Məhkəmə qərarları › İş №e-2(007)-2582/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2582/2024

02.12.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2582/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X24 Tağı oğlunun sədrliyi, Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hadisə: 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində X17 işlədiyi "xxxx" MMC şirkətinə məxsus ola sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yolu keçən piyada X2 ehtiyatsızlıqdan idarə etdiyi avtomobil ilə vurub sonuncuya baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşaiyət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı burnun sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınığı, sol qaşüstü nahiyyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyyəsinin, üst dodağın sol yarısının, sol çənəalt nahiyyəsinin, sağ çanaq nahiyyəsinin yan səthinin və sol iç topuq sahiyyəsinin sıyıqları, sol ayağın üst pəncə nahiyyəsinin və sol çiyin qurşağının ön səthinin qançırları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və bu xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı ilə müşaiyət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Hadisə nəticəsində həyatını itirmiş X5 onun doğma qardaşı olmuşdur. Ruhulla onun qardaşı, sirdaşı olmaqla yanaşı həm də ata əvəzi olmuşdur. Ailədə 3 övlad olmuşlar. Ruhulla ortancıl, o isə kiçik övlad olmuşdur. Vəfat etmiş şəxsi xarakterizə edən hallar: X5 11 oktyabr 1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş, orta təhsilli olmuşdur. Ruhulla subay idi və uşaqları yox idi. Ona görə də, tək yaşayırdı. Hadisədən sonrakı hərəkətlər: X5 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq həyatını itirməsindən sonra MTE və PA birliyi Publik Hüquqi şəxsi Nizami rayon şöbəsinə aparılmışdır. Ruhulla tək yaşadığı üçün həmin gün hadisə baş verməsindən yaxınlarının xəbəri olmamışdır. Bacısı İddiaçı Ruhulla Axundov ilə telefon əlaqəsi yarada bilmədiyi üçün 07 dekabr 2020-ci il tarixdə DİN -in 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra polis əməkdaşları tərəfindən İddiaçı MTE və PA birliyi Publik Hüquqi şəxsinin Nizami rayon şöbəsinə dəvət olunmuş və orada qardaşı Axundovun morqda olduğunu görmüşdür. 08 dekabr 2020-ci il tarixdə Ruhulla Axundovun meyidi qohumlarına təhvil verilmiş və həmin gün mərhum Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Hadisə nəticəsində hesab edir ki, ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Mərhum qardaşı X5s ubay olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu Gənclik metrostansiyası yaxınlığında tək yaşayırdı. Atası, anası, böyük bacısı rəhmətə getdikdən sonra Ruhulla onun bu həyatda tək dayağı və ata əvəzi idi. Onun bu faciəvi şəkildə ölümü ona həyatda ən böyük zərbə oldu. Elə ağır zərbə oldu ki, hadisədən sonra hələ də özünə gələ bilmir. Başa düşür ölüm haqqdır və gec-tez hamı əbədiyyətə qovuşacaq. Lakin Ruhullanın faciəvi şəkildə həyatdan köçməsi və ölümündən 4 gün sonra xəbər tutmağı bir bacı kimi ona böyük əzab verir. Ruhullanın bu faciəvi şəkildə ölümündən sonra hələ də, özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Qardaşının bu faciəvi şəkildə ölümü həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxdı. Qardaşının ölüm səbəbi "BİOPLAST AZERBAİJAN” MMC-nin əmədaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər "BİOPLAST AZERBAİJAN” MMC-nin rəhbərliyi sürücü X8 şirkətə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməyi həvalə etməsəydi və icazə verməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan "xxxx" MMC tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, qardaşını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı qardaşı Ruhulla hal-hazırda həyatda olardı. Baş vermiş hadisə ilə bağlı X17 Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə təqsirli bilinərə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 noyabr 2022-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquq yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 99300 (doxsan doqquz min üç yüz) manat pulun və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində X17 işlədiyi "xxxx" MMC şirkətinə məxsus olan sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yolu keçən piyada X2 ehtiyatsızlıqdan idarə etdiyi avtomobil ilə vurub onun ölümünə səbəb olmuşdur. Əgər "Bioplast Azerbaijan” MMC-nin rəhbərliyi sürücü X8 şirkətə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməyi həvalə etməsəydi və icazə verməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də bu ziyan "xxxx" MMC tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, iddiaçının qardaşını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Hökmdə təqsirləndirilənin ifadəsindən də görünür ki, maşın ona Cavabdeh MMC tərəfindən verilmişdir. Hökmdə qeyd olunub ki, onun ölümünə səbəb X9r. O ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduğü üçün barəsində ittiham elan olunub. Səftər Quliyev onun müxtəlif bədən xəsarətləri almağına səbəb olub və barəsində ittiham elan olunub. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, qarşı tərəf qeyd edir ki, əgər Cavabdeh MMC etibarnamə verməsəydi, hadisə baş verməzdi. Bu bir ehtimaldır. Sürücülük vəsiqəsi olan adamlar da belə hadisələr törədə bilirlər. Etibarnamə verən zaman notarius və ya DYP-i sürücülük vəsiqəsi olmadan qəbul ediblər. İddiaçı yalnız Ömərov Vaqifi günahlandırır. Lakin istintaq vaxtı aparılan araşdırma ilə Səftər Quliyevin də günahı olduğu müəyyən olunub. İddiaçının qardaşı, Vaqif Ömərov tərəfindən vurulduqdan sonra sağ olub. İkinci maşın onun üzərindən keçdikdən sonra qulağından qan gəlib və vəfat edib. Qeyd edilən avtomobil şəxsi mülkiyyətdir, şirkətin əmlakı deyil. Direktorun şəxsi əmlakı olub və o, etibarnamə verib. Həmin vaxt isə etibarnamə qüvvədən düşüb. Hadisə əmək funksiyalarını yerinə yetirən zaman olmayıb. Hadisə axşam 10 radələrində baş verib. Həmin şəxsin iş saatı 09:00-18:00 aralığındadır. O, avtomobili əmək funksiyalarını icra edən zaman yox, şəxsi məqsədləri üçün istifadə edən zaman hadisə baş verib. Avtomobil ona işə rahat gedib-gələ bilməyi üçün verilib. İddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 122370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə Yasamal rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 151 nömrə ilə qeyd aparılmışdır. Ölümün səbəbi: baş beynin ocaqlı travması. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-153/2022 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs X17 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yolu sağdan sola keçən piyada X2 avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı, burun sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınığı, sol qaşüstü nahiyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sol ayağın üst pəncə nahiyəsinin və sol çiyin qurşağının ön səthinin qançırları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. X17 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmış, X6 barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilmiş, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı vurulmuş ziyanın tam olaraq təqsirləndirilən şəxslər X17 və X13 tərəfindən ödənilməsi, zərərçəkmiş şəxs "xxxx" MMCyə və "xxxx" MMC-yə və zərərçəkmiş şəxs X7 vurulmuş ziyanın təqsirləndirilən şəxs X13 tərəfindən ödənilməsi nəzərə alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrindən görünür ki, X3, X14 və X15 ilə müvafiq olaraq bağlanmış əmək müqavilələri qüvvədən düşmüş hesab edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-167369/2024 nömrəli məktubundan və ona əlavə edilmiş komputer çıxarışından görünür ki, komputer uçot bazası məlumatlarına əsasən “X28” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X4 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X10 etibarnamə verilmişdir. - Rusiya Federasiyasının aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 390 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırkı İddiaçı 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş zərərçəkmiş şəxs X1 hüquqi varisidir (bacısıdır). təqsirləndirilən şəxs X17 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yolu sağdan sola keçən piyada X2 avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı, burun sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınığı, sol qaşüstü nahiyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sol ayağın üst pəncə nahiyəsinin və sol çiyin qurşağının ön səthinin qançırları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. X17 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmış, X6 barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilmiş, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı vurulmuş ziyanın tam olaraq təqsirləndirilən şəxslər X17 və X13 tərəfindən ödənilməsi, zərərçəkmiş şəxs "xxxx" MMCyə və "xxxx" MMC-yə və zərərçəkmiş şəxs X7 vurulmuş ziyanın təqsirləndirilən şəxs X13 tərəfindən ödənilməsi nəzərə alınmışdır. Hazırda iddiaçı, Cavabdeh MMC-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qardaşının ölümündə təqsirkar məhz hazırkı cavabdehdir, belə ki, əgər MMC sözügedən “X28” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüyə verməsəydi, yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-167369/2024 nömrəli məktubundan və ona əlavə edilmiş komputer çıxarışından müəyyən edilmişdir ki, komputer uçot bazası məlumatlarına əsasən “X28” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X4 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X10 etibarnamə verilmişdir. Burada, yoxlanılmalı və müəyyən edilməli olan hal, cavabdeh qismində cəlb edilmiş şəxsin iddia irəli sürən şəxsə mənəvi ziyan vurub-vurmamasının müəyyən edilməli olması ilə bağlıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının məhz Cavabdeh MMC-yə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas “X28” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddia ərizəsində də qeyd etdiyi kimi, Cavabdeh MMC-yə məxsus olması olmuşdur. Lakin, məhkəmənin sorğusu əsasında müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi MMC-nin deyil, MMC-nin qanuni təmsilçisi (direktoru) X4 mülkiyyətindədir. Bu yerdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfə cavabdeh qismində cəlb etdiyi Cavabdeh MMC-ni əsl cavabdehlə əvəz etməsi təklif edilmiş, lakin iddiaçı tərəf iddia tələbinə cavab verməli olan şəxsin məhz hazırkı cavabdeh olduğunu qeyd etmişdir. Hazırkı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə iddia tələbinə həmin hissədə münasibət bildirib məhkəmə iclasında qeyd edilən avtomobilin şəxsi mülkiyyət olduğunu, şirkətin əmlakı olmadığını, direktorun şəxsi əmlakı olduğunu və sürücüyə məhz sonuncunun etibarnamə verdiyini, hadisə vaxtı etibarnamənin qüvvədən düşdüyünü, hadisənin əmək funksiyalarını yerinə yetirən zaman deyil, axşam 10 radələrində baş verdiyini, sürücünün avtomobili əmək funksiyalarını icra edən zaman deyil, şəxsi məqsədləri üçün istifadə edən zaman hadisənin baş verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddiaçı mənəvi zərərlə bağlı məhz hazırkı cavabdehə münasibətdə iddia tələbinin də əsaslılığına dair, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmiş, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş hökmdən isə hazırkı cavabdehin hər hansı təqsiri müəyyən edilmir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pulun ödənilməsi” hissəsində münasibətdə isə məhkəmə qeyd edir ki, mənəvi ziyanla bağlı hissədə iddia tələbi təmin edilməmişdir və buna görə də iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla iddia tələbi təmin edilməli olmadığından, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar