Məhkəmə qərarları › İş №e-2(007)-2329/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2329/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2329/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 18 noyabr 2022-ci il tarixli, 69 579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2237 manat məbləğində pulun və 43.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 18 noyabr 2022-ci il tarixli, 69579 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2987 manat dəyərindən “TV Samsung UE70AU7100UX” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun dəyərinin 300 manat hissəsini ilkin ödəniş etməklə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 18 noyabr 2022-ci il tarixli, 69 579 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 69579 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “TV Samsung UE70AU7100UX” markalı televizor verilməsi, cavabdeh tərəfindən müqaviənin İİİ bəndində göstərilən formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, 69 579 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq ilkin ödəniş 250 manat, hər ayın 18-dən gec olmayaraq 18 ay müddətində hər ay 152 manat olmaqla, cəmi 2987 manat ödəniş etməlidir.

5. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 69579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləği 2237 manat təşkil edir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-cü il tarixli, 137 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə, xx.xx.2025-ci il tarixinə 2237 manat borcu yaranmışdır. 3 iş günü müddətində yuxarıda göstərilən məbləği ödəməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir.

7. İş materiallarına əlavə edilmiş hesab üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş edilmişdir.

8. xx.xx.2025-ci il tarixli **********83 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 43 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

58. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

17. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək ilkin ödəniş olaraq 250 manat ödəniş etməklə, hər ay 152 manat ödəmək şərti ilə ümumi dəyəri 2987 manat olan “TV Samsung” markalı televizor almışdır.

18. İş materiallarından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

19. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarışa əsasən müəyyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi 750 manat ödəniş etmiş, qalıq borc məbləği 2237 manat təşkil edir.

20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4m).

21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 2237 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

Məhkəmə Xərcləri :

22. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə İddiaçı MMC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2022-ci il tarixli, 69 579 nömrəli müqavilə üzrə 2237 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 69 579 nömrəli müqavilə üzrə 2237 manat əsas borc və 43 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar