Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2695/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Tağı oğlunun sədrliyi, Abdulova Lalə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və X2 qarşı “yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli KY-617 saylı müqaviləyə əsasən o, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 89, 95 saylı evin, 271 saylı mənzilini satın almış, mənzil xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmasa da, 10 noyabr 2022-ci il tarixdən həmin mənzil onun sahibliyinə keçmişdir. Onunla Cavabdeh arasında bağlanmış 20 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən isə o, özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 89, 95 saylı evin, 271 saylı mənzilini 1 il müddətinə Cavabdeh kirayə vermiş, həmin müqaviləyə əsasən Cavabdeh hər ay 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüsdür. 20 noyabr 2023-cü ildə müqavilənin müddəti bitsə də Cavabdeh mənzili boşaldıb ona təhvil verməmiş, 20 noyabr 2023-cü ildən sonra orada yaşadığı əlavə müddət üçün kirayə haqqı ödəməmişdir. Belə ki, Cavabdeh 20 noyabr 2023-cü il tarixdən sonra ona kirayə haqqı ödəmədən mənzildə yaşamış, bununla da ona 4000 manat məbləğində zərər vurmuşdur. Ona sonradan məlum olmuşdur ki, Cavabdeh ona məxsus mənzilə X3 da yerləşdirmişdir. O, cavabdehlərə bildiriş ünvanlayaraq, ünvan 1nzilini 10 gün müddətinə boşaldaraq ona təhvil verilməsini və ona ödənilməyən 4000 manat məbləğində kirayə haqqının ona ödənilməsini xahiş etsə də, cavabdehlər ona heç bir məbləğdə pul vəsaiti ödəməmiş, mənzili boşaldıb ona təhvil verməmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, o, cavabdehlərin ona məxsus mənzildən çıxarılması üçün məhkəməyə müraciət etməkdən ötrü 20 iyul 2024-cü il tarixdə vəkillə hüquqi yardım haqqında elektron müqavilə imzalamış və həmin müqaviləyə əsasən bu işdə ona hüquqi yardım göstərilməsi üçün vəkilə 1000 manat məbləğində pul vəsaiti ödəmişdir ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehlərdən tutulmalıdır. Bundan əlavə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödədiyinə görə, həmin məbləğdə cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehlər Cavabdeh və X1 ona məxsus ünvan 1nzildən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, 4000 (dörd min) manat məbləğində kirayə haqqının, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 manat və dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1nzildən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 2500 manat məbləğində kirayə haqqının, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 manat və dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli KY-617 saylı müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 89, 95 saylı evin, 271 saylı mənzilini satın almışdır və hüquqlar sonuncuya ötürülmüşdür. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, icarədar İddiaçı icarəçi Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 89, 95 saylı evin, 271 saylı mənzilini 1 il müddətinə cavabdeh kirayə vermiş, həmin müqaviləyə əsasən Cavabdeh hər ay 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı ona hüquqi yardım göstərilməsi üçün 1000 manat xidmət haqqı ödəmişdir. - Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə mənzili boşaldaraq təhvil verməsi və kirayə haqqını ödəməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ona məxsus olan ünvan 2 ünvanını Cavabdeh ilə kirayə müqaviləsi bağlayaraq ona kirayə vermişdir. Tərəflər öz aralarında aylıq kirayə haqqının 500 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. İddiaçı cavabdehə evdən çıxması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh kirayəçi olaraq yaşadığı evi tərk etməmiş və kirayə haqqını ödəməmişdir. Hazırda İddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılması və.s tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ona məxsus olan ünvan 2 ünvanını Cavabdeh ilə kirayə müqaviləsi bağlayaraq ona kirayə vermiş, cavabdeh isə bunun müqabilində tərəflər arasında razılaşdırılmış kirayə haqqını ödəməyi öz öhdəsinə götürmüş, lakin sonra öz öhdəliklərinə əməl etmədiyindən kirayəçi olaraq yaşadığı evi tərk etməmişdir. Cavabdehin öhdəliyə əməl edib, hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 89,95 saylı evin 271 saylı mənzilindən çıxarılmalı və həmin mənzilin boşaldılaraq İddiaçı verilməli, Cavabdeh 2500 manat məbləğində kirayə haqqı, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat və 100 manat dövlət rüsumu tutulub İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 89,95 saylı evin 271 saylı mənzilindən çıxarılsın və həmin mənzilin boşaldılaraq İddiaçı verilsin. Cavabdeh 2500 manat məbləğində kirayə haqqı, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat və 100 manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2695/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2695/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver