Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2849/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh (AA*******, FİN: xxxxxxx) oğlundan müqavilə üzrə yaranmış 2324 manat əsas borcun, 1254 manat gecikmə üzrə dəbbə borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli HH/23-0269 saylı müqavilə bağlanmışdır. Göstərilən müqavilənin şərtlərinə uyğun olaraq 05 sentyabr tarixində 2434 manat (ƏDV 18% daxil olmaqla) dəyərində sifariş etdiyi mallar Cavabdeh təhvil verilmişdir. Müqavilənin 2-ci maddəsində ödəmə qaydası razılaşdırılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödəniş 2 saylı Əlavəyə uyğun icraçıya ödənilməlidir. Aralarında bağlanmış müqavilənin şərtlərinə tərəflərindən sifariş olunan mallar, təhvil-təslim aktı və ödəniş qrafiki təqdim edilsə də, sifarişçi müqavilə şərtlərini pozaraq ödənişləri həyata keçirməmişdir. xx.xx.2023cü il tarixli HH/23-0269 saylı müqavilə üzrə 2434 manat (ƏDV 18% daxil olmaqla) dəyərində mal almış və bu dövr ərzində borcundan 110 manat ödəniş etmişdir və halhazırda cəmi 2324 manat əsas borc və müqavilənin 2.3 bəndinə uyğun olaraq həmin borca uyğun hesablanmış 1254 manat dəbbə olmaqla ümumilikdə 3578 manat borcu vardır. Borcun ödənilməsi ilə bağlı bu günə kimi dəfələrlə etdikləri müraciətlər və danışıqlar (+**********67 nömrəli telefona zəng, iş yerinə edilmiş zənglər ********** daxili 13) nəticəsiz qalmışdır. Bu günə kimi borc ödənilməmişdir, vətəndaş nömrəsini dəyişib və heç bir əsas gətirmədən borcun ödənilməsindən imtina edir. Buna görə də müəssisəyə maddi ziyan dəymişdir. Belə ki, fəaliyyətləri əsasən xarici və qismən də yerli bazardan malları alıb satmaqdan ibarətdir. Xarici təchizatçılar əsasən malların ödənişini qabaqcadan tələb etdikləri üçün maliyyə problemi ilə üzləşirlər.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli “alqı-satqı” müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən satıcı alıcıya hissəhissə ödənilməsi şərti ilə 1 sayl Əlavədə qeyd edilən malları satmağı, borcun məbləği və borca görə ödənilməli olan faizləri satıcı tərəfindən malların alıcıya buraxıldığı gündən hesablanması və bu hesablamalar müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavədəki ödəniş qrafikində əks olunmaqla alqı-satqı müqaviləsi ilə birlikdə alıcıya təqdim edilməsi, alıcı isə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində müəyyən edilmiş müddətlərdə borcun məbləğini və borca görə ödənilməli olan faizləri satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
4. İddiaçı mmc ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli “alqı-satqı” müqaviləsinə 1 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən cavabdehə “Trek domane AL2”, “X2”, “Sunglasses R2 Alligator”, “Bottle Trek silo”, “Saddle Bag RFR”, “Light Front with powerbank” verilmişdir.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli “alqı-satqı” müqaviləsinə 2 saylı Əlavədən görünür ki, ilkin ödəniş 110 manat ödəmək şərti ilə, cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ilk 8 ay 194, son 4 ay 193 manat olmaqla, 2058 manat əsas borc, 317 manat faiz borcu və 58 manat birdəfəlik komissiya ödəməlidir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2434 manat dəyərində sifariş etdiyi məhsul təhvil verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər cəmi 110 manat ödəniş olunmuş, hazırda cəmi 2324 manat əsas borc və müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış 1254 manat dəbbə pulu olmaqla, 3578 manat borc vardır. Borcun 10 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir .
7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 55.78 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh ilə telefon vasitəsilə ilə əlaqə saxlanılan zaman bildirmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır, başından kontuziya almışdır. O, iddiaçı şirkətlə müqavilə bağlamışdır. Velosipedi şəxsi istifadəsi üçün almışdır. O, idmançı olduğu üçün gündə 50-60 km velosiped sürür. Həmçinin velosipedlə bolt-kuryer kimi işləmiş, əsasən yay aylarında işləmişdir. Velosipedi almaqda əsas məqsədi şəxsi istifadə üçün olmuşdur. Ümumi 1800 manata olmuş, o, ödəniş edə bilməmişdir.
İşin faktiki halları :
11. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli nisyə alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin İddiaçı MMC qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
12. Cavabdeh ödəniş edə bilmədiyini, borcu olduğunu qəbul etmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli nisyə alqısatqı müqaviləsi bağlanmışdır.
18. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
19. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya hissə-hissə ödənilməsi şərti ilə 1 sayl Əlavədə qeyd edilən malları satmağı öz öhdəsinə götürmüşdür. 20 İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, HH/23-0269 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavədən görünür ki, ilkin ödəniş 110 manat ödəmək şərti ilə, cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ilk 8 ay 194, son 4 ay 193 manat olmaqla ümumi dəyəri 2058 manat olan 1 saylı Əlavədə qeyd edilən “Trek domane AL2”, “X2”, “Sunglasses R2 Alligator”, “Bottle Trek silo”, “Saddle Bag RFR”, “Light Front with powerbank” satın almışdır.
21. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
22. Belə ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehin xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 2324 manat ödənilməmiş əsas borcu vardır.
23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 2324 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
25. Müqavilənin 2.3-cü bəndindən görünür ki, cavabdeh ödənişləri alqı-satqı müqaviləsinə uyğun həyata keçirməzsə, alıcı satıcıya hər gecikmə günü üçün ödənilməmiş məbləğin 0.2%-i miqdarında cərimə ödəməyi öhdəsinə götürümüşdür.
26. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
27. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1254 manat təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
28. İddiaçı MMC ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
29. İş materialları əsasən müəyyən edilir ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 55.78 manat məbləğində dövlət rüsumu ödəmişdir.
30. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 55.87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli, HH/23-0269 saylı müqavilə üzrə 2324 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 2374 manat və 55.78 manat məbləğində dövlət rüsumu, Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, HH/23-0269 saylı müqavilə üzrə 2324 (iki min üç yüz iyirmi dörd) manat əsas borc, cərimə qismində 50 manat olmaqla, cəmi 2374 (iki min üç yüz yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55.78 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva