Məhkəmə qərarları › İş №e-2(007)-2396/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2396/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2396/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir; 152.1.3-cü maddəsinə əsasən əgər əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə cavabdehə dair məlumatların yoxlanılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qeydiyyat ünvanı Salyan rayonu, Gomuşlu kəndidir. Mülki qanunvericiliyə görə, fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. Göründüyü kimi, cavabdehlərin Bakı şəhəri Nizami rayonunun ərazisində qeydiyyatda olmasına dair məlumatlar mövcud deyil, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir. O cümlədən iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsi ilə dairəsi müəyyən edilmiş hallar da müəyyən edilməmişdir. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh (VÖEN: **********, Heyvanlar üçün X1) fərdi sahibkardır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 440 kisə texniki kükürd almışdır. Belə olan halda, tərəflər arasındaki mübahisənin, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranması halı istisna olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, hazırkı qərardad iddiaçının ödədiyi 50 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Bu qərardad mülki iş üzrə iddia ərizəsinə görə İddiaçı MMC tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun (İddiaçı MMC, VÖEN **********, mədaxil qəbzinin nömrəsi **********10, Tarix: xx.xx.2025, saat 09:27:46) dövlət büdcəsindən qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar