Məhkəmə qərarları › İş №e-2(007)-2224/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2224/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2224/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı QSC (VÖEN: **********) Cavabdeh MMC-yə (VÖEN:**********) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 MMC-dən MBH/2021/019 saylı, 08 aprel 2021-ci il tarixli Alğı-satqı müqaviləsinə, xx.xx.2021-ci il tarixli, 796433 saylı elektron qaiməyə və xx.xx.2021-ci il tarixli, 923501 saylı elektron qaiməyə əsasən çatdırılan malların dəyəri olan 9 322,00 AZN, bu ödənişlərə əlavə olaraq Müqavilənin 6.9.3-cü bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə dəbbə pulunun məbləği 331,40 AZN, iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 110,00 AZN mediasiya xərci, ümumilikdə 9763,40 AZN, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq General Supply QSC-nin xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Ona görə də aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi ilə, İddiaçı QSC Cavabdeh MMC-dən pul tələb edir. İddia ərizəsindən görünür ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranmışdır. Belə ki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Hazırki mübahisə də, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarın 3-cü bəndindən görünür ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bəle olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydalarının pozulduğu aşkar olunduğundan, aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 32, 34-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair 2(007)-2224/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar