Məhkəmə qərarları › İş №e-2(007)-2405/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2405/2025

10.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2405/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1030,33 (min otuz manat otuz üç) borcun (abonent kodu: **********790) və 30,34 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair dair e-2(007)-2405/2025 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********790) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 (dörd) nəfər olmaqla normativ qaydada hesablanıb. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-cü il tarixinə 1030.33 (min otuz manat otuz üç) borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu, xx.xx.2025-ci il tarixdə isə poçt vasitəsi ilə ödənişin təmin edilməsi məqsədi ilə xəbərdarlıq göndərilib, lakin cavabdeh borcun ödənilməsinı təmin etməyib. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilib.

İş materialları:

4. Abonent kartından görünür ki, abonent Cavabdeh ilə ünvan 1 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.2021-ci il tarixdə 44241310 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh 2021-2025-ci illər ərzində hər hansı ödəniş aparmamış, 2025-ci ilin fevral ayına 1030,33 manat borcu yaranmışdır, xx.xx.2021-ci ildə 155,33 manat (akt üzrə) borc müəyyən edilmişdir;

5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, su və kanalizasiya xidmətlərindən istifadəyə görə son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun ödənilməsi, əks halda su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılacağı, borcun və digər xərclərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur;

6. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 078827 nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanında araşdırma zamanı ünvana baxış keçirilib, məlum olub ki, Cavabdeh məxsus evdə müqaviləsiz sudan istifadə olunur. Su təchizatı və kanalizasiyaya görə hesabatın verilməsi məqsədəuyğundur.

7. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,34 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

8. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iştirakı olmadan işə baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, iddia tələbini qəbul edir. 1030,33 manat borcu iddiaçıya ödəməyə razıdır. Etirafın nəticələri ona aydındır.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 idia tələbini müdafiə edib, izahat verərək bildirmişdir ki, cavabdehdən tələb olunan debitor borcudur. Cavabdehlə xx.xx.2021-ci il tarixdə xidmətlərin göstərilməsinə dair müqavilə bağlanıb. Müqavilə bağlanan tarixdə cavabdeh tərəfindən sudan qeyri-qanuni, özbaşına istifadə etməsi aşkar olunub. Bu fakt aşkar edildikdən sonra dəymiş ziyan aktı tərtib olunub. xx.xx.2021-ci il tarixdə tərtib olunmuş dəymiş ziyan aktı bir il müddətinə hesablanıb. Tarif Şurasının 03 yanvar 2021-ci il tarixli qərarı ilə suyun tarif qiymətləri dəyişib. Həmin dövrdə tərtib olunmuş aktda 240 m3 dəymiş ziyan hesablanıb. Bu Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş sudan istifadə Qaydalarında əksini tapır. 155 manat hesablanıb. Çünki yanvar ayından əvvəl istifadə etdiyi üçün 240 m3, əvvəllər suyun dəyərinə görə 35 qəpik, çirkab sularının dəyərinə görə 15 qəpik, cəmi 50 qəpik olub. Elektron informasiya sistemi tərəfindən xx.xx.2021-ci il tarixdə ümumilikdə 155 manat hesablanıb. Cavabdehin ümumi yekun borcu 2021-ci ildə 290 manat 33 qəpik, 2022-ci ildə 238 manat, 2023-cü ildə 244 manat, 2025-ci ildə isə 30 manat 33 qəpik borcu olub. Təqdim olunan arayışlara əsasən ailə tərkibi dörd nəfərdən hesablanıb. Tarif Şurasının qərarı ilə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq, normativ qaydada dörd nəfərdən 20 m3 ilə hesablanıb. Bu günədək cavabdeh tərəfindən heç bir ödəniş edilməyib.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın: 2.1.9.2-ci yarımbəndinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər.

16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

İşin faktiki halı:

17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 44241310 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh su və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, abonentin iddiaçıya borcu yaranmışdır. xx.xx.2025-ci il tarixində ''Azərsu'' ASC-in əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən iddiaçı Cavabdeh məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və müqaviləsiz sudan istifadə edilməsi səbəbi ilə 078827 nömrəli akt tərtib edilmiş və 155,33 manat borc məbləği hesablanmışdır. Cavabdeh göstərilən borcunu (debitor və qanunsuz qoşulma) ödəməmiş, hər ay borc məbləğinə görə verilən bildirişlərə və yazılı xəbərdarlığa baxmayaraq, müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu yaranmışdır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

19. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh (Abonent kodu: **********790) 1030,33 manat borc tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh (Abonent kodu: **********790) 1030,33 manat borc və ödənilmiş 30,34 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar