Məhkəmə qərarları › İş №e-2(007)-210/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-210/2024

06.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-210/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 (qanuni nümayəndəsi X8) qarşı “kompensasiya ödənilməklə və ödənilməməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 10000 manat, Cavabdeh2 10000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X4 (qanuni nümayəndəsi X8) cavabdeh qismində cəlb olunub cavabdehler Cavabdeh1 10000 manat, Cavabdeh2 10000 manat kompensasiya ödənilməklə, X1 ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehler Cavabdeh1 15000 manat, Cavabdeh2 15000 manat kompensasiya ödənilməklə, X1 ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 28 dekabr 2002-ci ildə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(007)-2672/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. X8 ilə birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2003cü il təvəllüdlü Cavabdeh2 adlı iki uşaqları anadan olmuşdur. X8 ilə ailə qurduqları vaxtdan atası Ələkbərov Rəşidin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa başlamışlar. ünvan 2da bağlanmış 08 noyabr 2016-cı il tarixli 4Ə-803 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən atası mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ona bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışa əsasən mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və onun xüsusi mülkiyyətindədir. X8 ilə ailə münasibətləri pozulduğu vaxtdan onun xüsusi mülkiyyətində olan evdən istifadə etməyinə və orada yaşamağına maneçilik törətdiyindən, X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ 3 ( üç) il müddətinə saxlanılmaqla xitam verilməsi və X5 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 03 il müddətə istifadə hüququ saxlanılması və müddətin əvvəlinin qətnamənin qəbul edildiyi tarixdən hesablanması, qətnamənin xx.xx.2023-cü il tarixdə icra edilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Nizami Rayon Məhkəməsində iddia qaldırılan zaman cavabdehlər onun uşaqları olmaqla, yetkinlik yaşına çatmadığından, iş üzrə tərəf olmamış, onların mübahisəli mənzilə dair istifadə hüququnun yaranıbyaranmaması məsələsinə baxılmamışdır. Lakin Nizami Rayon Məhkəməsinin X7 müvəqqəti yaşamaq üçün verdiyi 3 illik müddət tamam olanadək, birgə nikahdan olan uşaqları artıq yetkinlik yaşına çatmış və qətnamə icra olunan zaman cavabdehlərin də istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. O, cavabdehlərə mənzili sataraq, əldə olunan pul vəsaiti hesabına ayrıca mənzil almağı təklif etsə də cavabdehlər anasının sözü ilə mənzilin alqı-satqısına razılıq verməyərək onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişlər ki, iddiaçı ataları C.Ələkbərzadə onlara qarşı Nizami Rayon Məhkəməsinə iddia ilə müraciət edərək mülkiyyətində olan T.Abbasov küçəsi ev 39, mənzil 11 ünvanda yerləşən mənzildən onların istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edib. Hesab edirlər ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, ataları anaları ilə boşandıqdan sonra bu günədək onlar həmin evdə yaşayır və başqa yaşayış yerləri yoxdur. O göstərir ki, onlar analarının sözü ilə mənzildən çıxmırlar. Hamısı yalandır. Anaları da kirayədə yaşayır. Bəs onlar evdən çıxandan sonra harada yaşayacaqlar? Mübahisəli mənzil üç otaqdan ibarətdir. Onlar 2 qız uşağı küçələrə düşməlidirlər? 1 otaqlı mənzil alsın, onun pulu lazım deyil. Ataları analarından ayrılıb onlardan yox. Onlar anadan olandan orada qeydiyyatda olmuşlar və bu günədək orada yaşayırlar və oradan çıxmaq da istəmirlər. Cavabdeh iddia ərizəsində belə göstərməyib ki, onları nə səbəbdən evdən çıxarmaq istəyir. Onların həddi buluğa çatmayan 2011-ci il təvəllüdlü Mehdi adında qardaşları var. Onlar qeydiyyatda olduqlarından kompensasiya ödəməyi qərara alıb. Dəfələrlə deyib ki, o, da həddi buluğa çatsın ona heç nə vermədən evdən çıxardacaq. Qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bu məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar. Belə ki, mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Həmçinin məhkəmə təcrübəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilən şəxsin maddi imkanlarını nəzərə alaraq 3 illik müddət müəyyən edir və kompensasiya müəyyənləşdirir. Bu zaman yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmaqla aşağıdakı məsələlər barədə nəticə çıxarılmalıdır: evdən istifadə etmək hüququ olan şəxslərin sayı; evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə mənsub olması kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması yaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği. Yuxarıda qeyd olunan məsələləri müəyyənləşdirdikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməklə məhkəmə kompensasiya müəyyən etməlidir. İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə və digər halda onlar üç övlad olaraq 1 otaqla onları təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin müdafiə edərək, cavabdehler Cavabdeh1 15000 manat, Cavabdeh2 15000 manat kompensasiya ödənilməklə, X1 ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X6 yetkinlik yaşına çatmadığından qətnamə ilə anasının yanında saxlanılmışdır. Təqdim olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilmişdir. Həsənova Xəyalə faktiki olaraq da azyaşlı oğlu X6 ilə qeyd olunan mənzildə yaşamırlar. Belə olan halda uşağın yaşayış yeri anasının yaşayış yeri sayılır ona görə ona kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini, həmçinin bacısı Nuray işdə olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin onun da iddia tələbini qəbul etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və X2 qanuni nümayəndəsi X7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və X2 qanuni nümayəndəsi X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28-05301-093133 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 39 saylı evin, 11 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, X6 Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 39 saylı evin, 11 saylı mənzilində qeydiyyatdadırlar. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ 3 (üç) il müddətinə saxlanılmaqla xitam verilməsi və X5 həmin tarixdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh X5 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 03 il müddətə istifadə hüququ saxlanılması və müddətin əvvəlinin qətnamənin qəbul edildiyi tarixdən hesablanması, qətnamənin xx.xx.2023-cü il tarixdə icra edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1923/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “X5, Cavabdeh2, Cavabdeh1 və X2 ünvan 3 ünvanına yaşayış sahəsinə istifadə hüquqlarının 2002-ci il tarixdən tanınması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2672/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə X8 аrаsındа 28 dekabr 2002-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 795 № ilə qеyd edilmiş nikahın pozulması, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2, xx xxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 və 05 sentyabr 2011-ci il təvəllüdlü X2 anaları X5 himayəsində saxlanılması, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2, xx xxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 və 05 sentyabr 2011-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün İddiaçı 18 iyul 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. - “X10 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli YDQM 007- 150/2023 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 39 saylı evin, 11 saylı mənzilin bazar dəyəri 111000 manat, aylıq kirayə haqqı 390 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 39 saylı evin, 11 saylı mənzili İddiaçı tam pay haqqı ilə xüsusi mülkiyyətindədir, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ 3 ( üç) il müddətinə saxlanılmaqla xitam verilməsi və X5 həmin tarixdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh X5 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 03 il müddətə istifadə hüququ saxlanılması və müddətin əvvəlinin qətnamənin qəbul edildiyi tarixdən hesablanması, qətnamənin xx.xx.2023-cü il tarixdə icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1923/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 882/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2672/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 аrаsındа 28 dekabr 2002-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 795 № ilə qеyd edilmiş nikahın pozulması, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2, xx xxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 və 05 sentyabr 2011-ci il təvəllüdlü X6 anaları X5 himayəsində saxlanılması, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2, xx xxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 və 05 sentyabr 2011-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün İddiaçı 18 iyul 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehler Cavabdeh1 15000 manat, Cavabdeh2 15000 manat kompensasiya ödənilməklə, X1 ödənilmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, mübahisəli mənzil xx.xx.2016-cı il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Göründüyü kimi İddiaçı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ var. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2672/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X8 аrаsındа 28 dekabr 2002-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 795 № ilə qеyd edilmiş nikahın pozulması, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2, xx xxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 və 05 sentyabr 2011-ci il təvəllüdlü X6 anaları X5 himayəsində saxlanılması qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1923/2021 saylı qətnaməsindən görünür ki, “Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, 11 saylı mənzil İddiaçı 2016-cı il tarixdə atası tərəfindən bağışlanmış, İddiaçı mülkiyyətinə keçdikdən sonra X5 həmin mənzilə qüvvədən olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən iddiaçının ailə üzvü kimi istifadə hüququ yaranmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından X5 həmin mənzildə istifadə hüququ saxlanmamış, istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmiş, lakin, onun 2002-ci ildən həmin mənzildə yaşamasını və üç azyaşlı uşağı ilə birlikdə başqa yaşayış yerinin olmamasını nəzərə alaraq həmin mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanması qərarına gəlmişdir. Beləliklə, qanuni qüvvəsini almış qətnamələrdən də görünür ki, iddiaçı X5 Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, 11 saylı mənzildə istifadə hüququ saxlanmamış, istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir”. Göründüyü kimi cavabdehlər analarının yanında saxlanıldığından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən onların yaşayış yeri analarının yaşayış yeri sayılır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 artıq yetkinlik yaşına çatmışlar və analarından ayrı yaşayırlar. Həmçinin iddiaçılar hər birinə 15000 manat kompensasiya təklifini qəbul edirlər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 15000 manat və Cavabdeh1 15000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəisindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdehlər 3 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan kimi qəbul edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, həmin ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini özünün mülkiyyət, cavabdehlərin isə istifadə hüququnu nəzərə almışdır və 15000 manat kompensasiya təklif etmişdir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 15000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Cavabdeh X6 isə yetkinlik yaşına çatmadığından onun yaşayış yeri anasının yaşayış yeri müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin anası (X8) mübahisəli mənzildə yaşamır. Bu səbəbdən yetkinlik yaşına çatmamış X1 ödəniləmədən istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 15000 manat və Cavabdeh2 15000 manat kompensasiya ödənilməklə, X1 ödənilmədən Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 39 saylı evin, 11 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşməsində dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 15000 manat və Cavabdeh2 15000 manat kompensasiya ödənilməklə, X1 ödənilmədən Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 39 saylı evin, 11 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar