Məhkəmə qərarları › İş №e-2(007)-2826/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2826/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2826/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MİDEA kondisioner, Paltaryuyan Samsung, Soyuducu Hoffman üçün 5269.6 manat ödənilməmiş hissə, 690.4 manat cərimə pulu borcu, ümumilikdə 5960 manat borc və 79.60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİDEA kondisioner, Paltaryuyan Samsung, Soyuducu Hoffman almış və nəticədə 5960 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5589.6 manat (yəni 24 ay x 230.4 manat + 60 manat ilkin ödəniş) MİDEA kondisioner, Paltaryuyan Samsung, Soyuducu Hoffman üçün ümumilikdə, 5960 manat olmaqla, ondan 5269.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 690.4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 320 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, düzdür, əşyaları almışdır. Amma qəza keçirmiş və bundan əlavə “Azərtürk” banka da borcu var. Müəyyən müddət maddi çətinlik çəkmişdir. İddiaçıya hər ay 100-150 manat ödəməyi təklif etsə də, qəbul etməmişdir. O, ödəniş etməkdən qaçmır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13982772 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 60 manat ilkin ödənişlə 5589.6 manat məbləğində əşyalar əldə etmiş və həmin məbləği aylıq 230.4 manat olmaqla 24 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 13982772 saylı müqavilə üzrə 5269.6 manat əsas borc, 690.4 manat cərimə borcu olmaqla, ümumilikdə 5960 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyanı sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyanın Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 13982772 nömrəli müqaviləyə əsasən əşyanı tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin xəbərdarlıq məktubundan görünür ki, cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 79.60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 5589.6 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixlərdə də müqavilənin predmeti olan əşyanı "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqaviləsinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 690.4 manat miqdarında cərimə pulu ödənilməmiş əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 368.87 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 79.60 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 79.60 manat dövlət rüsumunun 9.60 manatı iddiaçıya, 70 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5269.6 manat əsas borc, 368.87 manat cərimə, ümumilikdə 5638.47 manat borc və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 9.60 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5269.6 manat əsas borc, 368.87 manat cərimə, ümumilikdə 5638.47 manat borc və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 9.60 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar