Məhkəmə qərarları › İş №e-2(007)-2485/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2485/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2485/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh S18K5877490 nömrəli, 12 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 235 manat əsas, 71 manat dəbbə pulu, 30 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 336 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2020-ci il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında S18K5877490 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 520 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A21S” markalı məhsul alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı 40 manat ilkin ödəniş olmaqla, qalan 480 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 40 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həlledilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 235 manat əsas, 71 manat dəbbə pulu olmaqla, 306 manat borcu yaranmışdır. Alıcı tərəfindən S18K5877490nömrəli, 12 oktyabr 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023cü il tarixdə 5 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.

İş materialları :

3. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, S18K5877490 nömrəli müqavilədən görünür ki, satıcı ümumi dəyəri 520 manat olan 1 ədəd “Samsung Galaxy A21S” satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2020-ci il tarixli, S18K5877490 nömrəli ödəniş qrafikindən görünür ki, cavabdeh ilkin ödəniş 40 manat olmaqla, hər ayın 11-dən gec olmayaraq 12 ay (xx.xx.2020-xx.xx.2021) hər ay 40 manat olmaqla, cəmi 520 manat ödəniş etməlidir.

5. xx.xx.2020-ci il tarixli, S18K5877490 nömrəli qaimədən görünür ki, Cavabdeh dəyəri 520 manat olan “Samsung Galaxy A21S” adlı məhsulu qüsursuz təhvil almışdır.

6. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli S18K5877490 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə olan cəmi qalıq borcu 235 manat əsas, 71 manat dəbbə və 30 manat rüsum olaraq cəmi 336 manat 00 qəpikdir.

7. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilələrin müddəti S18K5877490 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilə üzrə öhdəliklər tərəfindən lazımi qaydada icra edilməmiş və nəticədə S18K5877490 saylı müqavilə üzrə 235 manat əsas, 71 manat dəbbə pulu olmaqla, cəmi 306 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli S18K5877490 saylı nisyə alqı-satqı müqavilələri üzrə cəmi 306 manat pulun 5 təqvim günü müddətində hesabına ödənilməsini təmin etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları :

11. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2485/2025 saylı qərardadı ilə mülki işə iddia icraatında baxılması qərara alınmışdır.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı əks etdirən məhkəmə bildirişi Cavabdeh hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə müəssisinə cavabdehə təqdim edilməsi üçün göndərilmiş və qəbul edilmiş, buna baxmayaraq cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

13. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

18. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

19. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

20. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 40 manat olmaqla, cavabdeh 12 ay müddətinə (xx.xx.2020-xx.xx.2021) hər ay 40 manat ödəmək şərti ilə ümumi dəyəri 520 manat olan “Samsung Galaxy A21S” markalı telefonu satın almışdır.

21. Məhkəmə tərəfindən tədqiq edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

22. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli S18K5877490 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə olan qalıq borcu 235 manat təşkil edir.

23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər(MM 600.4m).

24. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəlyii icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2020-ci il tarixli müqavilə üzrə 235 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

25. Həmçinin İddiaçı Cavabdeh 71 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmişdir.

26. Tərəflər arasında bağlanılmış müqavilənin 2.4-cü bəndində nəzərdə tutulur ki, alıcı ödənişi gecikdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində Satıcının xeyrinə cərimə ödəməlidir.

27. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).

28. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

29. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

30. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 71 manat hesablanmış cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə Xərcləri:

31. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2020-ci il tarixli, S18K5877490 saylı müqavilə üzrə 235 manat məbləğində əsas borc, 5 manat cərimə olmaqla, cəmi 240 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 235 manat əsas borc, 5 manat cərimə olmaqla cəmi 240 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar