Məhkəmə qərarları › İş №e-2(007)-3095/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3095/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3095/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndələri Vəkil2 və Vəkil1, Cavabdeh MMC-nın vəkili və nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “mənzilə dair maneələrin aradan qaldırılması, mənzilin ona təhvil verilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “mənzilə dair maneələrin aradan qaldırılması, mənzilin ona təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, müqavilə qiyməti 66170 (altımış altı min yüz yetmiş) manat nağd ödənilmiş və bu ödənişi təsdiq edən 107/272 saylı xx.xx.2018-ci il tarixli maliyyə arayışı alınmış 272 say lı mənzilə dair onun sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılmaqla ona təhvil verilməsi vəzifəsininin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC-nin direktoru X6 müqavilə əsasında Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 66170 (altımış altı min yüz yetmiş) manatı nağd ödəməklə, ödəniş barədə 107/272 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışı almaqla 272 saylı mənzili əldə etmişdir. Həmin mənzilin ona təhvil verilməsinə və orada remont işləri aparılmasına şirkət maneçilik törədir. Baxmayaraq ki, remontla bağlı müqavilə bağlamış, həmin təmirə görə 530 manat şirkətə ödənişlər də etmişdir. Bu barədə ona kassa mədaxil qəbzi təqdim olunsa da şirkət qanunsuz olaraq təmir etdiyi mənzilin giriş qapısının qıfılını dəyişərək qanunvericliyiun tələblərini kobud şəkildə pozmuşdur. Ona görə iddiaçı olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onunla Cavabdeh MMC-nin direktoru X11 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixində mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış binasının D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilini alıcıya təhvil verilməsini və alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsatini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Alıcı kimi o, müqavilənin 1.1-ci və 3.4.1-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini tam şəkildə yerinə yetirmiş, mənzilin dəyəri tərəfindən birdəfəlik olaraq tam ödənilmişdir. Belə ki, Cavabdeh MMC-nin direktoru X11 tərəfindən mənzilin dəyərinin tam ödənilməsi və onun borcunun olmaması barədə xx.xx.2018-ci il tarixli, 107/272 nömrəli maliyyə arayışı verilmişdir. Eyni zamanda alıcı İddiaçı tərəfindən qaz, işıq və su sayğaçının quraşdırılmasına görə xx.xx.2022-ci il tarixində 1460 manat məbləğində (min dörd yüz altmış) pul MMC-nin hesabına ödənilmiş və bu barədə satıcı tərəfindən kassa mədaxil orderi təqdim edilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin direktoru X9 ilə D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi İddiaçı ilə Cavabdeh yaşayış Kompleksinin (çoxmənzilli binanın) idarə edilməsinə dair 272 nömrəli saziş bağlanılmışdır. Saziş əsasında "xxxx" MMC-nin direktoru X9 ilə D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi olan onun ilə xx.xx.2022-ci il tarixli 143 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Xidmət müqaviləsinin 3.4.8-ci maddəsində nəzərdə tutulmuş təmir zamanı istifadə ediləcək yüklərin mənzilə qaldırılması üçün “MMC” tərəfindən quraşdırılmış avadanlıqlardan istifadəyə görə 530 manat məbləğində pul ödənilmiş və bu barədə xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Bundan sonra D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi mənzilini təmir etdirməyə başlamışdır. Göründüyü kimi o, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, 143 nömrəli Xidmət müqaviləsi üzrə bütün öhdəliklərini tam yerinə yetirmişdir. Əgər yetirməsəydi Cavabdeh tərəfindən quraşdırılmış, onun tərəfindən istifadə edilmiş işıq pulu barədə ona cavabdeh tərəfindən bildiriş verilməzdi. Bu da bir daha sübut edir ki, o, tam haqlıdır. Lakin qanunsuz olaraq xx.xx.2022-c il tarixində Cavabdeh MMC tərəfindən heç bir əsas və səbəb göstərilmədən onun məzilinin qapısı qırılaraq açarları dəyişdirilmiş və onu mənzilinə buraxmamışlar. O, onun sahibliyində və istifadəsində olan mənzilə qanunsuz olaraq girmələri və mənzilinin açarlarının dəyişdirilməsi ilə bağlı 102 xidmətinə məlumat vermiş, şikayəti Bakı şəhəri Nizami rayonu 24-cü Polis Bölməsinə yönəldilmişdir. Bölmədə şikayət araşdırılmış və xx.xx.2022-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mübahisəli mənzillə ələqadar Cavabdeh MMC barəsində məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, o, 2018-ci ildə Rusiyadan uşaqları ilə köçüb gəlmiş və ev almaq üçün ev axtaranda Racu adında makler ona Cavabdeh MMC-də ev satıldığını bidirmişdir. O, Cavabdeh MMC-yə gedib baxmış, ev tikildiyini görmüş və ev almağa qərar vermişdir. Həmin vaxt Yadigar burada onun da evinin olduğunu, satdığını, demiş, o da mənzili MMC-dən aldığını qeyd etmişdir. Yadigar da həmin MMC-nin işçisi idi. O, məzili alanda MMC-nin baş direktoru Zaur müəllim ilə görüşmək istəmiş, onun yanında olmuş, həmin vaxt orada Zaur müəllim, baş direktor Ramiz müəllim və onun dostu Rövşən olmuş, o, 66176 manat ödəmişdir və əvəzində ona maliyyə arayışı vermişlər. Sonra o, 2022-ci ildə bina hazır olduğuna görə mənzilin təmir edilməsi üçün ona baxmağa gəldikdə ona MMC-dən sayğaca 1460 manat və materialları qaldırmağa görə yüklərin mənzilə qaldırılmasına görə (lbyotkaya) 530 manat ödəniş etməli olduğu deyilmiş, o da həmin pulları ödəmişdir. Həmin vaxt Zaur müəllim də orada olmuşdur. O, mənzili 2 ay təmir etmiş, bir gün ustalar ona zəng edib MMC tərəfindən oranın işığını söndürdüklərini və onları evdən çıxardıqlarını demişlər. O, ora gedib 102 xidmətini zəng edərək çağırmış, sonra baş direktor Ramiz müəllim gəlib onunla söhbət etmiş, onların onunla problemlərinin olmadığını, Yadigarın onları aldatdığını qeyd etmişdir. Onun vəkili barışıq sazişini vermiş, o da sazişi MMC-yə aparıb Zaur müəllimə vermiş, o da vəkil ilə məsləhətləşəcəklərini, səhər gətirəcəklərini demiş, sonra onlar aralarında mübahisə olduğundan məsələ belə qalmışdır. Butün proseslərdə Zaur müllim iştirak etmişdir. Hazırda guya ürəyi xəstədir, sadəcə ortaya çıxmır. Sonra 3-4 gün bundan əvvəl MMC-dən onu çağırıb bir sənəd göstərdilər ki, barışıq üçündür və bura qol çəkməlidir. Orada onun yanında usta da olmuş, o, latın qrafikasını bilmədiyindən sənədi oxuya bilmədiyi üçün şəklini çəkib vəkilinə atmış və vəkili həmin sənədin barışıq üçün olmadığını, birtərəfli müqavilənin ləğv edilməsi üçün olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə xidmət müqaviləsi olmuş, iddiaçı 1460 manat işıq sayğacına və 530 manat tikinti materialını qaldırmaq üçün lbyotkaya pul ödəmişdir. Əgər iddiaçı mənzili X1 almışdırsa, o zaman nə üçün Cavabdeh MMC İddiaçı ilə xidmət müqaviləsi bağlayırdı? İddiaçı MMC-yə 2018-ci ilin dekabr ayında müraciət etmiş, nağd pulunu vermiş və MMC-dən mənzilini almışdır. O, X4 adlı şəxs tanımır. MMC-nin direktoru Dadaşov Zaur 2018-ci ildə İddiaçı tam məbləğin ödənilməsi ilə bağlı arayış da vermişdir. İşıq və su sayğacı da Müşfiqin adınadır. İddiaçı hazırda evi təmir edir. MMC əvvəlcə evin açarını dəyişmiş, iddiaçı 102 xidmətinə şikayət etdikdən sonra iddiaçıya MMC tərəfindən bildirilmişdir ki, ərizəni geri götür və evini təmir etdir. MMC ilə barışıq sazişi bağlanması üçün əvvəlcə razılığa gəlinmiş, sonra iddiaçıya mənzili vermədiklərini bildirmişlər. Mənzil 5 ildir ki, iddiaçının sahibliyindədir, təmir etmiş, kommunal xərcləri ödəmişdir, lakin evə köçmək istəyəndə MMC deyir ki, kiminsə onlara borcu olmuşdur. Halbuki, bu məsələnin iddiaçıya aidiyyəti yoxdur. Həmçinin, maliyyə arayışı kasa mədaxil orderini əvəz edir və özəlləşmə üçün əsasdır. Tərəflərindən mənzilin alınması ilə bağlı 67170 manat Cavabdeh MMC-nin rəhbərliyinə ödənilmiş və MMC-nin rəhbərliyi də öz imzası və möhürüylə təsdiq edərək mənzili onlara satmışdır. Onlara mənzil satmış, onlara mənzildə şərait yaratmış, müqavilə bağlamışlar, amma onları mənzilə buraxmırlar. Onlar deyilən sözlərə yox, məhkəməyə təqdim edilən rəsmi sənədlərə inanırlar. Onlar da rəsmi sənədləri məhkəməyə təqdim edərək bir daha həmin mənzilin tərəflərindən müqavilə öhdəliklərinə və müqavilə şərtlərinə uygun olaraq alındığını təsdiq etmşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən şəxslər istinad etdiyi halları özləri sübut etməlidir. Qarşı tərəflər isə öz dedikləri fikirləri məhkəmədə təsdiq edən bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Əgər, bu mənzilin müqaviləsinin bağlanmasında, tərtib edilməsində və yaxud da bu mənzilin alınmasında hər hansı bir mübahisə olsa idi, 2018-ci ildən keçən 5 il ərzində olan müddətdə qarşı tərəflər onlara qarşı iddia qaldırardı. Əgər onlar mənzili almasa, pulunu ödəməsə, mənzillə əlaqədar tərəflər arasında hər hansı bir anlaşılmazlıq, əvəzləşmə olsa idi, təbii ki,bu tərəflər arasında 3 tərəfli müqaviləylə təsdiqini tapardı. 2022-ci ildə bir daha mənzilin tikintisi başa çatandan sonra bağlanan xidmət müqaviləsi də onların əvvəlki müqaviləsini bir daha təsdiq etmişdir. Həmin xidmət müqaviləsinin şərtlərinə əsasən onlar tərəfindən mənzilin istismara yararlı hala gətirilməsi üçün sayğaclar quraşdırılmış və həmin sayğaclar və təmir üçün MMC-yə pullar ödənilmişdir. Əgər ki, tərəflər ədalətli danışırsa, onlar müqavilənin etibarsızlığı, ləğv edilməsi, onların maşınla ilə bağlı etibarnamənin ləğv olunması barədə iddia qaldıra bilərdilər. Həmçinin, şahid Azərin verdiyi ifadənin onların işinin predmetinə, mübahisəsinə nə aidiyyəti olduğunu anlamamışdır. Onun ifadəsi nəyi təsdiq etdi ki? O, kiməsə həmin şəxsin o adamla olan münasibətinin hansı şərtlərlə, hansı razılıq ilə etibarnamə vermişsə onların bu işə nə aidiyyəti var? Onun dediyi o vaxt təsdiq edilərdi ki, maşını verəndən sonra Racunu, əgər belə hal olmuşdursa Müşfiçi çağırıb Müşfiçə borcunun bağlandığını, pul ödənildiyini, MTK-ya evdən imtina etməsi barədə ərizə yazmasını deyərdilər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, tərəfindən polisə şikayət olunduğundan sonra MMC-nin rəhbərliyi tərəfindən ona təmirlə bağlı müəyyən müddət ərzində şərait yaradılmışdır. Bu zaman sual yaranır ki, əgər məsələ belə idisə niyə şikayətdən sonra ona təmirlə bağlı şərait yaradılırdı? Şəraiti əvvəlcədən yaratmalı idilər. Eyni zamanda bunlar arasında əsas mübahisəli müqavilənin bir tərəfli qaydada ləğvi ilə bağlıdır. Onlara barışıq MMC tərəfindən olmuşdur ki, ərizə təqdim edərək işi geri götürsünlər. Onlar tərəfindən barışıq sazişi tərtib olunub MMC-yə Müşfiç tərəfindən göndərilmiş, MMC tərəfindən də Müşfiçə müqavilənin bir tərəfli qaydada ləğvi barədə müqavilə təqdim olunmuş və onu aldadaraq imzalatmağa çalışmışlar. O “WhatsApp” vasitəsi ilə şəkili onlara atdıqdan sonra onun barışıq sazişi olmadığını bildirmişlər. Ondan sonra şəxs oranı tərk etmiş və həmin şəxslər tərəfindən mənzilə buraxılmağı ilə bağlı maneələr yaradılmışdır. Eyni zamanda məhkəmə gedən zaman Müşfiçdən hər ay 40 manat kommunal haqqı tutulmuşdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, hal-hazırki mübahisə predmenti olan mənzil Cavabdeh MMC tərəfindən X3 2018-ci ildə görəcəyi işin qarşılığında verilmişdir. Həmçinin, X3 MMC tərəfindən imazalanmış kassa məxaric orderinə əsasən 40000 manat məbləğində nağd pul da verilmişdir. Daha sonra X4 xx.xx.2018-ci il tarixində ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək müqavilə ilə onun adına yazılmış həmin mənzilin iddiaçının adına keçirilməsini və Müşfiçə borcun olmaması haqqında arayışın verilməsini xahiş etmiş və həmin ərizə əsasında həmin mənzilə dair yeni müqavilə hazırlanmış, rəsmişləşdirilmişdir. Yəni ki, Müşfiç mənzili birbaşa MMC-dən almamışdır. Bundan əvvəl şahid qismində Cavabdeh MMC-nin direktoru Zaur müəllim danışmışdır. Hansı ki, Azər ilə bir-birlərini tanımırlar. Onun dediyi ilə Azərin dedikləri indiki halda 99 faiz üst-üstə düşmür. Birinci prosesdə də Müşfiç müəllim qeyd etmişdir ki, Dadaşov Razi onun pulu almadığını gəlib desə sənədi çıracaqdır. Məhkəmə iclasında X12 üzbəüz şahid kimi ifadə verəndə də demişdir ki, iddiaçı MMC-yə pul ödəməmişdir. Bunu da Azər adlı şəxs də təsdiq etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, onun MMC-nin tikdiyi binada evi olmuş, həmin evi 106000 manat dəyərində ağlay vuracağı qarşılığında MMC ona vermişdir. Həmin məbləğ 40000 manat usta pulu, 66000 manat da ev üçün hesablanmışdır. Ancaq o, həmin vəsait qədər iş görməmiş, MTK ilə onun arasında 10.000 manatlıq iş qalmış, təqribi onun tərəfindən 28-30 min manat arası iş görülmüşdür. Belə ki, o, infakt olduğu, 4-5 ay xəstə yatdığı üçün işi gördürə bilməmişdir. Daha sonra o, cavabdeh tərəfindən ona verilən evi 20000 ABŞ dolları qarşılığında girov kimi qoymuşdur. Lakin, bununla bağlı heç bir girov müqaviləsi və ya başqa sənəd yoxdur. Belə ki, o, həmişə Racudan pul alsa da, Racu bu dəfə onda pul olmadığını, amma qohumundan alıb verəcəyini, qarşılığında həmin şəxsin girov istədiyini bildirmiş və Racu pulu 2018 ilin dekabrında Müşfiçdən alıb gətimişrdi. Göründüyü kimi, o, Müşfiçi tanımırdı. Müşfiçi onun uzun müddətdir qonşusu olan Racu gətirmişdir. O, girova görə 2020-ci ilə qədər hər ay 10 faiz ödəyirdi. Bir gün dostu Azər onun bikef olduğunu görmüş, o da 20000 ABŞ dolları qarşılığında faiz verdiyini bildirmiş, Azər də onun BMW markalı maşını 23000 ABŞ dolları qarşılığında satılığa qoyduğunu, onu versələr faizdən qurtulacağını demişdir. 2020-ci ilin mart ayında maşını Racunun adına keçirmişlər və indi həmin maşını Racunun oğlu sürür. Onlar evin sənədini almadan pandemiya vaxtı həmin maşını vermiş, lakin sənəd müxtəlif əsaslarla Racu tərəfindən onlara qaytarılmamışdır. Racu ona demişdir ki, Müşfiç Moskvadadır, gələndə evin sənədini verəcəcək. O, həmçinin qeyd etdi ki, Müşfiç pulu şirkətə deyil, ona ödəmişdir. Onun xəbəri olmamışdır ki, Müşfiç evi təmir etmişdir. Müşfiç yəyqin gedib komendanta hörmət edib, onlar da təmirə icazə veriblər. O, məhkəmədən ədalətin bərpa olunmasını, evinin sənədinin MMC-yə olan borcunun qaytarılması üçün ona verilməsini xahiş etmiş və bildirmişdir ki, bütün bu dedikləri rəsmi sənəd üzərində edilməmişdir və bu onun sadəlövhlüyündən irəli gəlir. O, hər zaman Racudan vaxtaşırı faizlə 3000-5000 manat pul götürmüş və hər ay da ödəmişdir. Evin müqaviləsini də Cavabdeh MMC-nin içərisində bağlamış, amma pulu çöldə tikinti gedən yerdə almış, içəridə pul haqq-hesabı olmamışdır. Həmin puldan MMC-nin kassasına 1 manat da girməmişdir. Pulun miqdarı 20000 ABŞ doları olmuşdur. Hal-hazırda ev ona məxsusdur, mənzil ona qaytarılmalıdır, çünki oranın işlərini tamamlamamışdır. O, bu günə qədər həmin şəxslərin sözünə inandığı üçün məhkəməyə müraciət etməmişdir. Əgər, Müşfiç pul verərək həmin evi almışdırsa, niyə Racu ona 10000 dollar pul vermək istəyir. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Yadigara dəfələrlə ona nisyə pul vermiş, Yadigar da həmin vəsaitləri ödəmişdir. Yadigarın çox sıxıntıları olmuş, bir gün görüşəndə 20000 dollar pul götürdüyünü, ayda 2000 faiz ödədiyini demişdir. Onlar pulu düzəldə bilmədikləri üçün o, buraxılış ili 2013-cü il olan ikinci maşını BMW markalı avtomobili 20000 dollara verəcəyini bildirmişdir. Aglay işində şərikliyi olan oğlan ona zəng vurub maşını soruşmuş, əgər Racu maşını götürməyə razılaşsa pulu bağlayacaqlarını, sənədini də götürəcəyini demişdir. O da problem olmadığını bildirmişdir. Onun bu işdə heç bir xeyri yoxdur. O, Yadigara maşını pay verməmişdir. Racu şəxsiyyət vəsiqəsinin şəklini atmış, o da masını onun adına yazdırmışdır. Maşını götürüb Yadigarla İmperialın arxasında bina evlərinin qabağına aparmış, Racuya təhvil verib qayıtmışlar. Bundan sonra Yadigar ona sənədi nə vaxt təhvil verəcəyi barədə zəng vurmuş, həmin şəxs də rayonda olduğunu, 3 gündən sonra gəlib verəcəyini demişdir. Söhbət Neftçilərdəki 60 kv.m-lik evdən gedir. O, 3 gündən sonra onu 2 dəfə yığmış, sonradan qardaşı ilə işlətdiyi şərab evinin qabağında görmüşdür. O, ona 2000 ABŞ dolları almadığını, qohumunun pulu olduğunu demiş, o da bəs o pulu alıblarsa, camaatın evini niyə qaytarmadıqlarını soruşmuşdur. O da cavabında aralarında olan haqq-hesab bağlanan kimi qaytaracağını, Yadigarın yaxşı oğlan olduğunu demişdir. Qardaşı da ona bu qədər dərinə getməməsini, qırağa çəkilməsini bildirmişdir. Onu həmin gündən sonra yenidən görən zaman bildirmişdir ki, qeyd olunan borc bağlandıqdan sonra Yadigara yenə pul vermişdir. Həmçinin, maşını satdıqlarını və onun da aldığını, Yadigarınn evinin bununla əlaqəsi olmadığını qeyd etmişdir. əgər, 1 il ərzində maşın ada keçməsə etibarnamə ləğv olunur. Ona görə də birinə etibarnamə verilirsə gərək həmin şəxsin adına keçirdilsin. Bəlkə də, maşını adlarına keçirtmişlər, bundan onun xəbəri yoxdur. Lakin, bütün bunlarla bağlı əllərində hər hansı sənəd mövcud deyil. Racu bunlara 10000 dollar pul verir və həmin pulu da Müşfiçdən alacağını demişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X11 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Müşfiçi Yadigarla ora gələndə görmüşdür. Yadigar MMC-nin işçisi olmuş, həmin binanın aglay işini görmüşdür. Sonradan problem olmuş və Yadigar işi görə bilməmişdir. Onlar iş gedən zaman Yadigara ev və pul vermiş, 2018-ci ildə müqavilə bağlamış və pulunu da əvvəlcədən ödəmişlər. Bundan sonra Yadigar ərizə yazaraq verdikləri evin Müşfiçin adına keçirilməsini istəmişdir. Pul ilə bağlı məsələ Müşfiçlə Yadigarın arasında olmuş, o, evə görə Müşfiçdən pul almamışdır. Maliyyə arayışında onun imzası var və arayış onu təsdiq edir ki, ev satılmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə X4 arasında bağlanılmış yaşayış kompleksində mənzilin alqı-satqısı haqqında xx.xx.2018-ci il tarixli, 272 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış binasının D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 kv.metr ümumi sahəsi olan 272 saylı mənzilini alıcıya təhvil verilməsini və alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. X4 tərəfindən xx.xx.2018-ci il tarixdə ərizə verərək mübahisəli mənzilin İddiaçı adına keçirilməsi və bununla əlaqədar sonuncuya alqı-satqı müqaviləsinin, borcunun olmaması barədə arayışın verilməsi xahiş edilmişdir. Həmin ərizə əsasında X4 ilə bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edilmiş və İddiaçı ilə xx.xx.2018-ci il tarixdə mübahisəli mənzilə dair yeni müqavilə hazırlanaraq sonuncu ilə rəsmiləşdirilmişdir. Müqavilə üzrə müəyyən edilmiş 66170 manat mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə ona xx.xx.2018ci il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə X2 Cavabdeh MMC qarşısında 106170 manat öhdəliyinin olduğu etiraf edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 həmin məbləğin alınıb MMC-yə verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin direktoru X9 ilə D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi İddiaçı ilə Cavabdeh yaşayış Kompleksinin (çoxmənzilli binanın) idarə edilməsinə dair 272 nömrəli saziş bağlanılmışdır. Saziş əsasında "xxxx" MMC-nin direktoru X9 ilə D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi olan onun ilə xx.xx.2022-ci il tarixli 143 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Həm həmin müqavilə üzrə, həm də mənzilə göstərilməsi nəzərdə tutulan elektrik enerjisinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Lakin qeyd olunan faktlara baxmayaraq cavabdeh təşkilat tərəfindən onlar arasında mənzilin təqdim edilməsi ilə bağlı müqavilə bağlanıldıqdan 4 ilə yaxın müddət keçdikdən sonra iddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılmasına maneələr yaradıldığı üçün iddiaçı tərəfindən 102 xidmətinə şikayət edilmiş, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla mübahisənin mülki xarakterli olması və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bundan sonra MMC iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilənin birtərəfli ləğv edilməsi barədə bildiriş göndərmişdir. Bildirişdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli qətnamənin icrası ilə əlaqədar Y.Abdullayev dəfələrlə onlara müraciət edərək vaxt istədiyini, onun tanışı İddiaçı adına keçirtdiyi mənzilin dəyərini İddiaçı hələ də ala bilmədiyini bildirmiş, mübahisəli mənzilin dəyəri İddiaçı tərəfindən nə MMC-yə, nə də Y.Abdullayevə ödənilməmişdir. Eyni zamanda müqavilənin 9.1-ci maddəsinə əsasən alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa Satıcının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair 3-cü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Bundan əlavə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsi, cavabdeh tərəfindən mənzilin qapı kilidinin dəyişdirilməsi, MMC tərəfindən həmin mənzilin Y.Abdullayevin adına veriləcək pul müqabilində ona verilməsi, lakin Y.Abdullayevin həmin mənzili İddiaçı adına rəsmiləşdirməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə ilk öncə bildirir ki, hazırda işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət 272 saylı mənzil ilə bağlı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanılarkən hər iki tərəfin iradə ifadəsi öz əksini tapmış və hər iki tərəf müqavilənin şərtlərinə uyğun olaraq öhdəlik götürmüşdür. Həmin müqaviləyə görə MMC mübahisəli mənzili iddiaçıya verməyi, iddiaçı da onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışı da MMC-nin direktoru Zaur Dadaşov tərəfindən imzalanmış və möhürlənmişdir. Mənzillərin bu qaydada alınması ilə bağlı hazırda mənzil bazarında formalaşan işgüzar qaydalara əsasən mənzilin alıcı tərəfindən dəyəri ödənildikdən sonra ona borcunun olmaması barədə satıcı təşkilatlar tərəfindən maliyyə arayışı təqdim edilir. Bu isə özlüyündə iddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən mənzilin dəyərinin ödənilməsi vəzifəsinin icrasını ehtiva edir. Lakin buna baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilə üzrə üzərinə düşən mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi həyata keçirilsə də onun tərəfindən onunla iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 arasında bu müqavilə qüvvəyə minənədək qüvvədə olan razılaşma əsas gətirilərək mənzillə bağlı iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik yaradılmışdır. Halbuki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh MMC-nin xeyrinə 106.170 manat vəsaitin tutulması qət edilmişdir. Göründüyü kimi qətnamə ilə mənzilin qaytarılması yox, X2 onunla razılaşdırılmış xidmətlərin yerinə yetirilməməsi üçün ondan pul vəsaitinin tutulması müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən X2 onlara ödəmədiyi pul vəsaiti məhkəmədə mübahisələndirilsə də iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin onlara ödənilməməsi və müqavilənin şərtlərinin pozulması bu günədək mübahisələndirilməmiş, əksinə iddiaçı ilə mənzilə dair xidmət göstərilməsi ilə bağlı saziş bağlanılmış, ondan kommunal ödənişlər tutulmuşdur. Belə olan halda Cavabdeh MMC İddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsində maneçilik yaradılmasında haqlı olmamışdır. Məhkəmə iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 mübahisəli mənzilin cavabdeh təşkilata görüləcək xidmətlərə görə ona verilməsini işin mübahisəsiz halı olaraq qiymətləndirir. Lakin bununla bağlı xüsusi ilə vurğulayır ki, X4 mənzilin Racu adlı şəxsdən götürülmüş 20 min ABŞ dolları məbləğndə vəsaitə görə girov qoyulmasını, həmin pulun əvəzi olaraq X7 məxsus avtomobilin borcunun əvəzinə həmin şəxsə verilməsini, lakin mənzilin geri qaytarılmamasını bildirsə də bu faktlar məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, götürülmüş borcun iddiaçıya aidiyyəti təsdiq olunmamışdır. Bununla bağlı tərəflər arasında şifahi və ya yazılı qaydada hər hansı bir razılaşma olmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, X4 mübahisəli mənzilə görə borcunu avtomobillə əvəzləşdirərək qaytarılmasını bildirsə də 2018-ci ildən hazırki dövrədək mənzilin ona qaytarılması ilə bağlı hər hansı bir tələb irəli sürülməmiş, məhkəmə vasitəsi ilə həmin məsələni mübahisələndirməmişdir. Həmçinin, şahid qismində ifadə verən X5 X3 əvəzsiz olaraq öz avtomobilinin Racu adlı şəxsə verilməsinə dair ifadəsini məhkəmə ağlabatan hesab etməmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə xüsusi ilə vurğulayır ki, Racu adlı şəxsə avtomobilini məhz mübahisəli mənzilə görə verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət 272 saylı mənzilinin iddiaçıya məxsus olması, hazırda onun adına rəsmiləşdirilməsi, onun tərəfindən mənzildə təmir aparılması, həmin mənzillə bağlı 2022-ci il tarixdə İddiaçı ilə xidmət müqaviləsi bağlanması, digər tərəflərin söylədikləri ilə bağlı məhkəməyə sübut təqdim etməməsi mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılmaqla həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi üçün əsasdır. Həmçinin, iddiaçı iddia tələbində mənzilin qiymətinin onun tərəfindən nağd ödənilməsin qeyd etsə də, bununla bağlı məhkəməyə maliyyə arayışından əlavə hər hansı mədaxil orderi və ya qəbz təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, 272 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılmalı və həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, 272 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılsın və həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar