Məhkəmə qərarları › İş №e-2(007)-2686/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2686/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2686/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla, "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən MP-P 07207 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X3 məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə xx.xx.2022-ci il tarixində dəymiş zərərə görə 150 (bir yüz əlli) manat, xx.xx.2022-ci il tarixində dəymiş zərərə görə 491 (dörd yüz doxsan biri) manat, ümumilikdə 641 (altı yüz qırx biri) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar "xxxx" MMC-nin Cəmiyyətə təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubları ilə müəyyən olunmuşdur ki, X3 məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 2 saylı mənzilin daxili su xəttində yaranmış nasazlıq nəticəsində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 641 (altı yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz manat) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, baxış keçirilmədən, sübut edilmədən akt qəbul edilmişdir. Ümumi şaxtadan onun evinə su gəlib, oradan da qonşuya su keçmişdir. Usta gətirib yoxlatdırmışdır. Usta hər iki evə baxmışdır. Su ümumi şaxtadan gəlmişdir. İlk dəfə isə onlardan gəlmişdir. Ekspertiza keçirilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli Pİ0023/22 nömrəli sığorta aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə üst mərtəbədən suaxma nəticəsində xx.xx.2022-ci il tarixdə 150 manat məbləğində zərər dəymişdir. Hesablanmış sığorta ödənişinin məbləği 150 manat pul vəsaiti X2 hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli Pİ0031/23 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə üst mərtəbədən suaxma nəticəsində xx.xx.2022-ci il tarixdə 491 manat məbləğində zərər dəymişdir. Hesablanmış sığorta ödənişinin məbləği 491 manat pul vəsaiti X2 hesabına köçürülmüşdür. - xx.xx.2020-ci il tarixli əmlak sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-də xx.xx.2023-cü il tarixədək 99400 manat həcmində sığortalanmışdır. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1060/23 və 1061/2023 saylı pretenziyalardan görünür ki, subroqasiya hüququna əsasən 150 mant və 491 manat pul vəsaitlərinin ASC-yə ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-2022 saylı məktubdan görünür ki, X3 məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 2 saylı mənzilin daxili su xəttində yaranmış nasazlıq nəticəsində maddi ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən MP-P 07207 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X3 məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə xx.xx.2022-ci il tarixində dəymiş zərərə görə 150 (bir yüz əlli) manat, xx.xx.2022-ci il tarixində dəymiş zərərə görə 491 (dörd yüz doxsan biri) manat, ümumilikdə 641 (altı yüz qırx biri) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar "xxxx" MMC-nin Cəmiyyətə təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubları ilə müəyyən olunmuşdur ki, X3 məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, giriş 125, mərtəbə 9, 2 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 2 saylı mənzilin daxili su xəttində yaranmış nasazlıq nəticəsində maddi ziyan dəymişdir. Hazırda iddiaçı qeyd olunan pul vəsaitinin ASC-yə ödənilməsini tələb edir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 641 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 641 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar