Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2821/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi üzrə mülki iş (Açar söz: “alqı-satqı müqaviləsi üzrə pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Zəmanət + 2 İl xidməti” 2 ədəd, fen ütü “Dyson Airstrait HT01”, “X1 V15S Detect SV47” üçün 3792.96 manat ödənilməmiş hissə, 379.30 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X2 2ND Gen” qulaqlıq, İMEİ kodu SF936JYQXF1 “İpad Pro 11-İNCH (M4) Wi-Fi” markalı planşet üçün 3264.12 manat ödənilməmiş hissə, 326.41 manat dəbbə olmaqla, ümumilikdə 7762.79 manat borc, 97.63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “Zəmanət + 2 İl xidməti” 2 ədəd, fen ütü “Dyson Airstrait HT01”, “X1 V15S Detect SV47” üçün 3692.96 manat ödənilməmiş hissə, 369.30 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “X2 2ND Gen” qulaqlıq, İMEİ kodu SF936JYQXF1 “İpad Pro 11-İNCH (M4) Wi-Fi” markalı planşet üçün 3164.12 manat ödənilməmiş hissə, 316.41 manat dəbbə olmaqla, ümumilikdə 7542.79 manat borc və 97.63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən “Zəmanət + 2 İl xidməti” 2 ədəd, fen ütü “Dyson Airstrait HT01”, “X1 V15S Detect SV47”, “X2 2ND Gen” qulaqlıq, İMEİ kodu SF936JYQXF1 “İpad Pro 11-İNCH (M4) Wi-Fi” markalı planşet almış və nəticədə 7762.79 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4092.96 manat olan “Zəmanət + 2 İl xidməti” 2 ədəd, fen ütü “Dyson Airstrait HT01”, “X1 V15S Detect SV47” üçün ümumilikdə, 4172.26 manat olmaqla ondan, 3792.96 (üç min yeddi yüz doxsan iki manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 379.30 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3974.11 manat olan “X2 2ND Gen” qulaqlıq, İMEİ kodu SF936JYQXF1 “İpad Pro 11-İNCH (M4) Wi-Fi” markalı planşet üçün ümumilikdə, 3590.53 manat olmaqla ondan, 3264.12 manat ödənilməmiş hissə, güzəşt olunaraq 326.41 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1009.99 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları :
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə, “Zəmanət + 2 İl xidməti” 2 ədəd, fen ütü “Dyson Airstrait HT01”, “X1 V15S Detect SV47” verilməsi, həmin müqaviləyə əlavə olaraq bağlanılmış xx.xx.2024-cü il tarixli nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və “X2 2ND Gen” qulaqlıq, İMEİ kodu SF936JYQXF1 “İpad Pro 11-İNCH (M4) Wi-Fi” verilməsi, cavabdeh tərəfindən müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəmək öhdəsinə götürülmüşdür.
5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş 300 manat olmaqla, 18 ay müddətində hər ay 210.72 manat olmaqla, cəmi 4092.98 manat ödəniş etməli və xx.xx.20214-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş 709.99 manat olmaqla 18 ay müddətində hər ay 181.34 manat olmaqla, cəmi 3974.02 manat ödəniş etməlidir.
6. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3692.96 manat əsas, 369.30 manat cərimə olmaqla, cəmi 4062.26 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3164.12 manat əsas, 316.41 manat cərimə olmaqla, cəmi 3480.53 manat borcu olmaqla, ümumilikdə 7542.79 manat borcu vardır.
8. İşə əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 97.63 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, kredit götürəndən sonra işdən çıxarılmış və ona görə ödəniş edə bilməmişdir. Ümumi aylıq ödəniş, təxminən 400 manat olmuşdur. May ayında işə girmiş və ondan sonra 200 manat ödəniş etmişdir.
11. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları :
13. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
19. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilələr və müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 300 manat olmaqla, cavabdeh 18 ay müddətinə hər ay 210.72 manat ödəmək şərti ilə ümumi dəyəri 4092.98 manat olan 2 ədəd “Zəmanət + 2 il xidməti”, 1 ədəd “Fen ütü Dyson Airstrait HT01 Prussion Blue”, 1 ədəd “X1 V15S Detect SV47 Submarine” və xx.xx.2024-cü il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 709.99 manat olmaqla, cavabdeh 18 ay müddətinə hər ay 181.34 manat ödəmək şərti ilə ümumi dəyəri 3974.02 manat olan “X3 2ND Gen” qulaqlıq, İMEİ kodu SF936JYQXF1 olan “İpad Pro 11-İNCH (M4) Wi-Fi” satın almışdır.
21. Məhkəmə tərəfindən tədqiq edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
22. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3692.96 manat əsas borc, 369.30 manat cərimə olmaqla, cəmi 4062.26 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3164.12 manat əsas borc, 316.41 manat cərimə olmaqla, cəmi 3480.53 manat borcu olmaqla, ümumilikdə 7542.79 manat borcu vardır.
23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər(MM 600.4m).
24. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3692.96 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3164.12 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
25. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəbbə pulunun hesablanaraq tutulması tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən və qanunvericiliyin müddəalarından irəli gəlmişdir.
26. Müqavilənin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürümüşdür.
27. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).
28. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
29. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
30. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 369.30 manat hesablanmış cərimə məbləğinin 50 manat məbləğinə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 316.41 manat hesablanmış cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə Xərcləri:
31. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 97.63 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3692.96 manat əsas, 50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3164.12 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 6957.08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97.63 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3692.96 manat əsas, 50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3164.12 manat əsas, 50 manat cərimə olmaqla, cəmi 6957.08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97.63 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva