Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2765/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi və lizinq predmeti” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi və lizinq predmeti” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 07 avqust 2024-cü il tarixli, 129/23/1 saylı Daxili Lizinq müqaviləsinə xitam verilməsi, lizinq verən İddiaçı ASC-nin mülkiyyətində olan və Lizinq alanın qanunsuz və əsassız istifadəsində olan “BMW 528i” minik markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Lizinq alan Cavabdeh alınaraq, Lizinq verənə təhvil verilməsi, Lizinq alandan 07 avqust 2024-cü il tarixli, 129/23/1 saylı Daxili Lizinq müqaviləsi üzrə üzrə 3173.52 manat əsas borc, 825.61 manat lizinq mükafatı, 279.97 manat cərimə borcu olmaqla, cəmi 4279.1 manat borcun və 63 manat dövlət rüsumunun əvəzinin Cavabdeh birgə qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
3. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
4. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. Belə ki, mülki işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırki ərizə ilə məhkəməyə müraciət edilən zaman mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyatı qaydalarına riayət edilməmişdir. Həmçinin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir.
7. İşin mübahsiəsiz halı odur ki, hazırki mülki iş üzrə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
9. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hazırki mübahisə müqavilə münasibətlərindən irəli gələn mahiyyət etibarı ilə iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan hazırki iddiaya ümumi məhkəmədə baxıla bilməz.
10. İddiaçı isə hazırki ərizə ilə məhkəməyə müraciət edən zaman cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, 129/23/1 saylı “Daxili maliyyə lizinqi müqaviləsinin 24.4-cü bəndinə, yəni cavabdeh ilə aralarında yaranmış mübahisəyə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması ilə bağlı razılığa gəlməsinə istinad etməklə hazırki ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.
11. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə müqavilə aidiyyəti qaydası, yəni tərəflər arasında saziş bağlanılmaqla işə hansı məhkəmədə baxılması ilə bağlı razılıq əldə edilməsi qaydası yalnız ərazi aidiyyəti ilə bağlı müəyyən edilmişdir. Qanunvericilikdə tərəflər arasında saziş bağlanılmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi ilə bağlı norma, qayda müəyyən edilməmişdir.
12. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin müqavilə aidiyyətini tənzimləyən 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə ərazi aidiyyətini dəyişdirə bilərlər
13. Göründüyü kimi qanunvericilik mülki proses iştirakçılarına mübahisə üzrə ərazi aidiyyətinin tərəflər arasında yazılı şəkildə bağlanılmış saziş əsasında dəyişdirilməsini imkanını tanısa da, məhkəmə aidiyyətinin dəyişdirilməsi imkanını tanımamışdır.
14. Hazırki halda tərəflər arasında bağlanılmış sazişin müvafiq şərti etibarlı bir şərt kimi qiymətləndirilə bilməz.
15. Mülki prossesual qanunvericiliyə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
Nəticə :
16. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı qaldırılmış iddia müqavilə münasibətlərindən irəli gələn iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki iddiaya ümumi məhkəmədə baxıla bilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
17. İddiaçıya hazırki iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumu (Ödəyici:”Hermes Finance” ASC, VÖEN: **********; qəbzin nömrəsi:**********16; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2025, saat: 14:51:55) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi və lizinq predmeti” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumu (Ödəyici:”Hermes Finance” ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********16; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2025, saat: 14:51:55) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva