Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2925/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibiİmanzadə Türbət Rəşad qızının katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 620 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixində iddia tələbinin həcmini artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 620 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus olan mənzildən, "xxxx" ASC-də “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə sığortalanmış X7 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə su axmışdır. ASC tərəfindən sığortalanmış mənzilə dəymiş zərərə görə 620 (altı yüz iyirmi) manat məbləğində sığorta ödənişi edilmişdir. Subasma hadisəsinin cavabdehə məxsus olan mənzildən su axması nəticəsində baş verməsi Nizami rayonu MKTB-nin xx.xx.2017-ci il tarixli aktı ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 620 (altı yüz iyirmi) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehlərdən tutulmalıdır.
İş materialları :
4. AZ/PİM/15/1809/0199 nömrəli “əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi”ndən görünür ki, sığortalı X7 məxsus ünvan 2 ünvanı "xxxx" ACS tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmlakın yanğından və digər əlavə risklərdən sığortası növü ilə sığortalanmışdır. Sığorta məbləği 38.000 manatdır.
5. xx.xx.2017-ci il tarixli, 1705/Fİ-017/2017 nömrəli “Sığorta aktı”ndan görünür ki, sığortalı X7 məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 108, 33 saylı mənzilə xx.xx.2017-ci il tarixində baş vermiş su basma növündə sığorta hadisəsinə görə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 620 manat müəyyən edilmişdir. 620 manat sığorta ödənişi sığortalının təyin etdiyi nümayəndənin bank hesabına köçürmə yolu ilə ödənilmişdir.
6. xx.xx.2017-ci il tarixli “dəymiş zərərin hesabatı”ndan görünür ki X7 məxsus ünvan 2 ünvanına dəymiş zərər 620 manat təşkil edir.
7. xx.xx.2017-ci il tarixli, 3862 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 620 manat məbləğində sığorta ödənişi edilmişdir.
8. Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli məktuba əsasən ünvan 4 ünvanında yerləşən mənzillərin sahibi barədə arayış təqdim edilmişdir.
9. 57 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Nizami rayonu, E.Süleymanov küçəsi 112 saylı binanın 42 saylı mənzil Cavabdeh1 şəxsi mülkiyyətindədir. E.Süleymanov küçəsi 112 saylı binanın 45 saylı mənzil X3 şəxsi mülkiyyətindədir.
10. 57 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, E.Süleymanov 108 mənzil 33-ə Rüstəm Rzayevin ərizəsinə əsasən baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, mənzil 42-də su sistemində olan problemdən bir neçə mənzil zərər çəkmiş, o cümlədən 33-cü mənzilin dəhliz və mətbəxinə su axmış və qonaq otağına su axması müşahidə olunmuşdur.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli Çıxarışdan göürünür ki, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır.
12. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-cü il tarixli, 956 saylı pretenziya məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə sizə məxsus olan mənzildən "xxxx" ASC-də “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə sığortalanmış, X7 məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış evinə su axdığı bildirilmişdir. ASC tərəfindən sığortalanmış mənzilə dəymiş zərərə görə 620 manat məbləğində sığorta ödənişi edilmişdir. ASC tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 620 manat məbləğində sığorta ödənişinin məbləğini sizdən tələb etmək hüququna sahib olmuşdur. Odur ki, qeyd edilən zərər məbləğini 5 gün ərzində şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
13. İş materiallarına mənzilin foto şəkilləri əlavə olunmuşdur.
14. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanı xx.xx.2001-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 50 saylı notariat konturunun 4Ə-301 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-216 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
15. Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 57 saylı MKİS tərəfindən Bakı şəhəri Nizami Rayon məhkəməsinə ünvanlanmış xx.xx.2026-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 112 saylı binanın 42 saylı mənzilinin mülkiyyətçisi X2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108 saylı binanın 42 saylı mənzili ilə heç bir əlaqəsi yoxdur.
16. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsinə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmənin mülahizəsinə buraxır.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir 20.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixdə) iştirak edən 57 saylı MKİS-nin sahə nəzarətçisi X6 izahatında bildirmişdir ki, aktı tərtib edən Anar Bayramovdur. O, da sahə nəzarətçisi olaraq iştirak etmişdir. Üstündən çox vaxt keçib, dəqiq xatırlaya bilmir. Xatırlayır ki, 4-cü mərtəbədən su axmışdır. Axan su 1-ci mərtəbəyə qədər gəlib çıxmışdır. Kimin mənzilinə su axmışdır adını xatırlamır, lakin 33-cü mənzil idi. Həmin mənzilə baxış keçirəndə 42-ci mənzildən su axırdı. Həmin mənzilin kimə məxsus olduğu yadında deyil. 42-ci mənzildə hamamda problem yaranmışdı, mənzilin özünədə ziyan verərək su aşağı mərtəbələrə keçmişdi. 4-cü mərtəbədən 1-ci mərtəbəyə qədər ziyan dəymişdir. O 4-cü mərtəbədə olan Lətifə xanımı tanıyır, Arzu xanımı, Rzayeva Taliyəni tanımır. 39,36,33 nömrəli mənzillərə su axmışdır.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
İşin faktiki halı :
25. X8 məxsus olan ünvan 1 ünvanı "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmlakın yanğından və digər əlavə risklərdən sığortası növü ilə sığortalanmışdır.
26. xx.xx.2017-ci il tarixində baş vermiş su basma növündə sığorta hadisəsi nəticəsində X8 məxsus mənzilə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 620 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
27. İddiaçı-sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmış sığortalı X8 məxsus mənzil ünvan 1 ünvanında, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan 42 saylı mənzil ünvan 8 ünvanında yerləşir.
Məhkəmənin mövqeyi :
28. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
29. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan “620 manat məbləğində sığorta ödənişinin tutulması” tələbini cavabdehlərin təqsiri nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış mənzilə dəymiş zərərə görə sığortalıya ödənilmiş sığorta ödənişi məbləğinin cavabdehlərdən subroqasiya qaydasında tutulmalı olması ilə əsaslandırmışdır.
30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
31. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
33. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (MM 936.1m).
34. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2017ci il tarixində baş vermiş su basma növündə sığorta hadisəsi nəticəsində iddiaçı tərəfindən “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə sığortalanmış X7 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə zərər dəymişdir. Dəymiş zərərə görə sığortaçı "xxxx" ASC tərəfindən sığortalıya 620 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
35. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
37. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
38. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
39. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
40. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
42. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
43. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
44. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə zərərin mövcudluğu işin mübahisəsiz halı olduğundan hazırki halda, iddiaçının üzərinə zərərin cavabdehlərin qanunsuz hərəkət və hərəkətsizliyinin nəticəsində baş verməsi və qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmasını sübut etmək vəzifəsi düşür.
45. İlk növbədə qeyd edək ki, işin mübashisəsiz halıdır ki, Cavabdeh1 hazırki iddia tələbinə cavab verməli olan şəxs deyildir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta hadisəsinin baş verdiyi zaman 42 saylı mənzil Cavabdeh1 deyil, digər Cavabdeh2 mülkiyyət və sahibliyində olmuşdur.
46. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən zərərin Cavabdeh2 tərəfindən vurulması sübuta yetirilə bilməmişdir.
47. Belə ki, iddiaçı iddia tələbinin faktiki hallarını təsdiq etmək üçün məhkəməyə 57 saylı MKİS tərəfindən tərtib edilmiş akt təqdim etmiş və həmin akta əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sığortalanmış və sığorta hadisəsinin baş verdiyi mənzil 112 saylı deyil, 108 saylı binada yerləşir. Lakin iddiaçı ətraflı araşdırma aparmadan 112 saylı binada yerləşən Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
48. Məhkəmə tərəfindən həqiqətən də 42 saylı mənzilin Cavabdeh1 mülkiyyətində olmasını aydınlaşdırmaq üçün müvafiq sorğu edilmiş və nəticədə iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 mülkiyyətində olan mənzilin sığorta hadisə baş verən zaman Cavabdeh2 mülkiyyətində olduğu aşkar edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Cavabdeh2 cavabdeh qismində cəlb edilərək ona qarşı tələb irəli sürmüş və işin məhkəmədə baxılmasına davam edilməsi üçün Cavabdeh1 qarşı olan tələbdən imtina edilməmişdir.
49. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sığortalanmış, sığortalı X4 mülkiyyətində olan və su sızması barədə akt tərtib edilmiş mənzil Bakı şəhəri, E.Süleymanov küçəsi 108 saylı binada, Cavabdeh2 mülkiyyətində olmuş və hazırda Cavabdeh1 mülkiyyətində olan mənzil isə Bakı şəhəri, E.Süleymanov küçəsi 112 saylı binada yerləşir. Cavabdeh1 məxsus olan 42 saylı mənzil ilə, 108 saylı binanın 42 saylı mənzilləri isə eyni mənzillər deyillər. Qeyd edilən hal məhkəmə sorğusu əsasında 57 saylı MKİS tərəfindən təqdim edilmiş məktuba əsasən öz təsdiqini tapmışdır.
50. Məhkəmə qeyd edir ki, qanuna zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunan, yaxud icazə verilən hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmayan, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər dəyir.
51. Məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş maddi zərərin cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddiaçının hazırki halda cavabdehlərə münasibətdə subroqasiya qaydasında pul tələbi əsassızdır.
Məhkəmə xərcləri.
52. iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
53. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçınn özünə aid edilməlidir.
Nəticə :
54. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 620 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
"xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 620 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva