyi yalan danışır, o, başqa yerə ödəniş etməmiş, iddiaçı tərəfindən verilən karta ödəniş etmişdir. İki ildir ki, iddiaçı onu bezdiribdir, o, heç kəsə pul verməyəcək. O, İqtisadiyyat Nazirliyinə şikayət etmişdir ki, iddiaçı onun adını sistemdən çıxartsın. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh Şamı̇ l qızı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh iddiaçıdan “Samsung” markalı soyuducu almış və alqı-satqı qiyməti 1576,8 manat olan soyuducu üçün ümumilikdə 799 manat borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqavilənin 3.10-cu bəndində qeyd edilmişdir ki, müştəri “ABC”-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Həmin soyducu xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə cavabdehə təqdim edilmiş, lakin müəyyən müddətdən sonra işləyəndə fasilə ilə səs etdiyi üçün Cavabdeh Şamı̇ l qızı tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə təslim edilmişdir. xx.xx.2020-ci il tarixli texniki rəy ilə texniki baxış keçirilmiş, lakin malda qüsur aşkar edilməmiş, malın texniki parametrlərinə uyğun işlədiyi müəyyən olunmuşdur. Bundan sonra “Samsung” markalı soyuducu birtərəfli qaydada qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, soyuducunun qiymətləndirilmə dəyəri 850 manat olması, cihazın alt və üst qapılarında cızıqlar olduğu müəyyən edilmişdir. Soyuducu cavabdeh tərəfindən qəbul edilmədiyi üçün xx.xx.2021-ci il tarixli müqavilə əsasında X3 963 manat məbləğə satılmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş 27375967 nömrəli qəbz ilə İddiaçı MMC-nin kart hesabına 100,0 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Şamı̇ l qızının tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilədə nəzərdə tutulan tələbləri pozan hərəkətləri nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuş, bunun nəticəsində tərəflər arasında müqavilədən irəli gələn hazırki mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bunu cavabdeh iddiaçının hesabına 100 manat ödəniş etməsi ilə də qəbul etmişdir. Əks təqdirdə onun ödəniş etməsini bildirdiyi vəsait iddiaçıya ödənilməzdi. Məhkəmə həmçinin qeyd edir edir ki, “Samsung” markalı soyuducu Cavabdeh Şamı̇ l qızına 1576,8 manat satılmış, cavabdehə çatdırılmış soyuducuda qüsur olmamış, bunu xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə özü də təsdiq etmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə cavabdehin narazılığına görə həmin mal ondan müvafiq akta əsasən götürülmüş,xx.xx.2020-ci il tarixli texniki rəylə malda qüsur aşkar olunmaması, texniki parametrlərə uyğun işləməsi müəyyən olunmuşdur. Qeyd edilən məhsul cavabdeh tərəfindən qəbul edilmədiyi üçün tərəflər arasında bağlanılmış müqavilənin 3.10-cu bəndinə müvafiq olaraq malın qiymətləndirilməsi həyata keçirilmişdir. Bu akta əsasən mal cavabdeh tərəfindən iddiaçıya təslim edildikdən sonra cihazın alt və üst qapılarında cızıqlar olduğu müəyyən olunmuş, buna görə də ikinci dəfə soyuducu xx.xx.2021-ci il tarxdə ilkin qiymətindən aşağı, yəni 963,00 manata X4 adlı şəxsə satılmışdır. Göründüyü kimi qeyd olunan prosedur zamanı iddiaçı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Lakin hazırda iddiaçı zərər məbləğini müəyyən edərkən, qiymətləndirmə rəyində olan 850 manatı nəzərə alsa da, məhkəmə hesab edir ki, iddiaçının həmin malı ikinci dəfə satarkən ilkin qiymətindən 613,8 manat zərərə satması və cavabdeh tərəfindən pul məbləğindən 100 manat ödəniş etməsi nəzərə alınmalı, iddia tələbinin “xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Samsung” markalı soyuducu üçün 726,8 manat ödənilməmiş hissənin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi” hissəsi qismən təmin edilərək, Cavabdeh Şamı̇ l qızından İddiaçı MMC-nin xeyrinə 513,8 (1576,80-963-100) manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Məhkəmə iddia tələbinin 72,2 (yetmiş iki, iyirmi qəp) manat cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, hazırda soyuducu başqa şəxsə satıldığından, iddiaçıya dəymiş zərər məbləği 613,8 manat müəyyən olunduğundan, tərəflər arasında bağlanılmış müqavilədə qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğin müştərinin borcundan çıxılması öz əksini tapdığından, sırf buna görə alıcıya əlavə cərimə məbləğinin hesablanması müqavilədə müəyyən olunmadığından cavabdehin tərəflər arasında baş tutmamış müqavilə üzrə əlavə cərimə məbləği ilə yüklənilməsi ədalətli və qanunamüvafiq olmazdı. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, iddiaçının nümayəndəsinin 100 manat ödəniş qəbzinin onlara aidiyyəti olmaması və cavabdeh tərəfindən onlara ödəniş edilməməsi dəlilinə münasibətdə bildirir ki, bununla bağlı iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmiş, həmçinin iş materialına cavabdeh tərəfindən 100 manatın ödənildiyi İddiaçı MMC-nin adına olan kartın surəti və ödəniş qəbzi əlavə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30,0 manat Cavabdeh Şamı̇ l qızından tutularaq iddiaçıya ödənilməlidir Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Şamı̇ l qızından "xxxx" MMC-nin xeyrinə 513,8 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumilikdə 543,8 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şamı̇ l qızından "xxxx" MMC-nin xeyrinə 513,8 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumilikdə 543,8 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar