Məhkəmə qərarları › İş №e-2(007)-2626/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2626/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2626/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iddia tələbi üzrə mülki iş (Açar sözlər: “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı X6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı X3 Cavabdeh verilmiş quş yeminin dəyərinin ödənilməməsi səbəbindən iddiaçı X3 vurulmuş maddi ziyan hesabına 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat, əldən çıxmış faydaya görə 120000 manat (yüz iyirmi min) ödənilmiş dövlət rüsumu hesabına 533.91 (beş yüz otuz üç) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı hesabına 340 manat olmaqla, cəmi 243913 (iki yüz qırx üç min doqquz yüz on üç) manat pul vəsaitinin Cavabdeh alınaraq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh maddi ziyana görə 123573 manat, dövlət rüsumuna görə 533.91 manat, hüquqi yardıma görə 340 manat və gecikdirilmiş vaxt üçün 10297.75 manat olmaqla, ümumilikdə 134744.66 manat pul vəsaitinin alınaraq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 və Cavabdeh bir-birilərini təxminən 3 il müddətində tanımış və ikisidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh fəaliyyət sahəsi quşçuluq, iddiaçı Qulu Quliyevin fəaliyyət sahəsi isə quş yeminin istehsalı və satışı olmuşdur. Cavabdeh 2023-cü il yay aylarında iddiaçı Qulu Quliyevə məxsus quşçuluq sexindən təxminən 60-70 ton quş yeminin ona verilməsi barədə müraciət etmişdir. 40 gün sonra Cavabdeh iddiaçı Qulu Quliyevin ona verdiyi yem qarşılığında quş vermiş və aralarında razılaşma olduğundan hər hansı bir borc qalmamışdır. Bu hadisədən sonra aralarında etibar yaranmışdır. Daha sonra 2024-cü ilin yanvar ayında Cavabdeh iddiaçı Qulu Quliyevə yenidən müraciət edərək quş yemi əldə etmək istəmişdir. Bundan başqa Cavabdeh məxsus 60.000 (altmış min) ədəd quşun olduğunu və iddiaçı Qulu Quliyevin verəcəyi quş yemi qarşılığında 35-40 gün ərzində həmin quşları yetişdirib ona verəcəyini bildirmişdir. 2024-cü ilin 03 fevral-02 mart tarixlərinədək iddiaçı Qulu Quluyev hissə-hissə 166.573 (yüz altmış altı min beş yüz yetmiş üç) manat dəyərində quş yemini Cavabdeh Məhəmmədi kəndində yerləşən quş saxlama tövləsinə göndərmişdir. Daha sonra Cavabdeh iddiaçı Qulu Quliyevə razılaşdıqları kimi ona həmin dəyərdə (166.573 manat dəyərində) yox, yalnız 2-3 dəfə olmaqla 43.000 (qırx üç min) manat dəyərində quş vermişdir. Buna səbəb olaraq Cavabdeh razılaşdıqları qiymətə quşları iddiaçı Qulu Quliyevə satmaq istəmədiyini, belə ki, ona satdığı qiymətdən artıq qiymətə quşu istəyən olduğunu bildirmişdir. Belə olan halda iddiaçı Qulu Quliyev Cavabdeh demişdir ki, qalan dəyərdə olan quşun satılaraq pulunun verilməsini bildirmişdir. Cavabdeh öz növbəsində qalan 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat pulu iddiaçı Qulu Quliyevə verəcəyini vəd etmişdir. İddiaçı Qulu Quliyev Cavabdeh borcun qaytarılması üçün vaxt verməyinə baxmayaraq o ödənişdən boyun qaçırmışdır. Sonuncu dəfə Cavabdehlə 2024-cü ilin iyun-iyul ayında görüşmüş, lakin o yenidən pulun qaytarması vədini verməsinə baxmayaraq vədinə əməl etməmişdir. İddiaçı Qulu Quliyev Cavabdeh onu aldatdığını görüb Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırılma aparılmış, Cavabdeh öz ifadəsində həqiqətəndə iddiaçı Qulu Quliyevin ona 166573 (yüz altmış altı min beş yüz yetmiş üç) manat dəyərində quş yemini onun Məhəmmədi kəndində yerləşən quş saxlama tövləsinə hissə-hissə göndərmiş, bundan başqa 43000 (qırx üç min) manat dəyərində quşu iddiaçı Qulu Quliyevə verdiyini, 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat pul borcu qalmış olduğunu qeyd edərək iddiaçı Qulu Quliyevin iddiasını təsdiq etmişdir. Bundan başqa borclu olduğu 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat pulu qaytaracağını 5-6 ay vaxt istədiyini bildirmiş, lakin 30.000 ədəd quşun “qambura” xəsdəliyindən məhv olduğunu da əlavə etsədə, tələf olmuş quşların bastırıldığı yeri göstərilməsi və bu barədə akt təqdim olunması istənildikdə istintaqa təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin İstintaq şöbəsində tərəflər arasında üzləşmə istintaq hərəkəti aparılmış və Cavabdeh iddiaçı Qulu Quliyevə 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat pul borclu olduğunu təsdiq etmiş və bununla bağlı üzləşmə aktı tərtib olunmuşdur. Cavabdeh borclu olduğu 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat qarşılığında 1 ay ərzində təxminən 5000 manat, bir il ərzində isə 60000 manat gəlir əldə etmək mümkündür. Nəzərə alsalar ki, cavabdehlərin borclarını gecikməsində 2 ildən (24 ay) çox müddət keçmiş, bu səbəbdən həmin məbləğə uyğun olaraq təxminən 24 (iyirmi dörd) dəfə gəlir əldə etmək imkanı qaçırılmışdır.

4. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində Cavabdeh vurulmuş maddi ziyana görə 123573 (yüz iyirmi üç min beş yüz yetmiş üç) manat, əldən çıxmış faydaya görə 120000 (yüz iyirmi min) manat, dövlət rüsumuna görə 533.91 (beş yüz otuz üç manat 91 qəpik) manat, hüquqi yardıma görə 340 (üç yüz qırx) manat, cəmi 244446.91 (iki yüz qırx dörd min dörd yüz qırx altı manat 91 qəpik) pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyan olan 123.573 (yüz iyirmi üç min oeş yüz yetmiş üç) manat pulun illik beş faizi 6178.65 (altı min yüz yetmiş səkkiz manat 65 qəpik) təşkil edir. (6178.65 : 12 ay = 514.88 (bir ay üçün beş yüz on dörd manat səksən səkkiz). Nəzərə alsalar ki, cavabdeh iddiaçıya dəymiş maddi ziyanı 2024-cü ilin yanvar ayında qaytarmalı idi, həmin vaxtdan 20 ay keçmişdir. Beləliklə də, illik beş faizlə hesablamaqla bu məbləğ 10297.75 (on min iki yüz doxsan yeddi manat yetmiş beş qəpik) təşkil edir. Ümumilikdə Cavabdeh iddiaçı X2 123573 + 10297.75 = 133870.75 (yüz otuz üç min səkkiz yüz yetmiş manat yetmiş beş qəpik) məbləğində maddi ziyan vurmuşdur.

İş materialları :

5. X1 vəkil və nümayəndəsi Vəkil tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, hüquqlarını müdafiə etdiyi X3 olan 123573 manat məbləğində pul və əlavə olaraq 120000 manat əldən çıxmış faydanın 5 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

6. Abşeron RPİ-nin İŞ-nin xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin icraatına AR CPM-nin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilməsi qərara alınmışdır.

7. İş materiallarına 1 ədəd disk əlavə edilmişdir.

8. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 2024-cü ilin mart ayına 123573 manat məbləğində qalıq borcu yaranmasını və pulun bir ay müddətində ödənilməsi öhdəliyini öz üzərinə götürdüyünü bildirmişdir.

9. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün məhkəməyə 534.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

10. xx.xx.2025-ci il tarixli 30975 nömrəli mədaxil qəzbinin surətindən görünür ki, X7 tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 hesabına 340 manat ödəniş edilmişdir.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

14. İddiaçı X5 ilə Cavabdeh arasında 2024-cü ilin fevral ayında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 166.573 manat dəyərində quş yemi verməli, cavabdeh isə onun dəyərini quş verməklə ödəməli idi.

15. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik icra edilərək cavabdehə 2024-cü ilin fevral ayının 3-ü tarixindən mart ayının 2-dək 166.573 manat dəyərində yem göndərilmişdir.

16. Cavabdeh iddiaçı tərəfindən verilmiş quş yeminin əvəzi qismində quşları 35-40 gün ərzində verməli idi.

17. Cavabdeh tərəfindən öhdəlik tam şəkildə icra edilməmiş, iddiaçıya 43000 manat dəyərində quş verilmişdir.

18. xx.xx.2024-cü il tarixində tərəflər arasında üzləşmə aktı tərtib edilmiş və cavabdeh iddiaçıya 123.573 manat məbləğində qalıq borcu olduğunu bildirmiş və həmin borcu 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.

19. Cavabdeh tərəfindən geri qaytarılsa da, geri qalan 123573 manat məbləğində pul vəsaiti və ya onun əvəzində müvafiq sayda quş iddiaçıya verilməmişdir.

20. İddiaçının müraciəti əsasında Abşeron RPİ-nin İŞ tərəfindən cinayət işi başlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin icraatına Abşeron RPİ-nin İŞnin xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarı ilə AR CPM-nin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmişdir.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

Məhkəmənin mövqeyi :

24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

25. İlk növbədə iddia ərizəsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi faktiki olaraq aşağıdakı hissədən ibarətdir:

1. vurulmuş maddi ziyanın əvəzi olaraq 123.573 manat məbləğində pul vəsaitinin tutulması;

2. gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 10297.75 manat məbləğində pul vəsaitinin tutulması.

İddia tələbinin “vurulmuş maddi ziyanın əvəzi olaraq 123573 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı:

26. İddiaçı X6 tərəfindən Cavabdeh qarşı 123573 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi onunla cavabdeh arasında 166573 manat dəyərində olan quş yeminin əvəzində cavabdeh tərəfindən 60000 ədəd quşun verilməsinə dair razılıq əldə edilməsi, lakin cavabdeh tərəfindən ona 43000 manat dəyərində quşun verilməsi, qalan borcun ödənilməməsi ilə əsaslandırılmışdır.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

29. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçı X6 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı X6 Cavabdeh 166573 manat dəyərində olan quş yemini verməyi, cavabdeh isə iddiaçıya həmin yemin dəyərini 35-40 gün ərzində 60000 ədəd quş verməklə ödəməyi öz üzərinə götürmüşdür.

30. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəaları nəzərdən keçirilməldir.

31. Mülki qanunvericiliyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

32. İşin faktiki halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 2023-cü ilin yay aylarında 60-70 ton quş yemi almış və onun dəyərini 40 gün sonra quş verməklə və pul ilə ödəmişdir. Daha sonra 2024-cü ilin yanvar-fevral aylarında cavabdeh yenidən iddiaçıya quş yemi üçün müraciət etmiş və iddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək cavabdehə məxsus ünvana 166.573 manat dəyərində olan quş yemi göndərmişdir. Cavabdeh 38-40 gün sonra sonra iddiaçıya 43000 manat dəyərində quş vermişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixində üzləşmə aktı tərtib edilmiş və cavabdeh qalıq borc olan 123.573 manat məbləğində pul vəsaitini 1 ay müddətində ödəməyi öhdəsinə gptürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı polis idarəsinə müraciət etmişdir. Polis idarəsində cavabdeh barəsində cinayət işi başlanılmış, cavabdeh təqsirləndirilən şəxs qismində dindirilmiş və izahatında iddiaçıya 123.573 manat məbləğində olan borcu olduğunu qəbul etmişdir. Lakin əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir.

33. İşin müəyyən edilmiş faktiki halı odur ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürülən öhdəlik lazımi qaydada icra edilməmişdir.

34. Belə olan halda məhkəmə Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən alqı-satqı müqaviləsi üzrə 123573 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

İddia tələbinin “gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 10297.75 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı:

35. İddiaçı X6 Cavabdeh qarşı “10297.75 manat məbləğində olan pul vəsaitinin tutulması” tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu vaxtdan tələbin irəli sürüldüyü vaxtadək gecikdirilmiş vaxt üçün 5% məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması ilə əsaslandırmışdır.

36. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

37. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.

38. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

39. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

40. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi işin mübahisəsiz halıdır.

41. Belə ki, məkəmə iclasında tədqiq edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərində satılmış əşyanın dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı razılaşma olmamışdır. Müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşma iddiaçı tərəfindən verilmiş quş yeminin dəyərinin cavabdeh tərəfindən 38-40 gün sonra quş verməklə ödənilməsi barədə olmuşdur.

42. Belə ki, tərəflər arasında bağlanmış ilk alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən verilmiş quş yeminin dəyəri cavabdeh tərəfindən 40 gün sonra (quşların saxlanma müddəti) ödənilmişdir. İkinci alqı-satqı müqaviləsi üzrə də eyni qaydada quş yeminin dəyərini 38-40 gün sonra 43000 manat dəyərində olan quş verməklə qismən ödəmiş, lakin qalan hissəni isə ödəməmişdir. Cavabdehin izahatından görünür ki, o, izahatında iddiaçı ilə quş yeminin dəyərinin qalan hissəsini quşları satmaqla ödəmək barədə razılığa gəldiyini bildirmişdir. Qeyd edilən izahatdan aydın olur ki, o, quş yeminin dəyəri qismində iddiaçıya 38-40 gün sonra quş verməli olmuş, lakin öhdəliyini lazımı qaydada icra etməmişdir.

43. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Lakin gecikdirilmiş müddətə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır.

44. Belə ki, iddiaçı iddia tələbinin hazırki hissəsini cavabdeh tərəfindən 123573 manat məbləğində pul vəsaitinin 2024-cü ilin yanvar ayından ödənilməli olması ilə əsaslandıraraq, 2024-cü ilin yanvar ayından xx.xx.2025-ci il tarixədək (5% tələbi ilə məhkəməyə müraciət edilən vaxt) müddət üçün 123573 manat məbləğinə gecikdirilmiş vaxta görə 5% hesablamışdır.

45. Məhkəmə iddiaçı tərəfindən gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləğində vəsaitin 2024-cü ilin yanvar ayından etibarən hesablamasına münasibətdə bildirir ki, işin müəyyən edilmiş halı odur ki, qeyd etdiyimiz kimi tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən verilmiş quş yeminin dəyərini cavabdeh 40 gün sonra quş verməklə ödəməli olmuşdur. Abşeron RPİ-nin İŞ-nin “cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar”ında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, quş yemini 2024-cü ilin 03 fevral tarixindən xx.xx.2024-cü il tarixədək cavabdehə məxsus olan quş saxlama yerinə göndərmiş, təxminən 2-3 gün sonra Natiq razılaşdıqları kimi ona həmin dəyərdə quş verməli imiş. Yəni, öhdəliyin icra müddəti 2024cü ilin 02 mart tarixindən sonrakı tarixə təsadüf etdiyi halda, iddiaçı əsassız şəkildə 2024cü ilin yanvar ayından etibarən hesablamışdır.

46. Digər tərəfdən quşların cavabeh tərəfindən iddiaçıya verilməsi ilə bağlı 40 gün müddətlə bağlı tərəflər arasında yaranmış praktika onu deməyə əsas verir ki, cavabdeh tərəfindən öhdəlik mart ayının sonu aprel ayının əvvəli icra edilməli olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 43000 manat dəyərində quş verilmiş, lakin həmin vəsaitinin dəqiq verilməsi tarixi isə müəyyən edilməmişdir. Yəni iddiaçı tərəfindən gecikdirilməsi üçün 5% hesablanmış 123573 manat məbləğində vəsaitin dəqiq nə vaxtdan yaranması işin müəyyən edilməmiş halıdır. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən cavabdeh iddiaçıya 123573 manat borcu olduğunu qəbul etmişdir.

47. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozulmasına məsuliyyətdən azad etmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

49. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə qeyd edir ki, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ xx.xx.2024-cü il tarixindən etibarən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edildiyi tarixə qədər, yəni xx.xx.2025-ci il tarixinə münasibətdə hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən hesablanan faiz məbləği olaraq 8125.34 manat (123.573x5/100/365x480gün) pul vəsaiti tutulmalıdır.

Məhkəmə xərcləri :

50. İddiaçı X6 məhkəmədən, həmçinin vəkilə hüquqi yardım üçün ödənilmiş 340 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 533.91 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

51. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 421.70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

52. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə vəsaitin ödənilməsi işin mübahisəsiz halıdır, buna görə də hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi olaraq 340 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

54. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 123573 manat və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 8125.34 manat olmaqla, cəmi 131698.34 (bir yüz otuz bir min altı yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat, hüquqi yardım üçün ödənilmiş vəsaitin əvəzi qismində 340 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 421.70 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 123573 manat və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 8125.34 manat olmaqla, cəmi 131698.34 (bir yüz otuz bir min altı yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat, hüquqi yardım üçün ödənilmiş vəsaitin əvəzi qismində 340 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 421.70 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar