Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2239/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat məbləğində vurulmuş zərər və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2239/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi" tələbinə dair e-2(007)-2239/2024 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6 Prado” markalı, ** NB *** (sonradan dövlət nömrə nişanı ** DL ***) dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 06-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “X6 Prado” markalı, ** DL *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, B.Çobanzadə küçəsində “Chevrolet Cruze” markalı, ** VE *** dövlət nömrə nişanlı və “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilnmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7402 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** VE *** dövlət nömrə nişanlı avtomobilə 600 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3708 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilə 2600 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 600 manat sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2600 manat sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir.
Tərəflərin izahatları:
4. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə (əlavə olaraq istifadələrində olan elektron kabinetlərə məlumat yerləşdirilmişdir) rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “X6 Prado” markalı, ** NB *** (sonradan dövlət nömrə nişanı ** DL ***) dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.
8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6 Prado” markalı, ** DL *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X4r.
9. PXA 99637 nömrəli sığorta aktının "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** VE *** dövlət nömrə nişanlı avtomobilə 600 manat məbləğində ziyan dəymişdir.
10. PXA 99638 nömrəli sığorta aktının "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilə 2600 manat məbləğində ziyan dəymişdir. İddiaçı
11. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilnmişdir.
12. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7402 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** VE *** dövlət nömrə nişanlı avtomobilə 600 manat məbləğində ziyan dəymişdir.
13. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3708 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilə 2600 manat məbləğində ziyan dəymişdir.
14. 30 noyabr 2021-ci il tarixli, xx/xx-0033 nömrəli pretenziya məktubunun surətindən görünür ki, “Xalq Sığorta" ASC tərəfindən həyata keçirilən 3200 AZN (iki yüz manat) sığorta ödənişi 7 iş günü ərzində "xxxx" ASC-yə ödəməsi xahiş edilmişdir. Əks halda "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəkdir və bununla bağlı bütün məhkəmə xərcləri ondan tutulacaqdır.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, 2021-ci il noyabrın 06-da Bakı şəhəri, B.Çobanzadə küçəsində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “X6 Prado” markalı, ** DL *** dövlət nömrə nişanlı avtomobillə “Chevrolet Cruze” markalı, ** VE *** dövlət nömrə nişanlı və “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** VE *** dövlət nömrə nişanlı avtomobilə 600 manat, “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilə 2600 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın məbləği iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 və X2 ödəmişdir. Hazırda iddiaçı Cavabdeh 3200 manat məbləğində vurulmuş zərər və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsini xahiş edir.
Tətbiq edilən hüquq:
16. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.
19. İş materiallarından görünür ki, “X6 Prado” markalı, ** NB *** (sonradan dövlət nömrə nişanı ** DL ***) dövlət nömrə nişanlı avtomobil X5 məxsus olmuş və yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu əsasdan sığorta şirkəti subroqasiya qaydasında iddia irəli sürmüşdür. Lakin nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini ehtiva etmir. Yalnız avtomobilin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan istismar edilməsi həmin maddənin təsiri altına düşə bilərdi.
20. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmədiyindən iddia tələbi təmin edilə bilməz.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
22. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova