Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-289/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** TO *** dövlət qeydiyyat nişanlı Toyota Pirus markalı avtonəqliyyat vasitəsi xx.xx.2023-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D markalı və 77 PL 41 dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtonəqliyyat vasitəsitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Sığorta hadisəsi nəticəsində ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D və ** PL *** dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkənlər tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”lara əsasən ** PL *** dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtonəqliyyat vasitəsinə 1230,00 manat (min iki yüz otuz manat, 00 qəpik) və ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D markalı avtonəqliyyat vasitəsinə isə 2070,00 manat (iyirmi min yetmiş manat, 00 qəpik) məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən ümumilikdə 3300,00 manat (üç min üç yüz manat, 00 qəpik) sığorta dənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3300,00 manat (üç ilin üç yüz otuz manat, 00 qəpik) məbləğində vəsaitin, 53,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, nəqliyyat vasitəsi onun adınadır, Fərid isə onun sürücüsü olub, maşını vurub qaçıb. O, 800 manat pul verib maşınını düzəltdirmişdir, 100 manat cəriməni də ödəmişdir. O, hadisə yerində olmayıb, heç hadisənin şəkillərini belə görməmişdir. Fəridə etibarnamə verməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sığorta şəhadətnaməsinin surətindən görünür ki, ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2024-cü il saat 23:59-dək sığortalanmışdır. Sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur; - AD 848928 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığortalı ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı avtomobilə xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində xəsarət yetirmişdir. Zərərçəkən şəxsə dəymiş zərərin və sığorta ödənişinin yekun məbləği 1230 manat müəyyən edilmişdir və X1 hesabına köçürülmüşdür. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığortalı ** PL *** dövlət qeydiyyat nişanlı “X3” markalı avtomobilə xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində xəsarət yetirmişdir. Zərərçəkən şəxsə dəymiş zərərin və sığorta ödənişinin yekun məbləği 2070 manat müəyyən edilmişdir və "xxxx" MMC-nin hesabına köçürülmüşdür. - "xxxx" ASC-nin zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Honda markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2070 manatdır. - "xxxx" ASC-nin zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 1230 manatdır. - TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 20:30-da ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı avtonəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması və hadisə yerindən yayınması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 53 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** TO *** dövlət qeydiyyat nişanlı Toyota Pirus markalı vtonəqliyyat vasitəsi xx.xx.2023-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D markalı və 77 PL 41 dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtonəqliyyat vasitəsitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Sığorta hadisəsi nəticəsində ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D və ** PL *** dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkənlər tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”lara əsasən ** PL *** dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtonəqliyyat vasitəsinə 1230,00 manat (min iki yüz otuz manat, 00 qəpik) və ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D markalı avtonəqliyyat vasitəsinə isə 2070,00 manat (iyirmi min yetmiş manat, 00 qəpik) məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən ümumilikdə 3300,00 manat (üç min üç yüz manat, 00 qəpik) sığorta dənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə iclasında müəyyən olundu ki, ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 250D markalı və 77 PL 41 dövlət qeydiyyat nişanlı Honda Civic markalı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 3300 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdeh olan Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, yol nəqliyyat hadisəsi baş verən an Cavabdeh1 mülkiyyətində olan ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilmişdir. «İcbari Sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsinin məzmunundan aydın olur ki, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Belə olan halda «İcbari Sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni konteksdə qiymətləndirdikdə bu nəticəyə gəlmək mümkündür ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Bu baxımdan qeyd edilməlidir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyini qiymətləndirərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. «İcbari Sığortalar haqqında» Qanunun istinad olunan maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, işin faktiki halları da nəzərə alınmaqla, Cavabdeh1 məhz ** TO *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olması, onun da hazırkı işə münasibətdə cavabdeh qismində cəlb edilməsinə və subroqasiya qaydasında pul tələbinə dair iddiaya münasibətdə mülki məsuliyyət daşımasına əsas ola bilməz, iddia həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3300 manat ödənişin, 53 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3300 manat ödənişin, 53 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-289/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-289/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver