Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2178/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 16:30-da Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh2 məxsus və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobillə X5 tərəfindən idarə olunan “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP4203885 nömrəli Qərara əsasən, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobilə 5395 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iş üzrə 1581 nömrəli sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X3 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehlərə pretenziya məktubları göndərilsə də, bugünədək Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə və cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 5000 manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddələrinə uyğun olaraq cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də, zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Şirkətin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün Şirkət tərəfindən məhkəməyə müraciət edilməsinə əsas yaranmışdır. Qeyd edilənlərə əsasən Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 (yetmiş manat, 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 5070,40 (beş min yetmiş manat, 40 qəpik) manat vəsaitin tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirərək, təqdim etdikləri sübutlar əsasında işə iştirakları olmadan baxılmasını və cavabdehlərdən birgə qaydada iddiaçıya olan borcun tutularaq şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixində saat 15:30-da “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur; -Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən Cavabdeh1 xx.xx.2021-ci il tarixində saat 15:30-da “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il saat 13:18:22-dən xx.xx.2022-ci il saat 13:18:22-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 1581 nömrəli sığorta aktından görünür ki, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadan idarə edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 5000 manat müəyyən edilmişdir; - “AzərSığorta”nin xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 5395 manat təşkil edir; - 09.0.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta aktına əsasən 5000 manat sığorta ödənişi mülkiyyətçi X2 hesabına köçürülmüşdür; - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, şirkət həyata keçirilən 5000 manat sığorta ödənişini ödəməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar; - AD seriyalı 907770 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X4r; - AC seriyalı 654562 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi Cavabdeh2dur; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 70 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. - Cavabdeh1 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən, xx.xx.2021-ci il tarixdə saat 16:30-da Təbriz küçəsində hərəkət edib işıqforun yaşıl işığında sola Dəmirçizadəyə dönərkən qarşıdan gələn “TOYOTA RAV- 4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu etiraf etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobill mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il saat 13:18:22-dən xx.xx.2022-ci il saat 13:18:22-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 16:30-da həmin avtomobili idarə edərkən “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun barəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. “AzərSığorta”nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 5395 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 1581 nömrəli sığorta aktına əsasən sığortalı “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadan idarə edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə toqquşduğu “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 5000 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən zərərçəkən şəxsə ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan, mülkiyyətçinin avtomobilə dair onun adına etibarnaməsi olmadan idarə etdiyi və iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmış “LEXUS LX570 MİNİK” markalı, 90SH505 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə “TOYOTA RAV-4 MİNİK” markalı, 99OT209 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, qüsur aktına əsasən maddi ziyanın və ödəniləcək sığorta məbləğinin həcmi 5000 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ zərərçəkənin hesabına ödənilmişdir. Bununla da, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrində nəzərdə tutulan qaydada cavabdehlərdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Cavabdehlər isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin həyata keçirdiyi 5000 manat sığorta ödənişinin və 70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin həyata keçirdiyi 5000 manat sığorta ödənişinin və 70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2178/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2178/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver