Məhkəmə qərarları › İş №e-2(007)-2099/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2099/2024

20.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2099/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və mənzilin elektrik təchizatının bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və mənzilin elektrik təchizatının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 mart 2024-cü il tarixdə "xxxx" ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (bundan sonra İdarə) əməkdaşları ünvan 1 ünvanındakı 35 saylı mənzilinə gedən elektrik xəttini kəsiblər. Elə həmin gün, yəni 28 mart 2024-cü il tarixində mənzilinə gedən elektrik enerjisinin kəsilməsi səbəbini öyrənmək üçün İdarəyə gedib. İdarənin Abonent şöbəsində ona məlumat verilib ki, elektrik enerjisinə görə 260 manat borcu olduğu üçün işığı kəsiblər. İzah edib ki, istifadə etdiyi işığın pulunu hər ay ödəyir, borcu olmamalıdır. Kompüterə baxıb deyiblər ki, borc 2006-cı ildə 050802 nömrəli akt əsasında yaranıb. O, bildirib ki, 2006-cı ildə bu akt əsasında mənzilinə gedən elektrik xətti kəsilib, lakin şikayətlərindən və Abonent Etirazları üzrə Mərkəzi Komissiyasında verdiyi izahatından sonra, xx.xx.2007-ci il tarixində yeni bir elektrik sayğacı quraşdırılıb elektrik xətti bərpa edilib, indi eyni akt üzrə yenidən elektrik xətti kəsilir (bax. əlavə 1, 2, 3, 4, 5, 6, 7 ,8). Deyiblər ki, sözügedən məbləğ kompüterdə göstərildiyi üçün onu silə bilməzlər, ancaq məhkəmə yolu ilə ləğv etmək olar. Bununla bağlı bildirib ki, 27 oktyabr 2006-cı il tarixli 050802 nömrəli akt onun iştirakı olmadan tərtib etdiyinə və aktı ona təqdim edilmədiyinə görə, habelə aktın məzmunu ilə tanış olmadığı üçün bu aktı məhkəmədə mübahisəndirə bilməyəcək. Xahiş edib ki, xx.xx.2006-cı il tarixli 050802 №-li aktın surətini ona təqdim etsinlər. Deyiblər ki, onlarda həmin aktı yoxdur. Hesab edir ki, İdarə əməkdaşlarının bu hərəkəti qanunsuzdur. Çünki “X2 Qaydaları”nın (bundan sonra EEİQ) 9.13.2-ci bəndində bildirilir ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsini dayandırır. "xxxx" ASC tərəfindən tərtib edilmiş **********30035 kod altında olan mənzilə elektrik enerjisi uçotu ilə bağlı Abunə haqqında məlumatından görünür ki, 2008-ci ildən 2023-cü ilə qədər (2016-cı il istisna olmaqla) aktiv elektrik enerjisinin orta illik 9356/15 = 624 kVt; orta aylıq 624/12 = 52 kVt; orta gündəlik 52/30 = 1,73 kVt; 1 saatda 1,73/24 = 0,072 kVt istifadə olunub. Tarif 7 qəpikdən hesablayanda onun elektrik enerjisinə görə orta aylıq borcu 52 kVt * 7 = 3 manat 64 qəpik edir. Abunə haqqında məlumatından görünür ki, o, hər ay təxminən bu məbləği ödəyir (bax. əlavə 9). EEİQ-nin 8.4-cü bəndində göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin alınmasına yol verilmir. Onun 050802 nömrəli aktla bağlı məlumatı ancaq "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli DX-09-0783 nömrəli məktubdan var. Belə ki, "xxxx" ASC-nin Enerji Satışı Departamentinin direktoru Q.Nəbiyev məktubda aşağıdakıları bildirib: “xx.xx.2006-cı il tarixdə Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri **********30035 kod altında olan mənzilə elektrik enerjisi uçotu və EEİQ-na riayət olunması yoxlanan zaman hesablaşma elektrik sayğacında olan qüsura görə sayğacın giriş xəttinin kəsim şirkəti tərəfindən kəsilib. 14000580 nömrəli möhürlə möhürlənməsinə baxmayaraq möhürün vurulmasına abonent tərəfindən riayət olunmamış, sayğacdan kənar birbaşa qoşulma həyata keçirildiyi müəyyən edilərək, 050802 nömrəli akt tərtib olunub. Aktın tələbinə əsasən kənar xəttin ləğv olunması və uçotun bərpası tərəflərindən təmin olunmadığı üçün komissiyada akt üzrə verilmiş hesabata yenidən baxmaq mümkün olmamışdır” (bax. əlavə 10). Hesab edir ki, "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli məktubda qeyd olunan tələbləri “X2 Qaydaları”na ziddir. Çünki Abunə haqqında məlumatından görünür ki, xx.xx.2005-ci il tarixində mənzilimə aid olan hesablaşma elektrik sayğacı pilləkən meydançada quraşdırılıb. Bu faktı 2006-cı ildə çəkdiyi fotoşəkillərlə təsdiqləyir (şəkillər əlavə olunur). Bildirmək istəyir ki, "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli 050802 nömrəli akt əsasında hesablanmış borc məbləği ilə əlaqədar elektrik enerjisinin verilməsini dayandırması onun istehlakçı kimi hüquqlarını pozur və aşağıdakı səbəblərə görə bunu qanunsuz hesab edir. Belə ki, "xxxx" ASC-nin ondan tələb olunan borc 18 il əvvələ aiddir. Ona görə də, hesab edir ki, "xxxx" ASC 2006-cı ildə 050802 saylı akt əsasında yazılmış bu borc, iddia müddəti keçdiyinə görə ondan tələb etmək hüququnu itirib. Belə çıxır ki, "xxxx" ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları 2006- 2007-ci illərdə olduğu kimi, yenə də onu X2 imkanından məhrum edir və bununla da 260 manat pul almaq üçün ona təzyiq göstərirlər. Maraqlıdır, niyə "xxxx" ASC-nin Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri 18 ildən sonra, həmçinin elə indi, oruc tutanda, Ramazan bayramı başlayanda ona işıqı kəsiblər? Əgər bu, onlara istədikləri məbləği ödəməyə məcbur etmək üçün təzyiq deyilsə, bəs nədir. Eyni zamanda, 2006-2007-ci illərdə olduğu kimi, "xxxx" ASC əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində uşaqları ilə o, 20 ay işıqsız qalıblar və mənəvi sarsıntı keçiriblər, indi "xxxx" ASC-nin əməkdaşları eyni şeyi edirlər. Hesab edir ki, “Azərişıq" ASC enerji təchizatı bazarında mövcud inhisarçı vəziyyətdən istifadə edərək ondan bir istehlakçıdan qanunvericilikdə nəzərdə tutulmayan əlavə vəsait tələb edir. Bu hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Hesab edir ki, "xxxx" ASC onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquq və qanuni maraqlarını, o cümlədən istehlakçı hüquqlarını kobud şəkildə pozub. Qanunvericiliyin tələbini gözləyərək, o, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair pretenziya məktubu "xxxx" ASCyə poçt vasitəsi ilə göndərib. Lakin "xxxx" ASC xx.xx.2024-cü il tarixində pretenziyanı alsa da, bu günə qədər rəsmi cavab verməyib (bax. əlavə 12). Buna görə də, məhkəməyə müraciət olunması zəruriyyəti yaranıb. Qeyd edilənlərə əsasən, "xxxx" ASC-nin hərəkətləri qanunsuz hesab edilməsi, xx.xx.2006-cı il tarixli 050802 nömrəli akt əsasında hesablanmış 260 manat borcun silinməsi və Bakı şəhəri, Nizami rayonu, Nuriyev küçəsi, ev 13, 35 nömrəli mənzilin elektrik təchizatının bərpasının cavabdeh "xxxx" ASC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzil uzun illərdir ki, onun mülkiyyətindədir və abonent kimi onun adı səhv göstərilib. Borc yazılan vaxt sayğac mənzildən kənarda idi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçıya 260 manat cərimə yazılması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sistemində akt mövcud deyil. 28,76 manat akta görə borcdur. Qalan borc isə köhnə debitor-sərfiyyat borcudur. Həmin akt Bakı Elektrik Şəbəkəsinin və ya BARMEK-in dövründə olub. "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə 2015-ci ildə yaradılıb. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arxivində yoxdur. Bakı Elektrik Şəbəkəsi ləğv edilib, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yarandıqdan sonra iddiaçı kimi bir çox vətəndaşın borcu qalıb. Onlar köhnə debitor-sərfiyyat borcunu tələb etmir, tələb etsə idilər, məhkəmədə iddia qaldırardılar. Borcun silinməsi üçün məhkəmə qətnaməsi lazımdır. Elə qətnamələri mübahisəndirmirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2006-ci il tarixdə Nizami rayon Enerji Təchizatı və satış idarəsinin işçiləri **********30035 saylı kod altında olan mənzildə elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət olunması yoxlanan zaman hesablaşma elektrik sayğacında olan qüsura görə sayğacın giriş xəttinin kəsim şirkəti tərəfindən kəsilib 14000580 nömrəli möhürlə möhürlənməsinə baxmayaraq möhürün vurulmasına abonent tərəfindən riayət olunmamış, sayğacdan kənar birbaşa qoşulma həyata keçirildiyi müəyyən edilərək, 050802 nömrəli akt tərib olunmuşdur. Aktın tələbinə əsasən kənar xəttin ləğv olunması və uçotun bərpası tərəflərindən təmin olunmadığı üçün komissiyada akt üzrə verilmiş hesabata yenidən baxmaq mümkün olmamışdır. - Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********30035 olan abunəçi X1 260,01 manat borc müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzilin işıq ödənişləri onun adından həyata keçirilir. Hazırda iddiaçı işıqdan istifadəyə görə xx.xx.2006-cı il tarixli akt əsasında yazılmış borclun silinməsi və mənzilin elektrik təchizatının bərpasının cavabdehə həvalə edilməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və işıqdan istifadəyə görə ödənişləri iddiaçı edir. İddiaçı xx.xx.2006-cı il tarixli 050802 nömrəsli akt əsasında yaranmış 260 mnat borcun silinməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə borcun silinməsi məsələsinə etiraz etməmiş, həmin borcun 28,76 manatının adıçəkilən akt əsasında yarandığını, qalan borcun isə debitor borcunun olduğunu, həmin borcların "xxxx" SC yaranmışdan əvvəl yarandığını, ASC tərəfindən köhnə borcun tələb edilmədiyini qeyd etmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən borca görə cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. Məhkəmə hesab edir ki, 260 manat məbləğində yaranmış borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği köhnə borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bundan başqa, iddiaçı müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət edərək, məhkəmə mübahisəsi yekunlaşana qədər Bakı şəhəri, Nizami rayonu, Nuriyev küçəsi, ev 13, 35 nömrəli mənzilin elektrik enerjisinin verilməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək (yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək) ünvan 5 ünvanında yerləşən mənzilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Müəyyən edilir ki, qeyd edilən borc olduğundan iddiaçıya məxsus mənzilin elektrik enerjisi ilə təmin edilməsində məhdudiyyətlər həyata keçirilmiş, həmin mənzilə verilən elektrik enerjisi kəsildiyindən iddiaçı müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmənin yuxarıda gəlmiş olduğunu qənaətə əsasən mənzil üzrə 260 manat borc silindiyindən həmin mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzil üzrə hesablanmış 260 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********30035) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, ünvan 2 ünvanında yerləşən mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi "xxxx" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil üzrə hesablanmış 260 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********30035) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. ünvan 2 ünvanında yerləşən mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi "xxxx" ASC-yə həvalə edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar