Məhkəmə qərarları › İş №e-2(007)-2102/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2102/2024

03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2102/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X19 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamının atası X9 aid olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, ünvan 1 ünvan: Dövlət Reyestrində qeydə alınan zaman verilir) bir neçə şəxsə, o cümlədən atası X9 torpaq sahəsinin ayrılması və həmin sahədə fərdi yaşayış evinin tikilməsi ilə bağlı Sərəncam verilmişdir. Sərəncama əsasən atası qeyd olunan ünvanda yerləşən torpaq sahəsində həmin vaxtdan tikililər tikmiş və həmin tikililər bu günə kimi onların istifadəsindədir. Atasının sağlığında o, bacı və qardaşları azyaşlı olmuşlar, bu səbəbdən həmin torpağa olan Sərəncamı və digər sənədləri atası saxlayırdı. 2002-ci ilin 10 aprelində atasının qəfil vəfatından 6 ay keçdikdən sonra oktyabr ayında atasından miras qalmış mənzli varislərin razılığı ilə anasının adına qəbul edildi. Lakin qeyd etdiyi ünvanda yerləşən torpağa dair olan Sərancam tapılmadığı üçün miras qalmış torpağı miras əmlakı kimi qəbul edə bilməmişlər. Bununla əlaqədar 2003-ci ilin əvvəllərində Maraqlı şəxs1nə qeyd olunan torpağa dair verilmiş Sərəncamın təsdiqlənmiş surətinin və ya nüsxəsinin onlara verilməsi ilə bağlı müraciət etmişlər. Xətai Rayon İcra Hakimiyyətinin ümumi şöbəsi tərəfindən Sərəncamın verildiyi tarixdən 6 il keçdiyini bildirilərək, Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyət orqanlarında sənədlərin, o cümlədən Sərəncamlar daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər 5 il müddətində daxili arxivlərində mühafizə olunduğu, bundan sonra Milli Arxiv Fonduna təhvil verildiyi üçün Bakı şəhəri Arxiv İdarəsinə müraciət etmələri tövsiyə olundu. Bununla əlaqədar, Bakı şəhəri Arxiv İdarəsinə qeyd olunan Sərəncamın nüsxəsinin və ya sərəncamdan çıxarışın verilməsi barədə müraciət etmişdir. Arxivdən sərəncamın əsli və ya surəti, bunlar olmadıqda heç olmasa Sərənamın tarixi və nömrəsi barədə məlumatın verilməsinin zəruri olduğu, həmən məlumatlar olmadığı təqdirdə milyonlarla sənədlərin içərisindən onlara aid olan sənədin tapılmasının mümkünsüz olduğu bildirildi. Sərəncamın əsli və ya surəti, tarixi barədə bizdə dəqiq məlumatın olmaması səbəbindən sənədin axtarışını dayandırmışlar. Kiçik qardaşı 2023-cü ilin yayında evində yenidənqurma və təmir işləri apararkən həmin sərəncamın surətini tapmışdır. Bununla əlaqədar xx.xx.2023cü il tarixində Sərəncamın surəti arxivdən çıxarışının verilməsi üçün 7 saylı Bakı ASAN xidmət mərkəzi vasitəsi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təqdim etmişlər. Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeyd etdiyi Sərəncamdan çıxarış verildi. Sərəncamdan verilmiş çıxarışa nəzər yetirdikdə atasının ata adının düzgün yazılmadığı, belə ki, atasının ata adının Hacı olduğu halda Mir-Əziz yazıldığı məlum oldu. Həmin səhvin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilən Sərəncamında qeyd olunduğu üçün arxivdən çıxarışı sərəncama uyğun verilmişdir. Sərəncamda yazılan və ona uyğun verilən çıxarışda qeyd olunan səhv yazılışın aradan qaldırılması barədə Xətai İcra Hakimiyyətinə etdiyim müraciətə - 5 ildən sonra sənədlər arxivə təhvil verildiyi üçün düzəlişi təsdiq edə bilməyəcəkləri, arxiv idarəsinə etdiyim müraciətə isə idarənin məsul şəxsi tərəfindən - səhv yazılışın düzəldilməsinin onların sələhiyyətlərinə aid olmadığı bildirildi. Bu səbəbdən də bu günə kimi 2002-ci il tarixdən atasından qalan torpaq sahəsi və üzərindəki tikililən əmlakın qeydiyyata alınması və varislər tərəfindən miras əmlakın qəbul edilməsi mümkün olmamışdır. İşə baxılması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək əlavə olaraq izahatlarında bildirmişdir ki, X9 torpaq sahəsi ayrılmışdır, sonuncu çıxarış almadan ev tikib, geniş bir ərazi olub, torpaq sahəsinin bir hissəsini icarəyə verib, bir hissəsində isə özü yaşayıb. 2002-ci ildə X14 vəfat edib, ondan sonra sələfləri sənədi tapa bilməyiblər ki, vərəsəliyi qəbul etsinlər. Uzun müddət torpaq sahəsinin sənədlərini düzəldə bilməyiblər, çıxarış əldə edə bilməyiblər, buna görə də miras əmlakı öz aralarında bölə bilmirlər. 2023-cü ildə təsadüfən sənədlər tapılıb. Sənədlər tapılan zaman isə sərəncamın surəti olub. Ərizəçi, sonuncunun bacısı və anası vərəsədirlər. Aralarında əmlakla bağlı mübahisə yoxdur. Ərizəçi istəyir ki, qanuni çıxarış alsınlar. Ünvanın adı dəyişib, sonda ünvan Oqtay Vəliyev küçəsi olub, bununla bağlı arayış təqdim edə bilərlər. Xətai Rayon İcra Hakimiyyəti bildirir ki, sənədlər arxivdədir, eyni zamanda müddət ötürülüb. Lakin məhkəmə qətnaməsi ilə məsələnin həll edilə biləcəyini bildirmişlər. Onlar arxivdən sənədləri alıb təqdim etmişlər. Şəxsin adı el arasında “Mirəziz” olaraq bilinmiş, ona görə də sərəncamda həmin formada yazılıb. Həmin şəxs “Mirəziz” olaraq tanıyıb bilinmişdir, hansı ki, məhkəmə iclasında şahidlər də bunu təsdiq etmişlər. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi həm qohumu, həm də qonşusudur. O, ərizəçinin atasını, babasını, qardaşını da tanıyır. Babasını el arasında Mirəziz kimi tanıyırdılar. Hətta baş daşında da adı Mirəziz kimi qeyd olunub. Nəvəsinə də onun adını veriblər. Amma sənəddə adı Hacı olub. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Babasını da tanımışdır, ərizəçinin babası seyid olduğu üçün “Mirəziz” deyilmişdir. Onun özü isə həmin şəxsi “Ağa” kimi çağırmışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamının və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 3 ünvanında X10, X2, X11, Şahtaxtinski Hidayətə və X4 hər birinə 0.04 ha torpaq sahəsinin ayrılması və həmin sahədə fərdi yaşayış evinin tikilməsi ilə bağlı Sərəncam verilmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının aparatının memarı Ə.Məmmədovun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətdə Xətai rayonu, Zakir Yusifov küçəsində atası X9 fərdi yaşayış evinin tikintisinə dair Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 233 saylı sərəncamda ata adının düzgün yazılmadığını bildirərək sərəncamda düzəliş edilməsini xahiş etmişdir. Ərizədə qaldırılmış məsələnin prosessual müddəti ötürüldüyü üçün ərizənin təmin edilməsinin mümkün olmaması bildirilmiş və aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi ərizəçiyə tövsiyə olunmuşdur. - 001581 nömrəli enerji alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında X14 ilə enerji alqı-satqısına dair müqavilə bağlanmışdır. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti MKTB-nin 101 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 332 nömrəli arayışdan görünür ki, 101 saylı MKİS-in inzibati ərazi dairəsində yerləşən Z.Yusifov küçəsi əvvəllər Sosialist küçəsi kimi adlanıb. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli sorğuya cavabından görünür ki, ünvan 5 ünvanında X7 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər VVADQ şöbəsi tərəfindən verilmiş nikah qeydi haqqında kitabın 23-cü səhifəsindən çıxarışın surətindən görünür ki, 1940-cı il təvəllüdlü X14 və 1959-cu il təvəllüdlü X3 nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. - AZ-İ seriyalı 147605 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci ildə ölmüşdür. Bu barədə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.2002-ci ildə 516 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin mərhum atası X7 ata adı- Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 233 nömrəli “Bağın icarəyə verilməsi haqqında” sərəncamında “X5” kimi qeyd edilmişdir. Ərizəçi bununla bağlı maraqlı şəxsə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçiyə zəruri sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla, o cümlədən şahid ifadələri ilə də təsdiq edilir, ona görə ərizə təmin edilməli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 233 nömrəli Sərəncamın ona aid hissədə X9 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 233 nömrəli Sərəncamın ona aid hissədə X9 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar