Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2131/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2100 manat məbləğində borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının qanunvericliyi ilə təsis edilib və öz Nizamnaməsinə əsasən fəaliyyat göstərən, Direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 şəxsində təmsil olunan "xxxx" QSC ilə Cavabdeh1 arasında 13 iyun 2022-ci il tarixli 102 nömrəli alğı-satqı müqaviləsi imzalanıb. Həmin alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları çatdırılma qaydasında və müddətdə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malları hazırki müqavilədə nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürüb. Müqavilənin 3-cü bəndinə əsasən sifariş verilmiş malların dəyərinin 700 (yeddi yüz) AZN məbləği avans olaraq alıcı tərəfindən satıcıya ödənilib, müqavilə üzrə sifariş verilmiş malların dəyərinin qalan 3100 (üç min bir yüz) AZN məbləğ müvafiq sənədlər əsasında təhvil-təslim olunduqdan sonra 150 (bir yüzəlli) təqvim günü müddətində alıcı tərəfindən satıcıya ödənilməsi razılaşdırılıb. xx.xx.2022-ci il təhvil-təslim aktını cavabdeh (alıcının) adından qohumu Cavabdeh2 imzalayıb və malı təhvil alıb. Lakin cavabdehlər malları öz aralarında bölüşdürdükdən sonra cəmi 1000 manat ödədikdəın sonra qalıq 2100 manatı ödməyiblər. Belə ki, tərəflərindən Cavabdeh2 vəkil olduğu bilinəndən sonra və yazı stolu və kreslonun (yazı dəstinin) onun tərəfindən xidməti iş otağına aparılmasını müəyyən etdikdən sonra onun barəsində Vəkillər Kollegiyasına şikayət ünvanlanıb. Vəkillər Kollegiyasının xx.xx.2023-cü il cavab məktubunda “araşdırma zamanı vəkil Cavabdeh2 müraciətdə göstərdikləri təkzib edərək bildirib ki, Cavabdeh1 adlı qohumu tərəfindən müqavilə əsasında şirkətlərindən alınmış mebellər təhvil verilən zaman özü ofisdə olmadığından mebellən onun əvəzindən qəbul edərək təhvil-təslim aktını imzalasa da, nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməməsindən və digər şərtlərdən xəbərdar olmaması” qeyd edilib. Müqaviləyə uyğun olaraq iddiaçı müxtəlif tarixlərdə qaimə faktura əsasında malları cavabdehə təhvil verib, lakin cavabdeh (alıcı) 13 iyun 2022-cü il tarixli 102 nömrəli alğı-satqı müqaviləsi üzrə öhdəliklərini qismən yerinə yetirib. Belə ki, iddiaçının müqavilədə nəzərdə tutulan malları cavabdehə təhvil verməsi xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir. Lakin cavabdehin müqavilə öhdəliklərini müqavilədə nəzərdə tutulan müddətdə və qaydada tam icra etməsi təsdiq edilmir. Cavabdehlərdən Cavabdeh2 3100 manat borcun 1000 manatını ödəyib. Səs yazısı ilə mebelin bir hissəsini öz tələbatı üçün təhvil alıb istifadəsini qeyd edib, qalan 2100 manatı müqavilə üzrə nəzərdə tutulan müddətdə ödənilməmişdir. Dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb edilməsinə baxmayaraq, müsbət nəticə əldə edilməyib. Buna görə də hazırda həmin borc müqaviləsinə əsasən borcun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranıb. İddiaçı ilə cavabdeh İlqar Əliyev arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olub, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliklərə əməl edib, cavabdeh isə öhdəliyi qismən icra edib, nəticədə iddiaçıya ödəməli olduğu məbləğ vardır. Lakin cavabdehlər malların ödənişini bir-birilərinin üstlərinə atmaqla faktiki olaraq müştərək qaydada məsuliyyətləri yarananıb. Malları tam olaraq Cavabdeh2 təhvil alİB, pulun ödənilməsni öhdəliyini isə İlqar Əliyev öz üzərinə götürüb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, alğı-satqı müqaviləsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılıb. Lakin mebelləri Cavabdeh2 təhvil alıb və təhvil-təslim aktına imza çəkib. Mebellərin bir hissəsi Cavabdeh2 ofisində yerləşir. Cavabdeh2 da mebellərin onun istifadəsində olmasını inkar etməz. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, cavabdeh olmağı ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə və ya məhkəmə iclasında hər hansı mötəbər sübut təqdim olunmayıb. O, Vəkillər Kollegiyasına üzv seçildikdən sonra qayını Cavabdeh1 ilə birlikdə ofis icarəyə götürüblər, hər birisi öz işlərinə uyğun fəaliyyət göstərəcəkdilər və mebel almaq qərarına gəliblər. Həmin vaxt yeni fəaliyyətə başladığı və maddi imkanı aşağı olduğu üçün qayını İddiaçı dükanından mebel götürməyi təklif edib. Özü də mebel seçimində iştirak edib. Müqavilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə qayını Cavabdeh1 arasında bağlanılıb. Mebelləri o təhvil alıb və təhvil-təslim aktına imza çəkib. Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən ona aid hissənin pulunu Cavabdeh1 ödəyib. Cavabdeh1 özü də bunu etiraf edər. Çünki müqavilə Cavabdeh1 adına idi, ödəniş də onun adından olmalı idi. Cavabdeh1 həmin pulu İddiaçıə ödəməyib, onun da bundan məlumatı olmayıb. İddiaçının nümayəndəsi işlədiyi ofisə gəlib, o, həmin şəxsə də öz üzərinə düşən hissənin ödənişini Cavabdeh1 ödədiyini bildirib. Əlavə 1000 manat da tərəfindən ödənilib. Qalan məbləği Cavabdeh1 ödəməli olduğunu bildirib. 700 manat avansın 400 manat məbləğini o, 300 manat məbləğini isə Cavabdeh1 ödəyib. Mebellərdən ofis stolu, kreslo, arxasında şkaflar onun istifadəsindədir və onların da dəyəri təxminən 2700-2800 manat olar. Həmin mebelləri bu gün də o istifadə edir. Mebellərin 1000 manat dəyərində olan hissəsi isə Cavabdeh1 istifadəsindədir. Cavabdeh1 1000 manatdan 300 manat məbləği ödəyib. O, Cavabdeh1 2800 manat pul verib ki, İddiaçıə ödəniş etsin. 2800 manatı birdəfəlik deyil, müxtəlif vaxtlarda, yəni iki dəfə 500 manat, bir dəfə isə 800 manat olmaqla Cavabdeh1 pul verib. Mebelin ümumi dəyəri 3800 manat idi, 700 manat ilkin ödəniş ediblər. Mebelin dəyərinin əsas hissəsi onun istifadə etdiyi mebellərdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməyib. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayıb. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 102 saylı müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən kredit yolu ilə 700 manat avans ödəniş etməklə, qalan 3100 manatını müvafiq sənədlər əsasında təhvil-təslim olduqdan sonra 150 təqvim günü müddətində İddiaçı QSC-yə ödəmək şərti ilə əşyalar almışdır. Cavabdeh1 müqaviləyə müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli məxaric qaiməsindən görünür ki, Cavabdeh2 “9 ədəd kreslo veb, 2 ədəd müsafir kreslo, 1 ədəd rəhbər kreslo, 2 ədəd müsafir kreslo, 1 ədəd bej rəngli office chairs, Wn1516A LC20, 1 dəst rəhbər dəsti” adlı əşyaları təhvil almışdır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə 41 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 3800 manat məbləğində əşya almışdır. Cavabdeh1 müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin bağlandıqdan sonra xx.xx.2022-ci tarixdə də müqavilənin predmeti olan əşyalar Cavabdeh2 İddiaçı QSC-dən təhvil almışdır. Əmlakları dəyəri kimi 700 manat (ilkin ödəniş) və 1000 manat (müqavilə bağlandıqdan sonra) ödəniş edilmişdir. Hazırda müqavilənin predmeti olan əşyalar cavabdehlər arasında bölünməklə onların istifadəsindədir. Məhkəmə qeyd edir ki, adı çəkilən müqavilənin subyektləri İddiaçı QAC ilə Cavabdeh1 olmuş və sonuncu alınan əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında Cavabdeh2 izahatında təxminən 2800 manat dəyərində olan əşyaların hazırda onun istifadəsində olduğunu, lakin istifadəsində olan əşyaların dəyərinin iddiaçıya ödənilməsi üçün Cavabdeh1 verdiyini qeyd etsə də, edilmiş ödənişlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə üzrə alıcı kimi Cavabdeh1 qeyd edilməsinə baxmayaraq, mallar Cavabdeh2 tərəfindən alındığı və əşyaların cavabdehlərin istifadəsində olması halı öz təsdiqini tapdığından cavabehlər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdehlər alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdehlər müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2100 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2100 manat məbləğində borc və ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2131/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2131/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver