Məhkəmə qərarları › İş №e-2(007)-2480/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2480/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2480/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi, hadisə yerindən yayınma”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1030 (bir min otuz) manat pul vəsaitinin və 30.30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “VAZ 21150 minik” markalı 10RO496 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Q.Qarayev prospekti ərazisində 77BA316 dövlət qeydiyyat nişanlı “Hyundai İ30” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 327.2-ci və 327.6-cı maddəsi ilə TP ******* qərar yazılmışdır. Yolnəqliyyat hadisəsində zərərçəkən X1 idarə etdiyi “Hyundai İ30” markalı (77BA316) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC sığortaçı tərəfindən 1030 (bir min otuz) manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan "xxxx" ASC arasında “qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar” əsasında 1030 (bir min otuz) manat manat mübahisəsiz tutulmuşdur.

İş materialları :

3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnamə”sindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, PAZ********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında “VAZ 21150 minik” markalı 10RO496 dövlət qeydiyyat nişanlı, Ban nömrəsi XTA**********2554, mühərrik nömrəsi V-21083A0030349, istehsal tarixi 2006-cı il olan avtomobil sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

4. Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 01:30 dəqiqədə Bakı şəhərində toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh, mülkiyyətçisi Cavabdeh, avtonəqliyyat vasitəsinin markası “VAZ 21150 minik” markalı 10RO496-dır. Sürücü barədə başlanmış icraatın növü inzibati icraat və tarixi xx.xx.2023-cü ildir. Hadisə nəticəsində “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisi X4, sürücü isə X3 olmuşdur.

5. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 01:20-də Qara Qarayev prospekti ərazisində “VAZ 21150 minik” markalı 10RO496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur.

6. “İndividual Services” tərəfindən tərtib olunmuş yekun qüsur aktından görünür ki, “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə cəmi 1030 manat məbləğində ziyan dəymişdir.

7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş ZBT132318/23 nömrəli “yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktı”ndan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmış “VAZ 21150 minik” markalı 10RO496 qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, əmlaka dəyən zərər görə "xxxx" ASC tərəfindən X2 1030 manat məbləğində ödəniş həyəta keçirilmişdir.

8. İş materiallarına “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəkilləri əlavə edilmişdir.

9. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB18/1050 nömrəli “qiymətləndirmə hesabatı”ndan görünür ki, yolnəqliyyat hadisəsi zamanı 77BA316 dövlət qeydiyyat nişanlı “Hyundai İ30” markalı avtomobilin sahibinə real olaraq dəymiş ziyanın məbləği 880 manat təşkil edir. “İndividiual Services” tərəfindən verilmiş yekun qüsur aktında müəyyən edilmiş ehtiyyat hissəsinin dəyəri və görülən işlərin (dəmirçi, rəngsaz, armatur, plasmas, çilingər işləri) dəyəri qüsur aktı tərtib edilən zamankı bazar qiymətinə qismən uyğundur.

10. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30.30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobilə dəyən zərərin miqdarı çox yazılmışdır. Maşını yanından vurmuş, bu halda razvala ziyan dəyməsi qeyri-mümkündür. Bundan əlavə razvalın qiymətini 45 manat yazmışlar, halbuki sedan maşınlar üçün 15 manat, cip maşınları üçün isə 20 manatdır. Qüsur aktında bütün qiymətlər ikiqat yazılmışdır. Avtomobilin təmiri üçün maksimum 200 manat vəsait lazımdır.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

İşin faktiki halı :

17. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış Cavabdehnın idarə etdiyi “VAZ 21150 minik” markalı 10RO496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Hyundai İ30” minik markalı **-BA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

18. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinmiş, barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh hadisə yerindən yayınmaya görə təqsirli bilinmiş və barəsində qəbul edilmiş qərar tərəfindən mübahisələndirilməmiş, tətbiq edilən inzibati cərimə ödənilmişdir.

19. Hadisə nəticəsində “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" ASC tərəfindən qiymətləndirilərək 1030 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.

20. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB18/1050 saylı mütəxəssis rəyinə əsasən “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 880 manat təşkil etdiyi müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı olan “ödənilmiş sığorta ödənişi məbləğinin subroqasiya qaydasında geri qaytarılması” tələbini cavabdehin təqsirli hərəkətləri nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərə görə tərəflərindən ödənilmiş sığorta ödənişi məbləğinin cavabdeh hadisə yerindən yayındığına görə subroqasiya qaydasında ondan tutulmalı olması ilə əsaslandırmışdır.

23. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (MM 936.1m).

24. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1).

25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixdə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış Cavabdeh idarə etdiyi “VAZ 21150 minik” markalı 10RO496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə nəticəsində “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" ASC tərəfindən qiymətləndirilərək 1030 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsinə görə Cavabdeh hadisə yerindən yayınmaya görə təqsirli bilinmiş və barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək inzibati cərimə növündə inzibati tənbeh edilmişdir.

26. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

29. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

31. Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

32. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.

33. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdehnın hüquqazidd hərəkətinin nəticəsi olması, hüquqazidd əməllə zərər arasında səbəbli əlaqə olması, habelə Cavabdehnın təqsiri olması işin müəyyən edilmiş halını təşkil edir.

34. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş “qiymətləndirmə hesabatı”na əsasən zərərin baş verməsi, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa, “inzibati tənbeh vermə haqqında” qərara əsasən zərərin Cavabdeh təqsirli hərəkətlərinin nəticəsi olması müəyyən edilmişdir.

35. Məhkəmə həmçinin qeyd edir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, zərərin cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən işin mübahisələndirilən halı sığortaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin ondan tələb edilməsi və dəymiş zərərin məbləği olmuşdur. Belə ki, cavabdeh bildirmişdir ki, o, hadisə yerindən yayınmamışdır.

36. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh hadisə yerindən yayınmağa görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və təyin edilmiş cərimə onun tərəfindən ödənilmişdir (öz izahatına əsasən).

37. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirildiyindən dəymiş zərərin məbləğini müəyyən etmək üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən “Hyundai İ30” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 880 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh dəymiş ziyanın mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləği ilə də razı olmasa da, məhkəməyə bunun əksini təsdiq edən, o cümlədən Məhkəmənin Qərardadı əsasında keçirilmiş qiymətləndirmə əsasında təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alacaq sübut təqdim etməmişdir.

Məhkəmə xərcləri.

38. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30.30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Məhkəmə hazırki mülki iş üzrə dəymiş ziyanın məbləğini və verilmiş rəyi, iddiaçının mənafeyi və cavabdehin maddi vəziyyətini nəzərə alaraq keçirilmiş qiymətləndirmə xidmətinin haqqı olan 300 manat məbləğində vəsaitin 150 manat hissəsinin tutulmasını məqsədəmüvafiq hesab edir.

40. Məhkəmə qeyd edir ki, qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, "xxxx" ASC-dən 75 manat və Cavabdeh 75 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

Nəticə :

41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 880 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia qismən tələbi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 880 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASCnin hesabına ödənilsin. Qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, "xxxx" ASC-dən 75 manat və Cavabdeh 75 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar