Məhkəmə qərarları › İş №e-2(007)-2990/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2990/2025

05.08.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2990/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda yerləşən “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı İddiaçı oglu barəsində təhrif edilərək yayılmış məlumatın təkzib edilməsi, ünvan 2 ünvanda yerləşən “Bravo Gənclik” marketindən xx.xx.2025-ci il tarixdə İddiaçı oglu tərəfindən alınmış məhsulların qaytarılması və iddiaçı tərəfindən ödəniş qəbzi əsasında ödənilmiş pulun iddiaçıya qaytarılması, hər iki marketdə baş vermiş hadisələr nəticəsində vurulmuş mənəvi zərərə görə 10 000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, həm xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 568 ünvanında yerləşən “Bravo” marketdə baş vermiş hadisəyə görə cavabdeh tərəfindən onun barəsində yayılmış təhrif edilmiş məlumatların təkzib edilməsini, həm də xx.xx.2025-ci il tarixində “Bravo Gənclik” marketdə aldığı məhsulların geri qaytarılmaqla ödədiyi pul məbləğinin geri qaytarılmasını və hər iki hadisəyə görə mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin ödənilməsini istəyir.

5. İlk növbədə qeyd edək ki, iddiaçı hazırki iddia tələbini xx.xx.2025-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Bravo” marketdə həmin marketin əməkdaşları ilə aralarında mübahisə yaranması, marketin əməkdaşları tərəfindən onun barəsində məlumatların təhrif edilərək yayılması, “Tik-tok” sosial şəbəkəsində şəkilinin yayılması və xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Bravo Gənclik” marketindən aldığı məhsulları həmin tarixdə qaytarmaq istədikdə cavabdeh tərəfindən malların geri qaytarılmaması ilə əsaslandırsa da, iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən hallara dair, yəni cavabdeh tərəfindən iddiaçının şəkillərinin “Tik-tok” sosial şəbəkəsində yayılmasını və onun barəsində təhrif edilmiş məlumatların yayılmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş, özündən asılı olmayan səbəblərə görə iddia ərizəsi ilə birgə təqdim edə bilməməsinə dair qeyd aparılmamışdır.

6. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir. Özündən asılı olmayan səbəblərə görə iddia ilə birlikdə təqdim edə bilmədikdə isə bunu iddia ərizəsində göstərməlidir.

7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

8. Həmçinin MPM-nin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.

9. Həmçinin məhəmə qeyd edir ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi zamanı iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunsa da, qanunvericiliyə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, həmçinin zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyriəmlak xarakterli iddialar üçün müəyyən edilmiş (100 manat) məbləğdə dövlət rüsumu ödənilməlidir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir.

Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı və qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyi üçün İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar