Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2450/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2020-ci il tarixli, QQK5992036 nömrəli borc müqaviləsinə (müqavilələrinə) əsasən 655 (altı yüz əlli beş) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olan 685 (altı yüz səksən beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2020-ci il tarixli, QQK5992036 nömrəli borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 1179 (bir min bir yüz yetmiş doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdeh müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 655 (altı yüz əlli beş) manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 655 (altı yüz əlli beş) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olan 685 (altı yüz səksən beş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QQK5992036 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 1179 manat dəyərində olan məişət avadanlığı verməyi, cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini ilkin ödəniş 99 manat olmaqla, qalan ödənişi ayda 72 manat ödəniş etməklə, 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə bitdikdən sonra) məbləğ üçün hər günə görə 1% faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.
4. xx.xx.2020-ci il tarixli, QQK5992036 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh “TV Led LG” adlı məhsulu qüsursuz almışdır.
5. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 655 manat əsas borcu vardır.
6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, QQK5992036 saylı, xx.xx.2020-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə həmin tarixə ümumilikdə 655 manat borcu olduğu və pretenziya məktubu ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 655 manat ödəməsi, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
7. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı MMC məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron sistem vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları
10. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2450/2025 saylı qərardadı ilə mülki işə iddia icraatında baxılması qərara alınmışdır.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı əks etdirən məhkəmə bildirişi Cavabdeh məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Cavabdehə məxsus olan elektron kabinetə məhkəmə bildirişi yerləşdirilsə də, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir.
12. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi :
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
16. İddiaçı cavabdehə qarşı 655 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbini cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanılması və həmin borc müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.
17. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
19. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, QQK5992036 nömrəli müqavilə borc müqaviləsi adlandırılmasına baxmayaraq həmin müqavilə mahiyyət etibarilə alqı-satqı müqaviləsidir. Belə ki, həmin müqaviləyə əsasən İddiaçı MMC məişət avadanlığını cavabdehə verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş müddət ərzində pulu ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanılan müqavilə “borc müqaviləsi” adlandırılsa da, tərəflərin iradəsi alqı-satqı münasibətlərinin yaranmasına yönəlmişdir. Odur ki, hazırda iş üzrə alqı-satqı müqaviləsinə dair müddəalar tətbiq edilməlidir(mülki hüquq münasibətinin 2023-cü il oktyabr ayının 1-dək yaranması nəzərə alınmaqla).
21. Mülki qanunvericiliyə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
22. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş 99 manat olmaqla, qalan ödəniş olaraq 1080 manat pul vəsaitini isə 15 ay müddətinə ayda 72 manat ödəmək şərtilə, cəmi 1179 manat dəyərində olan məişət avadanlığını satın almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4 m).
24. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 655 manat pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
Məhkəmə xərcləri :
25. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 655 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-212, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 655 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva