Məhkəmə qərarları › İş №e-2(007)-2116/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2116/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2116/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC ilə bağlanmış 17 yanvar 2024-cü il tarixli AZL-1615 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini və Cavabdeh 17 yanvar 2024cü il tarixli AZL-1615 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2024-cü il tarixə 476.89 manat gecikdirilmiş əsas, 453.88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 378.51 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Khazar LD” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6080.42 manat məbləğində pulun, ümumilikdə 7389.20 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2024-cü il tarixli AZL-1615 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı, NVAW21HHFRSA51192 ban, ağ rəngli avtomobil 19120 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.14 manat, ümumilikdə isə 25327 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 aprel 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6080.42 manat dəyərində ziyan dəymişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2024-cü il tarixə 476.89 manat gecikdirilmiş əsas, 453.38 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 378.38 manat dəbbə pulu, cəmi 1308.78 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

4. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

6. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

9. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki mübahisənin tərəfləri arasında bağlanmış lizinq müqaviləsinin hər iki tərəfi sahibkarlıq subyektidir.

10. Belə ki, müqavilənin bir tərəfi kommersiya hüquqi şəxsi oub, onun sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması şübhə doğurmur.

11. Digər tərəf-Cavabdeh isə “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilən sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, sahibkarlıq subyektidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaq, yəni sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə kommersiya hüquqi şəxsi olan İddiaçı MMC ilə lizinq müqaviləsi bağlamışdır.

12. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hazırki mübahisə müqavilə münasibətlərindən irəli gələn mahiyyət etibarı ilə iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan hazırki iddiaya ümumi məhkəmədə baxıla bilməz.

13. Bu səbəbdən, mülki prossesual qanunvericiliyə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

14. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür.

15. Məhkəmə ilk növbədə mübahisəyə baxmalı olan səlahiyyətli məhkəmə olubolmadığını aydınlaşdırmalı olduğundan iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul etmişdir.

Nəticə :

16. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia müqavilə münasibətlərindən irəli gələn iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki iddiaya ümumi məhkəmədə baxıla bilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

17. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı MMC VÖEN: **********; qəbzin nömrəsi: **********; Büdcə təsnifat kodu: 14221103 tarix: xx.xx.2024, saat: 16:16) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı MMC VÖEN: **********; qəbzin nömrəsi: **********; Büdcə təsnifat kodu: 14221103 tarix: xx.xx.2024, saat: 16:16) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar