Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2988/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 395 manat əsas borc, 38 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 463 (dörd yüz altmış üç) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ümumi dəyəri 431 manat olan 1 ədəd mal almışdır və alınan malın dəyəri hissə-hissə ödəmək şərti ilə 12 ay ərzində tam ödənilməlidir. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1.00% faizi miqdarında dəbbə pulu ödəməlidir. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şirkət qarşısında gecikmiş borcu yaranmışdır. Cavabdehin "xxxx" MMC-nə xx.xx.2025-ci il tarixə olan əsas borcu 395 manat, cərimə (dəbbə pulu) borcu isə 38 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir.
İş materialları :
3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli “nisyə alqı-satqı” müqaviləsindən görünür ki, müqaviləyə görə satıcı rekvizitləri bu müqavilədə göstərilən əşyanı alıcının istifadəsinə verməyi, alıcı isə malın qiymətini bu müqaviləyə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli “nisyə alqı-satqı” müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 431 manat olan “Xiaomi Redmi 10C” markalı telefon üçün 12 ay müddətində (xx.xx.2023-xx.xx.2024) hər ay 36 manat ödəniş etməyi üzərinə götürmüşdür.
5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli “nisyə alqı-satqı” müqaviləsinə 2 saylı Əlavə olan təhvil-təslim aktından görünür ki, Cavabdeh “Xiaomi Redmi 10C” markalı telefonu qeyd-şərtsiz təhvil almışdır.
6. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə 395 manat əsas, 38 manat dəbbə pulu olmaqla, cəmi 433 manat borcu vardır.
7. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC qarşısında mövcud olan 395 manat əsas borc, 38 manat cərimə borcu olmaqla, cəmi 433 manat məbləğində borc öhdəliyini məktubun ona rəsmi qaydada təqdim edildiyi tarixdən 3 gün müddətində icra edilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
58. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
17. Məhkəmə tərəfindən tədqiq edilmiş xx.xx.2023-cü il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 36 manat ödəmək şərti ilə ümumi dəyəri 431 manat olan “Xiaomi Redmi 10C” markalı telefon satın almışdır.
18. İddiaçı tərəfindən təqdim edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
19. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə 395 manat əsas borcu vardır.
20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4m).
21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 395 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.
22. Müqavilənin 5.4-cı bəndindən görünür ki, alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1.00 %-i miqdarında dəbbə pulu ödəməlidir.
23. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).
24. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
25. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
26. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 38 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
Məhkəmə xərcləri:
27. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqaviləsi üzrə Cavabdeh 395 manat əsas borc, 5 manat cərimə olmaqla, ümumilikdə, 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 395 manat əsas borc, 5 manat cərimə olmaqla, ümumilikdə, 400 (dörd yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilsin. İddiaçı "xxxx" MMC-nin iddia tələbi qalan hisədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva