Məhkəmə qərarları › İş №e-2(007)-294/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-294/2023

09.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-294/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehlər "xxxx" MMC-nin vəkili-nümayəndəsi Cavabdeh3 vəkili Vəkil2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə “müqavilənin ləğv edilməsi, pay hüququnun tanınması və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi, pay hüququnun tanınması və pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, miras qoyan X4 "xxxx" MMC-dəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1/12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması, “Dodge Durango” markalı, 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin dəyəri olan 40000 manat vəsaitin 1/12 hissəsi olan 3333,33 manat üzərində İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması və 3333,33 manat vəsaitin cavabdehlər Cavabdeh2 Yağı qızı və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin bağışlanmasına dair xx.xx.2013-cü il tarixli “Bağışlama" müqaviləsinin və çıxarışın ləğv edilməsi, həmin mənzilin 1\24 hissəsinə İddiaçı vərəsəlik qaydasında məcburi pay hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilin bağışlanmasına dair xx.xx.2013-cü il tarixli “Bağışlama” müqaviləsi və çıxarışın ləğv edilməsi, həmin mənzilin 1\24 hissəsinə İddiaçı vərəsəlik qaydasında məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 ilə Qanuni nümayəndə faktiki nikahından xx xxxx 2005-ci il tarixdə İddiaçı doğulmuşdur. Miras qoyan X12 xx.xx.2014-cü ildə ağır xəstəlikdən- baş-beyin metastazından ölmüşdür. X12 ölümündən sonra ondan miras əmlakın 1/6 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanınmışdır. X25 sahibi olduğu bəzi daşınar və daşınmaz əmlaklar, pullar, şirkət hissələri, səhmləri digər vərəsələr və 3-cü şəxslər tərəfindən gizlədilmiş, bəzi əmlaklar isə qanunsuz şəkildə özgəninkiləşdirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 adına xx.xx.2012-ci il tarixli “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış 27 mart 2014-cü il tarixdə Sahib Qasımovun adından çıxarılmışdır. Halbuki, Sahib Qasımov xx.xx.2014-cü il tarixdə ölmüş, ölümündən 10 gün sonra qanunsuz yollarla qeyd olunan nəqliyyat vasitəsi Sahib Qasımovun adından çıxarılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X12 "xxxx" MMC-nin və "xxxx" ASC-nin təsisşisi olmuşdur. Məhkəmə qaydasında vərəsə İddiaçı "xxxx" ASC-də pay hüququ tanınmış, lakin "xxxx" MMC vərəsə İddiaçı gizlədilmişdir. "xxxx" MMC-nin digər vərəsələr Cavabdeh3 tərəfindən gizlədilməsinin səbəbi Sahib Qasımzadənin ölümündən sonra "xxxx" İstehsalat Birliyi tərəfindən MAXX Tikinti Servis” MMC-yə 706084 manat pulun ödənilməsi olmuşdur. Həmin pul digər vərəsələr və Cavabdeh3 tərəfindən mənimsənilmişdir. "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov ev 35, mənzil 100, qanuni təmsilçisi Cavabdeh3dur. xx.xx.2013-cü il tarixlıi bağışlama müqaviləsindən görünür ki, Sahib Qasımovun mülkiyyətində olan ünvan 1, 100 nömrəli mənzili Cavabdeh2 bağışlanmış, həmin müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına çıxarış verilmişdir. xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə də Sahib Qasımovun mülkiyyətində olan ünvan 4 ünvanı Cavabdeh2 bağışlanmış və həmin müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına çıxarış verilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X21 atası hesab edilmiş və bununla əlaqədar olaraq 6 mart 2007-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sahib Qasımov öldüyü məqamadək mülkiyyətində olmuş və o, "xxxx" MMC-nin öldüyü günədək təsisçisi olmuşdur. İddiaçı ölmüş şəxsin qızı olduğu və məcburi pay hüququna malik olan şəxslər sırasına aid olduğu, Sahib Qasımovun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 100 saylı mənzil və ünvan 6ən 14 saylı mənzil bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə keçdiyi, həmin mənzillərin bağışlanması ilə miras qoyanın ölümü arasında iki ildən artıq müddət keçmədiyi, qeyd olunan mənzillər mirasa daxil olsaydı miras əmlakın həcmi artmış olacağı üçün vərəsə İddiaçı tərəfindən tamamlama tələbinin təmin edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021 tarixli qərarında göstərilən şərtlərinə uyğundur. Həmçinin, Sahib Qasımovun ölümdən sonra 6 nəfər birinci növbə vərəsələr olmuşdur. X15, Lalə Rzayeva, Mehriban Qasımova, Mustafa Qasımov miras qalmış əmlaka münasibətdə vərəsəlik payından notariat kontorunda Cavabdeh2 Tahir qızının xeyrinə imtina etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə və əsassız iddia qaldırıldığı üçün Mülki Prosessual Məcəllənin 120-ci maddəsini rəhbər tutaraq iddiaçının ağlabatan məbləğdə cərimə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Çünki demək olarki, eyni tərəflər arasında eyni predmet üzrə iddiaya Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmış və 2(007)-216/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12614/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, miras qoyan X4 adına "xxxx" ASC-də olan hər səhmlərinə münasibətdə iddia tələbi təmin edilmişdir. Həmçinin, “Dodge Durango” markalı nəqliyyat vasitəsi bankda girovda olmuş, etibarnamə əsasında 2014-cü ildə özgəninkiləşdirilmiş və əldə olunan vəsait Sahib Qasımovun dəfn mərasiminə sərf olunmuşdur. Həmin vaxt iddiaçının harada nə işlə məşğul olduğu məlum deyildir. ünvan 1 ünvanında yerləşən 100 saylı mənzili Sahib Qasımov hələ sağlığında həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. ünvan 7 ünvanında yerləşən 14 saylı mənzilin bağəşlanmasına dair 27 noyabr 2013-cü il tarixli müqavilə ilə Sahib Qasımov tərəfindən həyat yoldaşı Cavabdeh2 bağışlanılmışdır. Həmçinin, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlanaraq iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsinə görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin göstərilən dəlilləri yalandır və əsassızdır. Belə ki, “Dodge Durango” markalı, 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin satılmasına dair 27 mart 2014cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 5 ünvanında yerləşən 100 saylı mənzilin bağışlanmasına dair 02 oktyabr 2013-cü il tarixli “Bağışlama” müqaviləsinin və ünvan 6ən 14 saylı mənzilin bağışlanmasına dair 27 noyabr 2013-cü il tarixli “Bağışlama” müqaviləsinin bağlanmasından 8-9 il vaxt keçmişdir. Lakin İddiaçı 8-9 il vaxt keçməsinə baxmayaraq məhkəmədə iddia qaldırmamışdır. X24 oğlu 17 mart 2014-cü ildə ağır xəstəlikdən-baş beyin metastazından ölmüşdür. Mülki qanunvericilikdə mirasın qəbul edilməsi üçün 6 ay müddət müəyyən edilmişdir. X12 17 mart 2014-cü il tarixdə öldüyündən, qanunvericilikdə mirasın qəbul edilməsi üçün 6 ay müddət müəyyən edildiyindən, İddiaçı X4 ölümündən sonra 6 ay müddət ərzində öz hüququnun pozulduğunu bilməli olduğundan, iddia müddətinin axımı həmin (xx.xx.2014-cü il tarixdən) vaxtdan hesablanmalıdır. İddiaçı Sahid qızının qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz verərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli 2(102)-5355/2019 nömrəli Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı və digər məhkəmə qərarları ilə İddiaçı Sahib Qasımovun miras əmlakının bir hissəsinə vərəsəlik hüququnun tanındığını nəzərə alaraq, həmin qərarlar qanunu qüvvəsini aldığı və hazırki iş üzrə preyudisial xarakter daşıdığı üçün İddiaçı tərəfindən miras tamamilə qəbul edilmişdir. Hal-hazırda iddia miras qalmış əmlaklar üzərində payların və məcburi payların müəyyən edilməsidir. İddiada göstərilən əmlaklar bir qismi qanunsuz yollarla özgənələşdirildiyi, şirkətə ödənən vəsaitlər gizlədildiyi, evlər bağışlandığı üçün bugündək qeyd olunan əmlaklar üzərində iddiacının payının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı nəqliyyat vasitəsini atasının ölümdən sonra qanunsuz şəkildə satılmasını Daxili İşlər Nazirliyinin 1 iyul 2022-ci il tarixli məktubundan sonra bilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı 8 yanvar 2021 tarixdə çıxarılmışdır. Həmin qərardan sonra İddiaçı məlum olmuşdur ki, bağışlanan əmlaklardan məcburi payını tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş ərizə əsassızdır. Cavabdehlər "xxxx" MMC-nin vəkili və nümayəndəsi Cavabdeh3 vəkili Vəkil2 iddia ərizəsinə yazılı etirazlar verərək, öz izahatlarında iddianı qəbul etmədiklərini və iddia əsassız olduğundan rədd edilməli olduğunu bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin 2(007)-3177/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 qarşı “Azəriqaz" İstehsalat Birliyindən almış olduğu pulun 1/6 hissəsinə dair iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, Cavabdeh3 "xxxx" MMC-nin təsisçilərindən biri, cəmiyyətin iştirakçısı olub, ona görə də onun mərhum X4 vərəsəsi qarşısında heç bir öhdəliyi yoxdur, çünki vərəsə cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsindən X4 payına düşən hissəni öz 1/6 hissəsində münasibətdə mübahisələndirə bilər. Qanuni nümayəndə isə həmin hissədə olan həddə payı deyil, ümumilikdə “Azəriqaz" İstehsalat Birliyindən MMC-nin hesabına köçürülmüş pulun 1/6 hissəsini tələb edir. O cümlədən, məhkəmə qeyd edir ki, eynilə cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 baxmayaraq ki, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorudur, o, iddia tələbinə cavab verəcək şəxs deyildir, iş materiallarına əsasən sözügedən pul vəsaiti sonuncunun hesabına köçürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda dəqiqləşdirmə ərizəsi əsasında cəlb edilmiş cavabdehlər iddia tələbinə cavab verəcək şəxs olmadıqlarından iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Hər bir halda qeyd etmək zəruridir ki, Cavabdeh3 mənimsəmə faktı ilə heç bir məsuliyyətə cəlb edilməmişdir. Həmçinin digər etirazında bildirilmişdir ki, "xxxx" MMC 634492.79 manat pulun 1/12 hissəsi tələbi ilə əlaqədar hissədə təqdim olunmuş iddianı qəbul etmir. İddia həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azəriqazdan köçürülmüş pul xalis mənfəət deyil və hamıya məlum olduğu kimi razılaşdırılmış məbləğ müqavilə bağlanan vaxt bütün xərclər daxil olmaqla hesablanan məbləğ olur adətən xərclər çıxıldıqdan sonra gəlir məbləği 10 faiz olur. Lakin, "xxxx" MMC maliyyə vəziyyəti məlum olduğu kimi gərgin olmuşdur. Təsisçilərin biri ölmüşdür, həmin tarixdən sonra şirkət yeni gəlir əldə edə bilməmişdir, bütün gəlirlər əvvəlki borc və xərclərin ödənilməsinə yönəlmiş və başa çatdıqdan sonra fəaliyyəti dayandırılmışdır. Həmin dövrdə hesablaşmalar nağd aparılmışdır. Dövlət Vergi Xidməti tərəfindən səyyar vergi yoxlaması aparılmış fəaliyyəti yoxlanılmış hər hansı vergidən yayınma və mənimsəmə faktı aşkar edilməmişdir. 07 mart 2016-cı il tarixli akt tərtib edilmişdir və gəlirin olmadığı görünür. Eyni zamanda şirkət fəaliyyətini dayandıran vaxt yenə vergi xidməti tərəfindən Nəzarət kitabçasına qeydiyyat aparılmışdır. "xxxx" MMC-də mənimsəmə faktı ilə hər hansı cinayət işi aparılmamış, vergi yoxlaması nəticəsində heç bir fakt aşkarlanmamışdır. Nizami Rayon Məhkəməsinin 2(007)- 3177/2022 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilir ki “Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi pulun gizlədildiyi və mənimsənildiyini barədə dəlilləri sübut edə bilməmişdir.” Həmçinin, qanunvericilikdə pul tələbi ilə bağlı 3 illik iddia müddəti nəzərdə tutulmuşdur, həmin müddətin nəzərə alaraq pul tələbi ilə bağlı iddia müddəti keçmişdir. Belə ki, iddiaçı həmin vaxt tələblərini irəli sürsəydi Şirkət öhdəlikləri ilə bağlı proseslərin iştirakçısı olardı və pulun hara xərclənməsi prosesində iştirak edərdi. Hazırda belə bir tələblə çıxış etməzdi. Ona görə də məhkəmə tərəfindən qətnamə qəbul edərkən pul tələbi ilə bağlı iddia müddətinin keçməsinə hüquqi qiymət verilməlidir. Göstərilənləri və pul tələbi ilə bağlı iddia müddətinin keçdiyini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş ediilmişdir. İddiaçı Sahid qızının qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə vəsatət verərək Azər Vəliyev, Cavabdeh2 və Cavabdeh4 cinayət əməlləri barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin iclasları dövründə məhkəməyə daxil olmuş sənədlərə əsasən məlum olmuşdur ki, X4 adına 14 may 2012-ci il tarixdə ‘Dodge Durango’ markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyat alınmış, həmin nəqliyyat vasitəsi 27 mart 2014-cü il tarixdə Sahib Qasımovun adından çıxarılaraq X13 adına rəsmiləşdirilmişdir. X19 ölmüş şəxs X3 Qasımovanın əridir. X28, Cavabdeh2 və Cavabdeh4 Sahib Qasımovun öldüyünü bilə-bilə qanunsuz yollarla nəqliyyat vasitəni əvvəlcə öz adlarına rəsmiləşdirmiş, daha sonra sataraq vəsaiti ələ keçirtmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsinin ikinci səhifəsinin birinci abzasından görünür ki, cavabdehlər ölmüş şəxs X4 mülkiyyətində olan “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə 2014-cü ildə satdıqlarını etiraf etmişlər. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, X12 öldükdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik işləri açılmış və bəzi əmlaklar üzrə paylar müəyyən edilmişdir. Məhkəmədə əvvəlcədən baxılan mülki iş üzrə şəxsin nəqliyyat vasitələri barədə X18 sorğu verilmiş və sorğu düzgün qoyulmadığı üçün sorğuya cavab olaraq X4 adına nəqliyyat vasitəsinin olmaması barədə məlumat daxil olmuşdur. İddiaçı israrla X4 adına “Dodge Durango” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğunu demiş, onun tərəfindən geniş vəkil sorğusu verildikdən sonra doğurdan da X4 adına qeyd olunan nəqliyyat vasitəsi olması məlum olmuşdur. Həmin avtomobil xx.xx.2012-ci il tarixdə şəxsin adına alınmış, şəxs ölən zaman da avtomobil şəxsin adına olmuş və avtomobil üzrə üç nəfərdə etibarnamə olmuşdur. X12 öldükdən sonra kürəkəni Cavabdeh4 etibarnamə əsasında həmin avtomobili özgəninkiləşdirmiş və avtomobil Sahib Qasımovun adından çıxarılaraq X13 adına rəsmiləşdirilmişdir. X19 ölmüş şəxs X3 Qasımovanın əridir. X28, Cavabdeh2 və Cavabdeh4 Sahib Qasımovun öldüyünü bilə-bilə qanunsuz yollarla nəqliyyat vasitəsini əvvəlcə öz adlarına rəsmiləşdirmiş, daha sonra sataraq vəsaiti ələ keçirtmişlər. Kürəkən bilirdi ki, bu adam ölmüşdür və burada kürəkən vicdanlı şəxs ola bilməz. Həmin vaxt avtomobilin qiyməti 60000 manat olmuşdur. Qarşı tərəf özü “Dodge Durango” markalı **- NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğunu və həmin avtomobilin satılaraq X4 yas mərasiminə xərcləndiyini etiraf etmişdir. Həmin avtomobil satılan vaxt yeni olmuşdur, hazırki vəziyyətdə həmin avtomobilin bazar dəyəri 40000 manatdır, yəni belə çıxır ki, mərhumun yas mərasiminə 40000 manat vəsait xərclənmişdir. Əgər Tahirə xanım avtomobilin alqı-satqı qiymətinin 39000 manat olmasını bildirirsə orada 1000 manat vəsaitin problemi yoxdur. Onlar məhkəmə tərəfindən qərar qəbul edilərkən avtomobilin dəyərinin 39000 manat qəbul edilərək paylarının müəyyən edilməsinə etiraz etmirlər. Mülki Məcəlləyə əsasən ölmüş şəxsin adına olan etibarnamə şəxs ölən kimi qüvvədən düşür, vərəsəlik qanunvericiliyinə əsasən şəxs öldüyü gündə onun olan əmlaklar mirasın aktiv hissəsinə daxildir. Eyni zamanda X12 "xxxx" MMC-nin təsisçisidir, onlar ona görə MMC-yə maraqlıdırlar ki, MMC ilə "xxxx" İB arasında məhkəmə mübahisəsi olmuş və şəxsin sağlığında məhkəmə prosesləri yekunlaşmamış, şəxs öldükdən sonra məhkəmə prosesləri yekunlaşmış və "xxxx" İB tərəfindən 706084 manat "xxxx" MMC-yə ödənilmişdir. Bundan öncə də həmin məbləğlə bağlı məhkəmə prosesləri olmuş, lakin "xxxx" MMC-nin üzərində vərəsəlik hüquq tanınmadığı üçün iddia tələbi təmin edilməmişdir. Şirkətə "xxxx" İB tərəfindən ödənilən pulu cavabdeh Tahirəgil digər cavabdeh Şahinin əlindən almışlar. "xxxx" İB pulu könüllü icra etməmiş və orada icra vərəqəsi olmuşdur. Cavabdeh3 qanun təmsilçidir, təsisçidir və bu şirkət barədə məlumatlar təqdim etmir. Sadəcə şifahi surətdə deyir ki, həmin məbləği Tahirəgil əlindən almışdır. Həmin məbləğ gizlədilmişdir. "xxxx" İB MMC-yə ödədiyi pulla bağlı xərclərə dair qarşı tərəf sənəd təqdim etsin və onlara da aydın olsun ki, həmin pullar doğurdan da hara xərclənmişdir. MMC X4 olmuşdur, sadəcə Cavabdeh3 onun ən güvəndiyi şəxs olduğu üçün ona cəmiyyətdə pay hüququ verilmişdir. İddiaçının şirkətdən xəbəri olmuş, sadəcə şirkətə köçürülən puldan sonradan xəbərləri olmuşdur. Şirkətə köçən o pulun taleyi neçə olub bilinmir, pul ortada yoxdur. İddiaçının ən azından şirkətdə vərəsəlik hüquqü tanınmalıdır. Digər mübahisəli iki daşınmaz əmlak X4 yeznəsi tərəfindən etibarnamə ilə şəxs ölməmişdən 3-4 ay əvvəl ölmüş şəxsin həyat yoldaşına bağışlanmışdır, yəni şəxsin xəstəliyindən istifadə etmişlər. Belə ki, əgər X12 əmlakları bağışlamaq istəsə idi, özü bağışlayardı, nə üçün yeznəsinə etibarnamə vermiş və yeznəsi də onun arvadına etibarnamə ilə bağışlamışdır. Həmin əmlaklar birgə nikah dövründə alınan əmlakdır. O, iddia müddətinə münasibətdə bildirir ki, onlar müddəti ötürməmişlər, məlumatı təzə yəni 2022-ci ilin altıncı ayında sorğuların cavabına əsasən əldə etmişlər. Məhkəmə iclasında cavabdehlər "xxxx" MMC-nin vəkili-nümayəndəsi və Cavabdeh3 vəkili Vəkil2 etirazların məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın onlara münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Cavabdeh3 davamlı olaraq məhkəməyə çağırılır və o, Bakı şəhərində yaşamır, şəkər xəstəsidir, hər dəfə məhkəməyə çağırıldıqda stress keçirir. Hazırda Cavabdeh3 qarşı bir tələb yoxdur, nə vaxtsa olarsa həmin vaxt münasibət bildirəcəklər. "xxxx" MMC-yə gəldikdə isə orada payçının biri Cavabdeh3 və digəri X7r. Bu məsələ ilə bağlı "xxxx" MMC-yə müraciət olunmamışdır. Hazırda bu şirkət fəaliyyət göstərə və heç bir gəlir əldə edə bilmir, "xxxx" MMC istəsə də Qaytənə bir pay hüquq verə bilməyəcək, çünki təsisçinin biri rəhmətə getmişdir, buna görə də şirkət heç bir əməliyyat apara bilmir. Bütün gəlirlər əvvəlki borc və xərclərin ödənilməsinə yönəlmiş və başa çatdıqdan sonra fəaliyyəti dayandırılmışdır. Həmin dövrdə hesablaşmalar nağd aparılmışdır. Dövlət Vergi Xidməti tərəfindən səyyar vergi yoxlaması aparılmış fəaliyyəti yoxlanılmış hər hansı vergidən yayınma və mənimsəmə faktı aşkar edilməmişdir. 07 mart 2016-cı il tarixli akt tərtib edilmişdir və gəlirin olmadığı görünür. Eyni zamanda şirkət fəaliyyətini dayandıran vaxt yenə vergi xidməti tərəfindən Nəzarət kitabçasına qeydiyyat aparılmışdır. MMC-də mənimsəmə faktı ilə hər hansı cinayət işi aparılmamış vergi yoxlaması nəticəsində heç bir fakt aşkarlanmamışdır. Şirkət fəaliyyətini dayandırandan sonra yeni yoxlama gəlməmişdir. "xxxx" İB-dən köçürülmüş pul xalis mənfəət deyil və hamıya məlum olduğu kimi razılaşdırılmış məbləğ müqavilə bağlanan vaxt bütün xərclər daxil olmaqla hesablanan məbləğ olur, adətən xərclər çıxıldıqdan sonra gəlir məbləği 10 faiz olur. "xxxx" İB-nin ödədiyi pula gədikdə isə həmin pullar şirkətin digər borclarına ödənilmişdir. MMC tikinti işləri ilə məşğul olurmuş və "xxxx" İB ilə bağlı işləri görərkən tikinti materiallarına, fəhlələrə və digər xərclərə qeyd olunan məbləğdən xərclənmişdir. Bundan başqa MMC-nin 200000 manat vergi borcu olmuşdur. "xxxx" MMC-nin cavbadeh qismində qoyulması düzgün deyil, pay hüququ ilə bağlı rəsmiləşdirmə şirkətdə aparıla bilməz, rəsmiləşdirmə vergidə aparılır. Şirkətdə nizamnamədə dəyişiklik yoxdur. Təsisçilər sadəcə reystrdə qalmışlar. X4 MMC-də pay hüququ 60 faiz və Cavabdeh3 həmin şirkətdə pay hüququ 40 faizdir. MMC-nin "xxxx" İB-yə ödədiyi 634000 manat xalis mənfəət deyildir. Hazırda iddiaçı iddia ərizəsində göstərdiyi pulun gizlədildiyi və mənimsənildiyi barədə dəlilləri sübut edə bilməmişdir. Eyni zamanda qanunvericilikdə pul tələbi ilə bağlı 3 illik iddia müddəti nəzərdə tutulmuşdur, həmin müddətin nəzərə alınsa pul tələbi ilə bağlı iddia müddəti keçmişdir. Belə ki, iddiaçı həmin vaxt tələblərini irəli sürsə idi şirkət öhdəlikləri ilə bağlı proseslərin iştirakçısı olar və pulun hara xərclənməsi prosesində iştirak edərdi. Hazırda belə bir tələblə çıxış etməzdi. Bundan başqa iddiaçı tərəf təsisiçi olmalıldır ki, pay hüququ olsun. Həmçinin həmin vaxt mübahisəli avtomobil satılan vaxt qiyməti 60000 manat olmuşdur. Belə də iddiaçının MMC üzərində pay hüququnun tanınmasına etiraz etmirlər. Əgər istəyirsə tərəf gəlib şirkətin sənədləri ilə də tanış ola bilər. "xxxx" İB tərəfindən ödənilən pul ilə bağlı da qanunamüvafiq tədbir görülməsi üçün müraciət edilə bilər. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 Tahirə xanım Xətai rayonundakı evlə bağlı barışmır və iddianı qəbul etmir. Tahirə xanım “Dodge Durango” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 39000 manata satıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, ünvan 1, mənzil 100 X12 (etibarnamə əsasında adından çıxış edən Rzayev Azər) tərəfindən Cavabdeh2 bağışlanmışdır. - xx.xx.2013-cü il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, b 39, 14 nömrəli mənzil X12 (etibarnamə əsasında adından çıxış edən Rzayev Azər) tərəfindən Cavabdeh2 bağışlanmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 02810353 nömrəli Çıxarışa əsasən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 39, mənzil 14 X4 adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 39, mənzil 14 Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. - Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci il təvəllüdlü İddiaçı atası olması atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007ci il tarixdə 48 nömrə ilə qeydə alınması müəyyən edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə baş-beyin metastazından vəfat etmişdir. - Bakı şəhəri 30 saylı xüsusi notariat kontorunun xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən notariat kontorunda vərəsəlik işi açılmışdır. Mirasın qəbulu haqqında ərizə ilə mərhum X4 yetkinlik yaşına çatmamış qızı İddiaçı adından çıxış edən anası Qanuni nümayəndə xx.xx.2014-cü ildə notariat kontoruna müraciət etmiş, həmçinin mərhumun digər birinci dərəcəli vərəsələri sayılan qızları Sevinc Bədəlova, Lalə Rzayeva, Mehriban Qasımova, atası Mustafa Qasımovun mirasın qəbulundan Cavabdeh2 Tahir qızının xeyrinə imtina edilməsi barədə ərizələri daxil olmuşdur. Vərəsələr tərəfindən mirasa daxil olan hər hansı daşınar və daşınmaz əmlak üzərində mülkiyyət və ya digər hüququ təsdiq edən zəruri sənədlər təqdim edilmədiyindən və həmin məlumatların aşkar olunmadığı səbəbindən Cavabdeh2 və İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5355/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X12 tərəfindən ödənilmiş 34903.32 manat vəsaitin yarısı olan 17451.66 manatın 1/6 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanındığı müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12614/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə şikayət qismən təmin edilmiş, miras qoyan X4 adına "xxxx" ASC-də olan hər birinin nominal dəyəri 2 manat olmaqla 27670 ədə öhdəliklərlə yüklənmiş səhmlərin yarısının, yəni 13835 ədəd səhmin 1/6 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il taixli icra vərəqəsinin surətindən görünür ki, 674264,55 manat məbləğində borc "xxxx" İB-dən tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********172200 nömrəli məktubuna əsasən X4 "xxxx" MMC və "xxxx" ASC-nin təsisçisi olması müəyyən edilmişdir. - AR DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 66422- 1222 nömrəli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə X4 adına qeydiyyata alınmış və 27 mart 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X10 tərəfindən onun adından qeydiyyatdan çıxarılmışdır. Həmçinin, "xxxx" MMC-nin adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. - MAXX Tikinti Servis” MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, MMC-nin təsisçiləri X12 və Cavabdeh3dur. Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları X4 6 manat, 6 pay Cavabdeh3 4 manat, 4 pay müəyyən olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3177/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90- 1.1-ci maddəsinin tələbləri qaydasında məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsindən əldə edilən, payına uyğun hissəni almaq üçün "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququnun ona izah edilməsi qət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin 40000 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X12 ilə Qanuni nümayəndə faktiki nikahından xx.xx.2005-ci il tarixdə İddiaçı doğulmuşdur. Miras qoyan X12 xx.xx.2014-cü ildə ölmüşdür. X4 ölümündən sonra 6 nəfər qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr olmuşdur. X15, Lalə Rzayeva, Mehriban Qasımova, Mustafa Qasımov öz miras paylarından Cavabdeh2 Tahir qızının xeyrinə imtina etmişlər. İddiaçı AR Ali Məhkəməsinin qərarı ilə vərəsə kimi tanınaraq Bakı şəhəri, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X12 tərəfindən ödənilmiş 34903.32 manat vəsaitin yarısı olan 17451.66 manatın 1/6 hissəsinə vərəsəlik qaydasında pay hüququ müəyyən edilmişdir. Daha sonra iddiaçıya miras qoyan X4 mülkiyyətində olan digər miras əmlakların olması məlum olmuşdur. İddiaçı həmin əmlaklarda miras payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Miras qoyan X4 mülkiyyətində olan “Dodge Durango” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun ölümündən sonra onun sağlığında verilmiş etibarnamə əsasında xx.xx.2014-cü il tarixdə tarixdə alqı-satqı müqaviləsi ilə onun adından qeydiyyatdan çıxarılaraq X19 adına qeydiyyata alınmışdır. Cavabdeh X8 vəkili və nümayəndəsi Vəkil3 öz izahatında həmin avtomobilin 39000 manata satıldığını, X16 və Cavabdeh4da etirazında avtomobilin satılma vəsaitinin xərcləndiyini etiraf etmişdir. Həmçinin, X4 mülkiyyətində olan ünvan 1, 100 nömrəli mənzil və Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, b 39, 14 nömrəli mənzil onun sağlığında Cavabdeh2 bağışlanmışdır. Həmin daşınmaz əmlaklar hazırda Cavabdeh2 adınadır. İş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin nizamnamə kapitalında miras qoyan X4 6 payı (60%) vardır. Digər 4 pay (40%) Cavabdeh3 adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı bildirir ki, ərizədə Mülki qanunvericilikdə mirasın qəbul edilməsi üçün 6 ay müddət müəyyən edilməsi bildirilsə də, qeyd olunan altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbi mübahisəli əmlaklara sahiblik və mülkiyyət hüququnun tanınması ilə bağlı olduğundan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən həmin tələblərə iddia müddəti şamil edilmədiyindən ərizə əsassız hesab edilməlidir. Məhkəmə Cavabdeh2 hazırki iş üzrə iddiaçının iddia qaldırılması üçün subyektiv hüququnun olmaması dəlili ilə bağlı bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5355/2019-cu il saylı xx.xx.2019cu il tarixli qərarına əsasən Bakı şəhəri, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X12 tərəfindən ödənilmiş 34903.32 manat vəsaitin yarısı olan 17451.66 manatın 1/6 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanındığından İddiaçı vərəsəlik hüququnun olub-olmaması mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə uyğun olaraq iddiaçının miras qoyandan qalmış miras əmlakın bir hissəsinə pay hüququ müəyyən edildiyindən onun miras əmlakı tamamilə qəbul etdiyi hesab edilir. Hazırda İddiaçı mübahisəli əmlaklar ilə bağlı vərəsəlik qaydasında pay hüququnun tanınması barədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırılması ilə bağlı subyektiv hüququnun olmaması qənaətinə gəlinə bilməz. Bütün bu qeyd olunanlar, həmçinin bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması və məhkəməyə müraciət etmək hüququndan imtina edilməsinin etibarsız olması (MPM-nin 4.1-ci və 4.2-ci maddələri) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 etirazında “iddia əsassız iddia qaldırıldığı üçün Mülki Prosessual Məcəllənin 120-ci maddəsini rəhbər tutaraq iddiaçının ağlabatan məbləğdə cərimə olunması barədə qərardad qəbul edilməsi” hissəsinin təmin edilməməsinə və əsassız olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 135.1 və 135.2-ci maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 2000-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləısinin 106.3cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə uyğun olaraq həmin "xxxx" MMC-nin 60% hissəsi miras qoyanın öldüyü zaman onun mülkiyyətində olduğu üçün miras əmlaka daxildir və iddiaçının həmin miras əmlakda miras payı vardır. Lakin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 37.1-ci maddələrinə və AR Mülki Məcəlləsinin 225.1-ci, 1162-ci maddələrinə uyğun olaraq "xxxx" MMC-də olan 60% pay nikah dövründə X4 mülkiyyətinə daxil olduğundan həmin payın ½ hissəsinə vərəsəlik hüquq yaranmır. Həmin payın ½ hissəsinə isə digər vərəsələr cavabdeh X8 xeyrinə imtina etdiklərindən 11/12 hissəsinə X8, 1/12 hissəsinə isə İddiaçı miras pay hüququ vardır. Buna görə də, iddia tələbi “miras qoyan X4 "xxxx" MMC-dəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1/12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Dodge Durango” markalı, 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin dəyəri olan 40000 manat vəsaitin 1/12 hissəsi olan 3333,33 manat üzərində İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması və 3333,33 manat vəsaitin cavabdehlər Cavabdeh2 Yağı qızı və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Belə ki, mübahisəli avtomobil X4 əvəzindən etibarnamə əsasında Cavabdeh4 ilə X19 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə onun adından qeydiyyatdan çıxarılmışdır. Həmin avtomobil sonradan müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmışdır. Hazırda avtomobil X5 mülkiyyətindədir. Həmin şəxs vicdanlı alıcıdır. X8 qızı Mehriban Qasımovanın həyat yoldaşı X19 və Cavabdeh4 xitam verilmiş etibarnamə ilə alqı satqı aparan şəxslər olmaqla Sahib Qasımovun xx.xx.2014-cü ildə vəfat etməsi onlara məlum olmuşdur. Cavabdeh4 isə vəsaiti cavabdeh X11 verməkdə səlahiyyətli olmamışdır. Ona görə də həmin vəsaitin iddiaçıya çataçaq hissəsinin qaytarılmasında onunla birlikdə cavabdehlik daşımalıdır. Avtomobilin 39000 manata satılması cavabdeh X8 vəkili və nümayəndəsi Vəkil3 izahatı ilə təsdiq olunmuşdur. Həmçinin, cavabdeh X16 və Cavabdeh4 öz etirazında da avtomobilin etibarnamə əsasında 2014-cü ildə özgəninkiləşdirilməsini və əldə olunan vəsaitin Sahib Qasımovun dəfn mərasiminə sərf olunmasını bildirmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi X4 ölümündən sonra etibarnamə əsasında bağlanılmışdır. Həmin nəqliyyat vasitəsi miras qoyanın ölümündən sonra onun sağlığında verilmiş etibarnamə əsasında özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Mülki qanunvericiliyə əsasən səxsin sağlığında əqd bağlamaqla ifadə edilmiş iradəsi onun ölümündən sonra heç də bütün hallarda etibarlı deyil. Şəxsin ölümünün etibarlılığına təsir etdiyi əqdlərdən biri etibarnamədir. Məcəllənin 366.2-ci və 366.4-cü maddələrinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Hazırki işdə mübahisəli nəqliyyat vasitəsi miras qoyanın ölümündən sonra, miras qoyanın öldüyünü bilən ailə üzvləri tərəfindən özgəninkiləşdirilmişdir. Bu səbəbdən həmin alqı-satqı müqaviləsi etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırki halda da iddiaçının qanuni nümayəndəsi tərəfindən alqı-satqı qiymətinin üzərində pay hüququnun tanınması tələb edildiyindən həmin alqı-satqı müqaviləsi üzrə cavabdeh X9 ödənilmiş 39000 (otuz doqquz min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/12 hissədə, yəni 3250 manat olmaqla pay hüququ tanınmalı və həmin vəsait X8 və Cavabdeh4n etirafı əsasında Cavabdeh4 və X6 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının “Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, b 39, 14 nömrəli və ünvan 1, 100 nömrəli mənzillərin cavabdeh X8 adına rəsmiləşdirilməsinin əsası olan bağışlama müqavilələrinin ləğv edilməsi və həmin mənzillərin 1\24 hissəsinə İddiaçı vərəsəlik qaydasında məcburi pay hüququnun tanınması” tələbi üzrə belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. AR MM-nin 152.1 və 152.5-ci maddələrinə uyğun olaraq mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə edə, ona sahib ola və sərəncam verə bilər. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrin həmin mirasdan məhrum edə və ya miras əmlakının həcmini azalda bilər. Mülkiyyətçinin öz əmlakı barəsində bağışlama müqaviləsi ilə sərəncam verməsi onun konstitusion hüququdur. Bu hüquqların məhdudlaşdırılması isə yanlız qanunvericlik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərinbəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Qanunvericinin tələbinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz daşınmaz əmlakı barəsində barəsində bağışlama yolu ilə sərəncam veribsə, həmin müqavilə notariat qaydasında təsdiqlənibsə, bu zaman həmin müqavilə etibarlıdır. İşdə olan müqavilələrdən görünür ki, qanunvericilklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və onların əsasında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilmişdir. Bu onu göstərir ki, müvafiq əqdlər bağlanan zaman qanunvericiliyin tələblərinə uyğunsuzluq olmamışdır, müqavilələr miras qoyan X1 ifadə etdiyi iradəsinin nəticəsidir. Ancaq qeyd etmək lazımdır ki, mülkiyyət hüququ mütləq hüquq deyil. Belə ki, qanunverici mülkiyyətçinin öz əmlakı barəsində bağışlama yolu ilə sərəncam verməsini ər-arvadın ümumi mülkiyyəti və vərəsəlik hüququ ilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Plenum qərarında qeyd edilir ki, AR MM-nin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 667.1-ci və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Tamamlanma tələbinin irəli sürülməsi üçün bir neçə şərt eyni zamanda olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olmalı, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli və sonda həmin əşya mirasa daxil olsa idi, məcburi payın həcmi artmış olmalı idi. Məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi MM-nin 1193-cü maddəsində göstərilmişdir. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə MM-nin 1195-ci maddəsi ilə tənzimlənmişdir. Yəni, bu zaman bağışlanmış əmlakla yanaşı həmçinin miras qalmış digər əmlaklar da nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, yuxarıda qeyd edilən Plenum qərarında göstərilir ki, tamamlanma tələbini MM-nin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmış hissə ödənilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkləmə belə nəticəyə gəlir ki, miras qoyanın sağlığında öz əmlakı barəsində bağışlama yolu ilə sərəncam verməsi onun iradə ifadəsinin nəticəsi olduğundan, bağışlama müqavilələrinin bağlanması zamanı qanunvericiliyə uyğunsuzluq olmadığından bağışlama müqavilələrin ləğv edilməsi mülkiyyətçinin konstitusion hüuququnun pozulmasıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında formalaşdığı hüquqi mövqəyə əsasən belə mübahisələrdə müqavilənin ləğvi tələbi deyil, bütün miras əmlakdan məcburi payın həcminin müəyyən edilərək məcburi paya hüququ olan vərəsəyə çatmalı olan tamamlanmamış hissənin ödənilməsi tələbi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsi ilə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçı tərəfin “Azər Vəliyev, Cavabdeh2 və Cavabdeh4 cinayət əməlləri barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” barədə vəsatətinə münasibətdə qeyd edir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, miras qoyan X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1\12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanınmalı, “Dodge Durango” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı (əvvəlki qeydiyyat nömrələri: **-NR-*** və 90UG072 olmuş), 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə dəyəri 39.000 manat olan pul vəsaitinin 1/12 hissəsi olan 3250 manat üzərində vərəsə İddiaçı Sahid qızının vərəsəlik qaydasında pay hüququ tanınmalı, həmin vəsait Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Sahid qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Miras qoyan X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1\12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanınsın. “Dodge Durango” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı (əvvəlki qeydiyyat nömrələri: **-NR-*** və 90UG072 olmuş), 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə dəyəri 39.000 manat olan pul vəsaitinin 1/12 hissəsi olan 3250 manat üzərində vərəsə İddiaçı Sahid qızının vərəsəlik qaydasında pay hüququ tanınsın və həmin vəsait Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Sahid qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar