Məhkəmə qərarları › İş №e-2(007)-2894/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2894/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2894/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi, əqdin etibarsız hesab edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun vəkil və nümayəndəsi Vəkil1, Cavabdeh “İnşaat Konstruksiyaları" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2018-ci il tarixli, 143 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.,7 kv.m olan, 143 nömrəli mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması, sözügedən mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılması, həmin mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 14 iyul 2019-cu il tarixli 153003 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağladığı 03 May 2018-ci il tarixli 143 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 5-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzili pay kimi ona təhvil verməli, o, isə həmin müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin 119,7 kv.m sahəsi üçün 95.000 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməli idi. Həmin müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra olunaraq 95.000 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmiş, bununla bağlı cavabdeh tərəfindən ona 3 yanvar 2020-ci il tarixli maliyyə arayışı verilmişdir. Onu da bildirmək istəyir ki, "xxxx" MMC-nin rəhbərliyi bildirmişdir ki, müqavilə bağlanan tarixdən sonra 1 il ərzində bina inşa olunaraq sahiblərinə təhvil veriləcək. Lakin, "xxxx" MMC verilən vədə əməl etməmiş və binanın inşasında problemlər yaranmışdır. Dəfələrlə cavabdeh təşkilata müraciət edərək binanın inşasının nə vaxt bitməsini və mənzilin təmir nə vaxt təhvil verilməsini soruşanda, cürbəcür bəhanələr gətirərək bildirmişlər ki, yaxın vaxtlarda bina təhvil veriləcək. Sonuncu müraciətində bildirmişlər ki, artıq bina hazırdı və təmirə başlamaq üçün mənzillərə giriş qapısı qoyulmalı, buna isə onların hal-hazırda vəsaiti yoxdur. Ona görədə o, "xxxx" MMC-nin rəhbərliyi ilə razılığa gələrək öz vəsaiti hesabına 2023-cü ilin yanvar ayında mənzilə giriş qapısı quraşdırmış və orada təmir işlərinin aparılmasına başlamışdır. Lakin, bir müddət sonra onu Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə dəvət etmişlər və orda məlum olmuşdur ki, ona məxsus yuxarıda qeyd etdiyi mənzil "xxxx" MMC tərəfindən sonradan digər bir şəxsin adına rəsmiləşdirilmiş, aparılan cinayət işinin nəticəsində verilən ittiham aktından məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbərləri dələduzluq edərək ona məxsus mənzili xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh3 adına rəsmiləşdirilmişlər. Sözügedən cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi üzrə 2025-ci ilin iyun ayında məhkəmə prosesində iştirak edərkən ona məlum olmuşdur ki, 2-ci alıcı olan Cavabdeh3 qohumları, Cavabdeh2 və Cavabdeh1 ona məxsus mənzilin qapısını sındıraraq açarları dəyişmiş və orada təmir işlərinə başlamışlar. Ona məxsus mənzilə qanunsuz daxil olaraq təmir işlərinin aparılmasına öz etirazını bildirəndə, Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında Cavabdeh3 qohumları bildirmişlər ki, "xxxx" MMC-nin sahibi - cinayət işi üzrə təqsirləndirilən şəxs - Rauf Əliyev mənzilin onlara məxsus olmasını deyərək təmir işlərinin aparılmasına icazə vermişdir. Ona görə də o, dərhal Yasamal rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək “təmir, söküntü işlərinin və sənədləşdirmənin aparılmasının cavabdehlərə qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(004)-254/2025 saylı qərardadı ilə ərizə təmin edilərək ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 taqlı 143 nömrəli mənzildə söküntü, təmir və tikinti işlərinin aparılmasının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qadağan edilməsi və həmin mənzilə dair hər-hansı sənədləşdirmə işlərinin aparılmasının "xxxx" MMC-yə qadağan edilməsi qərara alınmışdır. Hal-hazırda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir.

İddia tələbinə etiraz:

3. Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil1 iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 aid hissədə təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 əmisi Cavabdeh3 ilə "xxxx" MMC-nin direktoru Əhmədov R.S. arasında bağlanmış xx.xx.2019-cu il tarixli 153003 nömrəli müqavilə əsasında Cavabdeh3 Rauf Əhmədovun ünvan 1 ünvanında yerləşən ofisində 89.000 (səksən doqquz min) manat ödəməklə ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 117.7 kv.m olan, 153 nömrəli mənzili alımışdır. Mənzili aldıqdan sonra həmin mənzilə öz vəsaiti hesabına qapı qoyulmuşdur. Sözügedən mənzilə qapı qoyularkən həmin mənzildə heç bir qapı olmayıb, heç kim yaşamırdı və heç bir təmir tikinti işləri aparılmamışdır. Eyni zamanda mənzili aldıqdan sonra təmir tikinti işləri aparılmış və həmin mənzildə Cavabdeh3 və ailə üzvləri yaşamağa başlamışdır. Cavabdeh2 və qohumları tərəfindən təmir-tikinti işləri aparılarkən onlara bildirilməmişdir ki, bu mənzil başqa şəxslərə məxsusdur. 2025-ci ildə məlum olub ki, 2018-ci il tarixli müqavilə əsasında sözügedən mənzil Mehriban adlı şəxsə satılıb. Sonrada müqavilə ilə tanış olanda görmüşlər ki, onun mənzilinin ünvanı 143 və kvadratı isə 119.7 kvadratdır. Xüsusi ilə qeyd etmək istəyir ki, mənzilin bir neçə ildir alınmasına baxmayaraq həmin mənzillə bağlı mübahisə 2025-ci ildə qalxmışdır. Hesab edir ki, iddia tələbi Bünyadovlara aid olan hissədə əsassızdır və təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 452-ci maddəsinə əsasən “Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın 3-cü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Buna əsasən deyə bilərik ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər. Təbii ki, bu halda əşyanın borcludan məcburi alınması məhkəmə qaydasında həyata keçirilməlidir. Lakin ola bilər ki, kreditor bu hüququn həyata keçirərkən əşya artıq üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmiş olsun. Bu halda kreditorun həmin əşyanın ona verilməsini tələb etmək hüququ aradan qalxır. Fərdi müəyyən əşyanı vermək üzrə öhdəlik icra edilmədikdə kreditor əşyanın ona verilməsini tələb etmək hüququndan imtina edərək, ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Bu maddəyə əsasən cavabdeh vicdanlı sahib sayılır, çünki o əşyanı əldə edərkən onun başqasının mülkiyyətində olduğunu bilmirdi və bilməli deyildi. Yuxardıda da bildirildiyi kimi əmlak müqavilə əsasında 2019-cü ildə cavabdehə keçmiş və həmin an o mənzili heç kimə satılmadığına inandırılmış və etibar etmişdir. Buna əsasən deyə bilər ki, Cavabdeh3 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ММС-yə 89000 manat muzd ödənilməsi barədə maliyyə arayışına görə Cavabdeh3 mübahisənin predmeti olan mənzillə bağlı iddiaçı ilə eyni hüquqi vəziyyətdə olmuşdur, lakin mənzilin MMC tərəfindən ona təhvil verilməsi, mənzili təmir etdirməklə ailəsi ilə birlikdə orada köçüb yaşaması halı onun artıq həmin mənzilə yiyələnməsini, sifariş etdiyi əmlakı podratçı MMC-dən təhvil almasını dəlalət edən hallardır. Bu vəziyyət iddiaçının mübahisənin predmeti olan mənzilə hüququnun yaranmadığını göstərir. İddiaçı mübahisənin predmeti olan mənzilin ona verilməsini tələb etmək əvəzinə cavabdeh "xxxx" MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Belə bir hala Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3210/2024 nömrəli qərarında münasibət bildirilmişdir.

İş materialları :

5. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok 15 mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan 143 mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 793 manat təyin edilir. Cəmi 119.7 kv.m sahəsi üçün 95.000 manat təşkil edir. Müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi 84.000 manat məbləğində ödənilmişdir.

6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok 15 mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan, 3 otaqlı, 143 saylı mənzilin dəyərini tam ödəmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, məhkəməyə iddia ərizəsi verilənədək 1 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzildə söküntü, təmir və tikinti işlərinin aparılmasının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qadağan edilməsi, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzilə dair hər-hansı sənədləşdirmə işlərinin aparılmasının "xxxx" MMC-yə qadağan edilməsi qərara alınmışdır.

8. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.

9. "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 153003 nömrəli müqavildən görünür ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 117.7 kv.m olan, 153 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 586 manat təyin edilmişdir. Cəmi 117.7 kv.m sahəsi üçün 69000 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin müqavilə qiymətindən 100% miqdarında, yəni 69000 manat ödənilmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15 mərtəbə, ümumi sahəsi 117.7 kv.m olan, 3 otaqlı, 153 saylı mənzilin dəyərini tam ödəmişdir.

11. "xxxx"MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “xidmət müqaviləsi”ndən görünür ki, tərəflər Yasamal rayonu A.M.Şərifzadə ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında təmir və yaşayışa buraxılma barədə müqavilə imzalamışlar.

12. "xxxx" MMC tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, "xxxx" MMC-nin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında cari təmir işlərinin aparılması üçün 2000 manat ödəmişdir.

13. "xxxx" MMC tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 117.7 kv.m olan, 153 nömrəli mənzil Cavabdeh3 məxsusdur və təmirə buraxılır.

14. Azərbaycan Pespublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan binanın 2-ci girişi, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzil 95.000 manat müqabilində İddiaçı xx.xx.20218-ci il tarixdə sonuncu ilə MMC-nin direktoru X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 143 saylı alqı-satqı haqqında müqavilə əsasında satıldıqdan sonra baxmayaraq, mənzilin İddiaçı məxsus olduğunu bildikləri halda, xx.xx.2019-cu il tarixli 153003 saylı müqavilə və həmin tarixli maliyyə arayışı əsasında 89.000 manat müqabilində Cavabdeh3 satılmış və həmin xüsusatlar ittiham aktına daxil edilərək cinayət işi baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda məhkəmə baxışı davam edir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan binanın 2-ci girişi, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzillə bağlı İddiaçı və Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmış, həmçinin mülki iddia verilməmişdir. Hazırda iş məhkəmə baxışı mərhələsindədir.

16. İş materiallarına 2 ədəd CD disk əlavə edilmişdir.

17. İş materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü əlavə edilmişdir.

18. "xxxx" MMC tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin baş mühasibi ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzilin Cavabdeh3 məxsus olduğunu bildirmişdir.

19. Yasamal rayon İcra Şöbəsin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar İddiaçı, borclu Cavabdeh1 bu aktı tərtib edirlər ki, Yasamal Rayon Məhkəməsinin e-16(004)-254/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin etmək məqsədi ilə icra sənədində 143-cü mənzil kimi qeyd edilən, lakin faktiki 153-cü mənzilə gəlmişlər. Mənzildə söküntü, təmir və tikinti işlərinin aparılması borcluya qadağan edilmişdir. Həmçinin "xxxx" MMC-nin nümayəndəsinə mənzillə bağlı sənədləşmə işlərinin aparılması telefon vasitəsi ilə danışılaraq qadağan edilmişdir. İcra hərəkətləri video çəkiliş vasitəsi ilə qeydə alınmışdır.

20. İş materiallarına qaimə-fakturalar əlavə edilmişdir.

21. İş materiallarına mənzilin foto şəkilləri əlavə edilmişdir.

22. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 143 saylı mənzil pilot layihəsinin sakininə verilmişdir. İddiaçı bildirmişdir ki, mənzili alanda ona mənzilin 15-ci mərtəbədə yerləşdiyini, 3 otaqlı, 119 kv sahəli mənzil olduğunu bildirmişlər.

24. Məhkəmə iclasında iştirak edən cavabdeh “İnşaat Konstruksiyaları" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Cavabdeh3 14 iyul 2019-cu il tarixli maliyyə arayışı verilmiş, sonra təmir arayışı verilmişdir. Hazırda cari təmir işləri aparılmışdır. “İnşaat Konstruksiyaları" MMC bildirir ki, 143 və 153 saylı mənzillər fərqli mənzillərdir. 143 saylı mənzil 13-cü mərtəbədə, 153 saylı mənzil 15-ci mərtəbədə yerləşir. “İnşaat Konstruksiyaları" MMC iddiaçıya münasibətdə iddiaçı ilə danışıqlar aparmaq istəyir, ödənilmiş pulun qaytarılmasını təklif edir. Cavabdeh3 münasibətdə artıq mənzil Cavabdeh3 təhvil verilmişdir. Həmin şəxs ilə xidmət müqaviləsi bağlanılıb, təmirə icazə verilib. Şəxs təmir işləri aparmışdır. İddiaçı ilə Cavabdeh3 satılan mənzil eyni deyildir. Eyni olsa, şirkət hər iki tərəflə razılığa gələr. İddiaçı 143 saylı mənzildə qeydiyyatdadır. 143 nömrəli mənzilin müqaviləsi saxta deyil, ikili satışdır. Hazırda 4 blokun heç birində boş mənzil yoxdur. 153 saylı mənzilin sahısi 119-121 kv.m ola bilər. 143 saylı mənzillə 153 saylı mənzildə 10 fərq olduğuna görə sahələrin üst-üstə düşmə ehtimalı var. Binada 13-cü mərtəbədə 143 saylı, sahəsi 117.7 kv.m olan mənzil var və həmin mənzil pilot layihə sakininə məxsusdur.

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Rauf müəllim izahatlarında ikili fikir irəli sürən biridir. Digər işlərdə Rauf müəllim deyir ki, mən imza atamamışam. Hökmdən şikayət verməmişlər, lakin müraciət etmişlər ki, əlavə olunsunlar ki, hökmü götürüb şikayət versinlər.

İşin faktiki halı :

26. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 119.7 kv.m olan 3 otaqlı, 143 saylı mənzili pay kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür.

27. Mənzilin dəyəri bir kv.m sahəsi üçün 793 manat, ümumi 95000 manat təşkil etmişdir. Sözügedən müqaviləyə əsasən mənzilin dəyərinin 84000 manat hissəsinin nmüqavilə bağlanılan zaman qalan hissəsinin müqavilənin ayrılmaz əlavəsi olan ödəniş cədvəlinə əsasən ödənilməsi razılaşdırılmışdır.

28. Mənzilin dəyərinin 84000 manat hissəsi müqavilə bağlanılan zaman, qalan hissəsi xx.xx.2020-ci il tarixində ödənilmiş və "xxxx" MMC tərəfindən müvafiq arayış verilmişdir.

29. "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117.7 kv.m olan, 153 nömrəli mənzili pay kimi Cavabdeh3 verməyi öhdəsinə götürmüşdür.

30. Mənzilin dəyəri bir kv.m sahəsi üçün 586 manat, ümumi 69000 manat təşkil etmiş, mənzilin dəyəri müqavilə bağlanılan zaman ödənilmiş və "xxxx" MMC tərəfindən müvafiq arayış verilmişdir.

31. Müqavilənin 6.3-cü bəndində göstərilmişdir ki, bu mənzil “payçı”nın 2-ci blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117.7 kv.m olan, 3 otaqlı, 144 saylı mənzil ilə əvəzləşdirilir.

32. "xxxx" MMC tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən mənzil təmirə buraxılmışdır.

33. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə 143 nömrəli mənzildə söküntü, təmir və tikinti işlərinin, sənədləşdirmə işlərinin aparılması qadağan edilmişdir.

34. Qərardadın icrası üzrə Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı və Cavabdeh1 iştirakı ilə 143-cü mənzil kimi qeyd edilən, lakin faktiki 153-cü mənzilə baxış keçirilərək akt tərtib edilərək mənzildə söküntü, təmir və tikinti işlərinin, sənədləşdirmə işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir.

35. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən sözügedən Qərardaddan sonra mənzildə təmir işləri (deməsinə əsasən kombi sistemi, isti pol düzəldilmiş, qapı, pəncərələr yenilənmişdir) aparılmışdır.

36. Cavabdeh "xxxx" MMC-nin iddia tələbinə münasibəti iddiaçı ilə bağlanılmış müqavilədə qeyd edilmiş 143 saylı mənzil ilə cavabdeh ilə bağlanılmış müqavilədə qeyd edilmiş 153 saylı mənzillərin eyni mənzil olmaması, 143 saylı mənzilin pilot layihə sakininə, 153 saylı mənzili cavabdehə təhvil verilməsi, 143 saylı mənzilə dair bağlanmış müqavilənin ikili satış olması və iddiaçıya dəymiş zərərin onlar tərəfindən ödənilməli olması olmuşdur.

37. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən İddiaçı mənzilin ilkin alıcısı kimi zərərçəkmiş şəxs kimi tanınmışdır.

38. Həmin hökmə əsasən Cavabdeh2 89 000 manat zərər dəyməsi və dəymiş zərərin ödənilməməsi müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

Məhkəmənin mövqeyi :

42. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

43. İlk növbədə iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. mənzilə sahiblik və istifadə hüququnun tanınması.

2. müqavilənin etibarsız hesab edilməsi.

3. cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi.

İddia tələbinin “mənzilə sahiblik və istifadə hüququnun tanınması” hissəsi ilə bağlı:

44. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh "xxxx" MMC ilə bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119.7 kv.m olan, 3 otaqlı, 143 saylı mənzilin ona təhvil verilməli olmasına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi, mənzilin təhvil verilməməsi ilə əsaslandırılmışdır.

45. İşin müəyyən edilmiş faktiki halları odur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119.7 kv.m olan 143 saylı mənzil iddiaçıya təhvil verilməli, iddiaçı isə mənzilin dəyərini təşkil edən 95000 manat məbləğində pul vəsaitinin 84000 manat hissəsini ödəyib, qalan hissəsini ödəniş cədvəlinə əsasən ödəməli idi.

46. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, mənzilin dəyərinin 84000 manat hissəsi müqavilə bağlanılan zaman, qalan hissəsi xx.xx.2020-ci il tarixində ödənilərək cavabdeh tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmişdir.

47. Qeyd edək ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi, o cümlədən iddiaçı ilə bağlanmış müqavilənin etibarlılığı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

48. Cavabdehin iddiaçı ilə arasında bağlanılmış müqaviləyə, ümumiyyətlə iddia tələbinə münasibəti belə olmuşdur ki, müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan mənzilə dair ikili satış olmuş, həmin mənzil başqa şəxsə təhvil verilmişdir, bu səbəbdən iddiaçıya dəymiş zərər onlar tərəfindən ödənilməlidir.

49. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilənin etibarlılığı mübahisələndirilmədiyindən və məhkəmə tərəfindən də qeyd edilən hal müəyyən edilmədiyindən iddiaçı müqavilə üzrə öhdəliyin icrasını tələb edərək mənzilə sahiblik və istifadə hüququnun tanınması və ona təhvil verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir.

50. İşin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, iddiaçı ilə müqavilə bağlanıldıqdan sonra mübahisə obyekti olan mənzil cavabdeh "xxxx" MMC tərəfindən başqa şəxsə satılmış, həmin mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Sözügedən müqaviləyə əsasən cavabdeh "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli, yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117.7 kv.m olan 153 saylı mənzili Cavabdeh3 təhvil verməyi öhdəsinə götürmüşdür.

51. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan 143 saylı mənzil ilə, Cavabdeh3 təhvil verilməli olan 153 saylı mənzillərin eyni mənzil olması mübahisələndirildiyindən ilk növbədə həmin mənzillərin eyni mənzil olub-olmamasına qiymət verilməlidir.

52. İşin faktiki halı odur ki, həm İddiaçı, həm də Cavabdeh3 yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən mənzil təhvil verilməsi öhdəliyə götürülmüşdür. Bağlanmış müqavilələr arasında fərq mənzilin ölüçüsü və nömrəsi arasındadır. İddiaçıya 15-ci mərtəbədə yerləşən sahəsi 119.7 kv.m olan, 3 otaqlı 143 saylı mənzil, Cavabdeh3 isə binanın 15-ci mərtəbəsində yerləşən sahəsi 117.7 kv.m olan, 3 otaqlı 153 saylı mənzil təhvil verilməsi öhdəliyə götürülmüşdür.

53. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, həmin fərq ilə bağlı cavabdeh "xxxx" MMC-nin təsisçisi X11 və baş direktoru X4 istintaq zamanı verdikləri ifadələrində (məhkəmədə istintaq zamanı verdikləri ifadələri təsir və təzyiq altında vermədiklərini bildirmişlər) göstərmişlər ki, mənzillərin nömrə sayı fərqlidir, əsas kimi blok, mərtəbə və mənzilin kvadrat metrlə sahəsi götürülür. Müqavilələrdə mənzillərin sahəsində 2 və ya artıq kvadrat fərq olur və bunun səbəbi divarın iç hissəsindən və ya çöl tərəfindən kvadratı hesablamaları olmuşdur. Həmçinin müqavilələrdə mənzillərin nömrəsi səhv göstərilmişdir. Belə ki, bina ilkin olaraq 16 mərtəbə olduğundan və sonradan 18 mərtəbə olduğu üçün mənzillərin sayında fərq yaranmış və uyğunsuzluq olmuşdur. Ona görə də əsas kimi giriş, mərtəbə, otaq sayı və sahəsi götürülmüşdür.

54. Göründüyü kimi bağlanmış müqavilələrdə olan mərtəbə fərqi cavabdeh "xxxx" MMC tərəfindən Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının ilkin layihədə 16 mərtəbə nəzərdə tutulması, daha sonra isə 2 mərtəbə artırılması ilə bağlı olmuşdur.

55. Həmçinin məhkəmə tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında inşa olunan binanın 2-ci giriş, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 m2 olan 3 otaqlı 143 nömrəli mənzil 95.000 (doxsan beş min) manat müqabilində İddiaçı xx.xx.2018-ci il tarixdə sonuncu ilə MMC-nin direktoru X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 143 saylı alqı-satqı haqqında müqavilə əsasında satıldıqdan sonra, mənzilin İddiaçı məxsus olduğunu bildikləri halda, xx.xx.2019-cu il tarixli 153003 saylı müqavilə və həmin tarixli maliyyə arayışı əsasında 89.000 manat müqabilində Cavabdeh3 satılmışdır.

56. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, "İnşaat Konstruksiyaları” MMC tərəfindən ünvan 9 ünvanda inşa edilən binada 2-ci giriş, 15-ci mərtəbə, 119.7 kv.m sahəsi olan 3 otaqlı mənzil xx.xx.2018ci il tarixli Ş_143 saylı müqavilə və ilkin ödəniş olaraq 84.000 manat ödəməklə, 11.000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli maliyyə arayışı əsasında 95.000 manat müqabilində İddiaçı, xx.xx.2019-cu il tarixli 153003 saylı müqavilə və həmin tarixli maliyyə arayışı əsasında 89.000 manat müqabilində Cavabdeh3 satılmışdır.

57. Həmçinin Yasamal Rayon Məhkəməsinin 16(004)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal Rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra məmuru tərəfindən iddiaçı və Cavabdeh1 iştirakı ilə icra sənədində 143 saylı mənzil kimi qeyd edilən faktiki 153 nömrəli mənzilə baxış keçirilərək cavabdehlərə müvafiq hərəkətlərin (təmir, quraşdırma vəs.) edilməsi qadağan edilmişdir.

58. Məhkəmə işin tədqiq edilən halları ilə belə nəticəyə gəlmişdir ki, müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan 143 saylı mənzil ilə cavabdehə təhvil verilməli olan 153 saylı mənzil eyni mənzillərdir.

59. Qeyd edilməlidir ki, "İnşaat Konstruksiyaları” MMC tərəfindən ünvan 9 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasında sonradan layihənin dəyişdirilərək 2 mərtəbə artırılması və bu səbəbdən mənzillərin nömrələri arasında uyğunsuzluqlar yaranması, sonradan mənzillərin nömrələrinin dəyişdirilməsi mübahisəsiz hal olsa da, cavabdehin nümayəndəsi tərəfindən mübahisə obyekti olan mənzillərin eyni mənzillər olmamasına dair verilən izahat məhkəmə tərəfindən cavabdehin mübahisənin iddiaçıya dəymiş zərərin ödənilməsi və mənzilin cavabdehlər Bünyadovlara təhvil verilməsi ilə həll edilməsində maraqlı olması ilə bağlı verilən izahat olaraq qiymətləndirilmişdir.

60. Məhkəmə qeyd edir ki, 143 saylı mənzil ilə 153 saylı mənzilin eyni mənzillər olması işin müəyyən edilmiş halı olduğundan hazırda qiymət verilməli olan məsələ həmin mənzilin kimə təhvil verilməli olmasıdır.

61. İşin faktiki halı odur ki, cavabdeh ilkin olaraq mübahisə obyekti olan mənzili iddiaçıya təhvil vermək öhdəliyi götürmüşdür. Belə ki, iddiaçı ilə 2018-ci ilin 03 may tarixində, cavabdeh ilə isə xx.xx.2019-cu il tarixində müqavilə bağlanılaraq müvafiq öhdəlik götürülmüşdür.

62. İddiaçının müqaviləsi daha əvvəl bağlandığına görə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən iddiaçı mənzilin ona verilməsini tələb etmək hüququna malikdir.

63. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.

64. Həmin normaya əsasən “bu hüquq” əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.

65. Hazırki mülki iş üzrə mübahisə obyekti olan mənzil cavabdehə mülkiyyət hüququ ilə verilməmişdir. Onun həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur.

66. Müəyyən edilmişdir ki, cavabdeh "İnşaat Konstruksiyaları” MMC tərəfindən Cavabdeh3 mübahisə obyekti olan mənzilin təmirə buraxılmasına dair xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Bünyadova Şahmar tərəfindən mənzildə təmir işlərinin aparılması üçün 2000 manat ödəniş edilməsinə dair arayış verilmişdir.

67. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin aprel ayından cavabdehlər tərəfindən mənzildə təmir işləri görülməyə başlanılmışdır. Lakin mənzildə əsaslı təmir işləri görülməmişdir. Cavabdehlər mənzil ilə bağlı mübahisə olduğunu bildikləri halda, həmçinin mənzildə təmir işlərinin aparılmasına qadağa qoyulmasına dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq mənzildə təmir işləri aparmışlar. Müəyyən edilmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqindən sonra cavabdehlər tərəfindən mənzildə kombi sistemi, isti pol düzəldilmiş, qapı, pəncərələr yenilənmişdir. Cavabdehlər bunun səbəbini Rauf Əliyev tərəfindən “mənzil sənindir, get təmir et” deməsi ilə bağlı olduğunu bildirmişdir.

68. Müəyyən edilmişdir ki, iddiaçının daha əvvəl məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməməsinin səbəbi cavabdeh MMC-nin məsul şəxsləri, Rauf Əliyev tərəfindən mənzilin ona məxsus olması ilə bağlı daim əminlik verməsi olmuş, lakin cinayət işi üzrə son məhkəmə iclasında Rauf Əliyev tərəfindən mənzilin Bünyadovlara məxsus olması ilə bağlı bildirdiklərindən (camaat ev təmir edib sənə verəcək) sonra məhkəməyə ərizə ilə müraciət etmişdir.

69. Qeyd edilməlidir ki, 2025-ci ilin iyun ayında keçirilən cinayət işi üzrə məhkəmə iclası zamanı, Rauf Əliyev tərəfindən mənzilin Bünyadovlara məxsus olması ilə bağlı fikir bildirilməsi işin müəyyən edilmiş halını təşkil edir.

70. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olduğu, cavabdeh MMC iddiaçı qarşısında mənzili təhvil vermə öhdəliyi daşıdığı halda Rauf Əliyev tərəfindən mənzilin Bünyadovlara məxsus olması ilə bağlı fikir bildirməsi onu ifadə etmir ki, məhkəmə tərəfindən mənzil onlara təhvil verilməlidir. Yəni cavabdeh MMC-nin təsisçisinin mənzili satdığı iki şəxsdən birinə münasibətinin yaxşı olması, aralarında məhkəmə üçün məlum olmayan başqa münasibətlərin olma ehtimalı (qohumluq, tanışlıq və ya başqa məhkəməyə məlum olmayar razılaşma) məhkəmə tərəfindən mənzilin cavabdeh MMC-nin “təsisçisinin münasibətinin yaxşı olduğu, mənafeyini müdafiə etdiyi şəxsə” təhvil verilməsi üçün əsas ola bilməz. Əks halda ədalətli, obyektiv məhkəmə araşdırmasından söhbət gedə bilməz.

71. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC məhkəmə təcrübəsində mənzil iki şəxsə satıldığı halda, mənzilin mənzil kimə təhvil verilmişdirsə, mənzildə kim yaşayırsa həmin şəxsə təhvil verildiyini bildiyindən öz səlahiyyətindən suiistifadə edərək mənzildə cavabdeh Bünyadovlar tərəfindən təmir işləri aparılmasına şərait yaratmışdır.

72. Qeyd edilən hal məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsinin verdiyi izahatlarda da öz təsdiqini tapmışdır. Belə ki, o izahatında bildirmişdir ki, artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən mənzildə kim təmir işləri aparırsa, kim yaşayırsa mənzil ona təhvil verilir. Cavabdehin nümayəndəsinin mövqeyindən aydın olmuşdur ki, mənzildə Bünyadovlar tərəfindən təmir işləri aparıldığından, MMC tərəfindən onlara təhvil verildiyindən hazırki iş üzrə də məhkəmə təcrübəsinə uyğun olaraq mənzil Bünyadovlara təhvil verilməlidir.

73. Məhkəmə qeyd edir ki, doğrudur ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından əmlaka mülkiyyət hüququ başqa şəxsə verildiyi halda iddiaçının tələb hüququ aradan qalxır.

74. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları baxımından isə məhkəmə qeyd edir ki, cavabdeh MMC tərəfindən cavabdeh Bünyadovlara təmirə icazəyə dair arayış verilməsi, o cümlədən onlar tərəfindən mənzildə təmir işləri aparılması əmlaka mülkiyyət hüququnun cavabdeh Bünyadovlara verilməsi kimi qiymətləndirilə bilməz.

75. İlk növbədə ona görə ki, qeyd edilməlidir ki, məhkəmə təcrübəsində mənzil iki şəxsə satıldığı halda Mülki Məcəllənin 452.1-ci maddəsinin “bu hüquq üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır” tələbi o şəxslərə münasibətdə tətbiq edilir ki, həmin şəxslər vicdanlı əldə edən olub, mənzilə dair mübahisə olduğunu bilmədən həmin mənzildə təmir işləri apararaq mənzildə yaşamağa başlamışlar. Yəni həmin norma vicdanlı əldə edənlərin hüquqlarını, mənafeyini qorumağa yönəlmişdir. Lakin hazırki mülki iş üzrə qeyd edilən normanın tələbi baxımından əmlaka mülkiyyət hüququ cavabdeh Bünyadovlara verilməmişdir.

76. Müəyyən edilmişdir ki, cavabdeh Bünyadovlar və MMC tərəfindən mülki hüququn əsas prinsiplərindən biri olan vicdanlılıq prinsipinin tələbləri pozulmuş, hüquqdan suiistifadə hallarına yol verilmişdir.

77. Belə ki, mübahisə obyekti olan mənzilə dair İddiaçı ilə də bağlanmış müqavilə olması barədə məlumatlı olmalarına baxmayaraq cavabdeh Bünyadovlar tərəfindən mənzildə təmir işləri aparılmağa başlanılması, qərardada baxmayaraq davam etdirilməsi vicdanlılıq prinsipinin pozulmasıdır. Məhkəmə icraatı zamanı verilən izahatlar, işin faktiki hallarından məhkəmə belə nəticəyə gəlmişdir ki, Bünyadovlar tərəfindən mənzildə təmir işləri aparılmasına qadağa qoyulmasına baxmayaraq mənzildə təmir işləri aparılması cavabdeh MMC ilə formalaşmış məhkəmə təcrübəsinə dair aparılmış danışığın nəticəsi olmuşdur.

78. Cavabdeh MMC tərəfindən isə mənzilə dair İddiaçı qarşısında götürülmüş öhdəlik olmasına, cinayət işi üzrə icraatın davam etməsinə baxmayaraq cavabdeh Bünyadovlara mənzilin təhvil verilməsi, onlara mənzildə təmir işləri aparılmasına şərait yaradılması, iddiaçıya mənzildə təmir işləri aparılmasına maneə olunması hüquqdan sui-istifadə olaraq qiymətləndirilməlidir.

79. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, ona mənzilə daxil olmağa icazə verilmirdi. Qeyd etmişdir ki, qarantin vaxtı mənzilə qapı qoymuş, ondan sonra yalnız müvəqqəti təminat tədbirinə dair qərardadın icrası zamanı icra məmuru ilə birlikdə mənzilə daxil ola bilmişdir. Digər vaxtlarda binaya girişə icazə verilməmiş, yalnız ofisə daxil olub danışa bilmişdir.

80. Məhkəmə qeyd edir ki, cavabdeh MMC-nin məhkəmənin icraatında olan işləri üzrə (yerli baxış zamanı) müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi kimi, binaya cavabdeh tərəfindən kimə şərait yaradılırsa, həmin şəxs daxil ola bilir.

81. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

82. Mülki Məcəllənin 560.1, 560.2 və 506.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur.

83. Hazırki mülki iş üzrə cavabdeh MMC tərəfindən ilk öncə iddiaçı qarşısında öhdəlik götürülməsinə baxmayaraq, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. O halda cavabdeh MMC-nin hərəkəti hüquqdan sui-istifadə kimi qiymətləndirilməzdiki cavabdeh MMC iddiaçıya dəymiş zərəri ödəyər və ondan sonra mənzilin cavabdeh Bünyadovlara təhvil verilməsi istqamətində hərəkətlər edər və ya mövqe sərgiləyərdi. Hazırki iş üzrə isə cavabdehin nümayəndəsi yalnız son məhkəmə iclasında iddiaçı ilə danışıqlar aparmağa hazır olduqlarını bildirmişlər.

84. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqlar dedikdə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ilk öncə iddiaçı qarşısında öhdəlik götürülməsinə baxmayaraq həmin mənzilə dair ikinci bir şəxslə müqavilə bağlanılması qanuni hərəkət olaraq qiymətləndirilə bilməz.

85. Həmçinin ona görə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-133/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmdən görünür ki, Rauf Əliyev "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan binanın 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı 143 nömrəli mənzilin 95.000 manat müqabilində İddiaçı xx.xx.2018-ci il tarixdə sonuncu ilə MMC-nin direktoru X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 143 saylı alqı-satqı haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin İddiaçı tərəfindən həmin tarixdə ilkin ödəniş kimi 84.000 manat, 03 yanvar 2020-ci il tarixdə isə tam ödənilməsinə baxmayaraq, mənzilin İddiaçı məxsus olduğunu bildikləri halda, 2019-cu ilin iyul ayında mənzil almaq üçün MMC-nin maliyyə işləri üzrə direktor müavini X8 vasitəsilə özünə müraciət etmiş X5 aldadıb özünə olan inam və etibarından istifadə edərək eyni mənzili ona göstərməklə heç kimə satılmadığına və tam əminliklə 89.000 manatla ona sata biləcəyinə inandırıb, sonuncudan mənzilin ona satılması adı ilə xx.xx.2019-cu il tarixdə MMC-nin ünvan 10 ünvanında yerləşən ofisində 89.000 manat məbləğində pul vəsaitini X8 vasitəsilə şəxsən alıb əldə etdiyi pul vəsaitini Rəsul Əhmədov və Zahir Nəcəfovla aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qeyd edilənlərə qanuni görüntü vermək məqsədilə qeyd edilən ofisdə xx.xx.2019-cu il tarixdə rəsmi sənəd olan həmin tarixli 153003 saylı mənzilin alqı-satqısı barədə müqaviləyə və mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışına mənzil sahəsinin Sadiq Bündayovun əmisi X1 və mənzil sahəsinin dəyərinin tam ödənilməsi haqqında maliyyə arayışına məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri MMC-nin direktoru X4 imzalayıb, özü isə MMC-nin təsisçisi və faktiki rəhbəri kimi möhür əksi ilə şəxsən təsdiq etmişdir.

86. Həmçinin "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Müqavilənin 6.3-cü bəndində göstərilmişdir ki, bu mənzil “payçı”nın 2-ci blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117.7 kv.m olan, 3 otaqlı, 144 saylı mənzil ilə əvəzləşdirilir.

87. Göründüyü kimi, cavabdeh MMC Cavabdeh3 qarşısında olan başqa öhdəliyini icra edə bilmədiyindən, iddiaçıya məxsus olan mənzilin cavabdehə təhvil verilməsi ilə bağlı öhdəlik götürərək iddiaçının hüquq və manefeyinə zidd olan hərəkət etmişdir.

88. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mənzildə cavabdehlər tərəfindən “görülən təmir işləri” Mülki məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından mənzilə mülkiyyət hüququnun onlara verilməsi kimi qiymətləndirilə bilməz.

89. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən “əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”.

90. Hazırki mülki iş üzrə cavabdeh MMC tərəfindən mübahisə obyekti olan mənzili təhvil vermə öhdəliyi iddiaçının xeyrinə daha öncə əmələ gəldiyindən və məhkəmə tərəfindən mübahisə obyekti olan mənzilin cavabdeh Bünyadovlara mülkiyyət hüququ ilə verilməsi müəyyən edilmədiyindən mübahisə obyekti olan mənzilə dair iddiaçının sahiblik və istifadə hüququ tanınmalıdır.

91. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

92. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: hüquq mənasında sahibliyin müdafiəsi;- fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir.

93. Əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

94. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar).

95. Mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı öhdəlik daşımasına baxamayaraq cavabdeh MMC tərəfindən iddiaçının hüquq və mənafeyinin pozulması işin mübahisəsiz halı olduğundan, iddiaçı həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və onun mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır.

İddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı:

96. İddiaçı iddia tələbinin hazırki hissəsini cavabdeh MMC tərəfindən onunla bağlanılmış müqaviləyə əsasən mübahisə obyekti olan mənzili ona təhvil vermə öhdəliyi daşımasına baxmayaraq həmin mənzilə dair cavabdehlə müqavilə bağlaması ilə əsaslandırmışdır.

97. Məhkəmə iddia tələbinin hazırki hissəsi ilə bağlı bildirir ki, iddiaçı cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır.

98. Belə ki, işin tədqiq edilən halları iləbelə nəticəyə gəlinmişdir ki, iddiaçı Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən hüquqa - mənzilin ona verilməsini tələb etmək hüququna malikdir. Yəni qüvvədə olan qanunvericiliyə əsasən mübahisə obyekti olan mənzil iddiaçıya təhvil verilməli olduğundan, iddiaçı mənzilin ona təhvil verilməsini tələb etmək hüququna malik olduğundan və cavabdehin müqaviləsi isə həmin hüquqla ziddiyyət təşkil etdiyindən, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən iddiaçı cavabdehin müqaviləsinin etibarsız sayılmasını tələb edə bilər.

99. Məhkəmə qeyd edir ki, müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh3 tərəfindən mənzilə görə mənzilin müqavilədə göstərilən dəyərindən əlavə ödəniş edildiyindən, habelə müvafiq tələb olmadığından etibarsızlığı nəticələri tətbiq edilməməli, cavabdehə dəymiş zərərin ödənilməsi ilə bağlı hüququ izah edilməlidir.

İddia tələbinin “cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” hissəsi ilə bağlı:

100. İddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab ediliyindən və iddiaçının mübahisə obyekti olan mənzilə sahiblik və istifadə etmək, MM-nin 452.1-ci maddəsinə əsasən mənzilin ona verilməsini tələb etmək hüququna malik olması tanındığından iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mübahisə obyekti olan mənzildən cavabdehlərin çıxarılaraq mənzilin ona təhvil verilməsini tələb etmək hüququna malikdir.

101. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

102. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

103. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:

1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;

2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;

3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

104. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə üst-üstə düşür.

Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:

105. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018ci il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119.7 kv.m olan 143 saylı mənzil iddiaçıya təhvil vermək, iddiaçı tərəfindən isə mənzilin dəyərini təşkil edən 95000 manat məbləğində pul vəsaitini ödəmək öhdəliyə götürülmüşdür. İddiaçı tərəfindən öhdəlik yerinə yetirilərək mənzilin dəyəri tam şəkildə ödənilmişdir.

106. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisə obyekti olan mənzilin dəyərinin tam şəkildə ödənilməsi, onun mənzilə dair sahiblik və istifadə etmək hüququ olması müəyyən edildiyindən o, gələcəkdə həmin mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir.

107. Həmçinin Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yəni iddiaçının mübahisə obyekti olan mənzilə sahiblik və istifadə hüququ tanındığından o, cavabdehlərin mənzildən çıxarılması tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir.

Əmlakın cavabdehin sahibliyində olması:

108. İşin mübahisəsiz halıdır ki, mübahisə obyekti olan mənzil cavabdehlərin sahibliyində olub, həmin mənzilə dair cavabdehlər tərəfindən təmir işləri aparılmışdır. Məhkəmə iclasında cavabdehlərin verdikləri izahata əsasən müəyyən edilmişdir ki, müqavilə tərəfi Cavabdeh3 olsa da, həmin mənzildə Cavabdeh2 və Cavabdeh1 tərəfindən təmir işləri aparılmışdır.

109. Həmşinin iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli “təmir və yaşayışa buraxılmaya dair xidmət müqaviləsi”nin tərəfi olaraq Cavabdeh3 göstərilməsinə baxmayaraq müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır. Belə ki, həmin müqavilədə olan imza ilə, xx.xx.2024-cü il tarixli arayışda olan imza eyni şəxs tərəfindən imzalanmışdır.

Cavabdehin əmlaka sahibliyinin qanunsuz olması:

110. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edildiyindən cavabdehlərin mübahisə obyekti olan mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirmələrinin qanuni əsası yoxdur.

Məhkəmə xərcləri :

111. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

112. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 may 2018-ci il tarixli, 143 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan, 143 nömrəli (faktiki 153 nömrəli) mənzilə İddiaçı istifadə və sahiblik hüququ tanınmalı, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, 153 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 14 iyul 2019-cu il tarixli 153003 nömrəli müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, 143 nömrəli (faktiki 153 nömrəli) mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir.

113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 may 2018-ci il tarixli, 143 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, 3 otaqlı, 143 nömrəli (faktiki 153 nömrəli) mənzilə İddiaçı istifadə və sahiblik hüququ tanınsın; ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, 153 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 14 iyul 2019-cu il tarixli 153003 nömrəli müqavilə etibarsız hesab edilsin; ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan, 143 nömrəli (faktiki 153 nömrəli) mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar