Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3109/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE 5 Kompüter üçün 879 manat ödənilməmiş hissə, 87 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG LED TV, SONOROUS Asqı üçün 366 manat ödənilməmiş hissə, 36,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC üçün 246,4 manat ödənilməmiş hissə, 24 manat cərimə, ümumilikdə, 1639 manat borc, 36,39 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, ACER ASPİRE 5 Kompüter, LG LED TV, SONOROUS Asqı və DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC almış və nəticədə 1639 (bir min altı yüz otuz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1827,6 manat (12 ay x 152,3 manat + 0 manat ilkin ödəniş) ACER ASPİRE 5 Kompüter üçün ümumilikdə 966 manat olmaqla, ondan 879 manat ödənilməmiş hissə, müştəriyə güzəşt 87 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2111 manat (18 ay x 117 manat + 5 manat ilkin ödəniş) LG LED TV, SONOROUS Asqı üçün ümumilikdə 402,6 manat olmaqla, ondan 366 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1334 manat (12 ay x 131,7 manat + 0 manat ilkin ödəniş) DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC üçün ümumilikdə 270,4 manat olmaqla, ondan 246,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 4027,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı MMC ona qarşı iddia qaldıraraq 1639 manat pulun ondan alınaraq cəmiyyətin xeyrinə ödənilməsini xahiş etmişdir. Həmin məbləğin 1491,6 manatı əsas, 147,4 manatı faiz borcudur. Borc məbləğinin çox hissəsini ödəmişdir. Cəmi 1491,6 manat borcu qalmışdır, faiz borcunu çox hesablamışlar. Qeyd edilənlərə əsasən faiz borc məbləğinin silinməsini və cəmiyyətin ona qarşı iddiasının iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3109/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayədəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 246,4 manat əsas borc, 24 manat cərimə borcu olmaqla, ümumilikdə 270,4 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 366 manat əsas borc, 36,6 manat cərimə borcu olmaqla, ümumilikdə 402,6 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 879 manat əsas borc, 87 manat cərimə borcu olmaqla, ümumilikdə 966 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 1639 manat borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20039194 saylı müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 1580,4 manat məbləğində DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC əldə etmiş və həmin məbləği aylıq 131,7 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20206201 saylı müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 5 manat ilkin ödənişlə 2111 manat məbləğində LG LED TV, SONOROUS Asqı əldə etmiş və həmin məbləği aylıq 117 manat olmaqla 18 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21198032 saylı müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 1827,6 manat məbləğində ACER ASPİRE 5 Kompüter əldə etmiş və həmin məbləği aylıq 152,3 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 20039194, 20206201 və 21198032 saylı müqavilələrə əsasən əşyaları müqavilələrin bağlandığı tarixlərdə, tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər qısa müddətdə borclarını ödəməkləri təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 36,39 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən Cavabdeh iddiaçıdan cəmi 5519 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində 20039194 və 21198032 saylə müqavilələrin tarixləri texniki səhvə yol verilərək uyğun olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il göstərilməsinə baxmayaraq, 20039194 saylı müqavilə xx.xx.2022-ci il tarixdə və 21198032 saylı müqavilə isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC üçün 24 manat dəbbə pulu 246,4 manat miqdarında ödənilməmiş hissə məbləğinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə LG LED TV, SONOROUS Asqı üçün 36,6 manat dəbbə pulu 366 manat ödənilməmiş hissə məbləğinə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə ACER ASPİRE 5 Kompüter üçün 87 manat dəbbə pulu 879 manat ödənilməmiş hissə məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq müvafiq olaraq 10 manat, 15 manat və 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC üçün 246,4 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV, SONOROUS Asqı üçün 366 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE 5 Kompüter üçün 879 manat ödənilməmiş hissə, 50 manat cərimə, ümumilikdə 1566,4 manat borc və ödənilmiş 34,77 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 1,62 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən DECT PANASONİC Ev telefonu, PALTARYUYAN SAMSUNG, TERMOPOT PANASONİC üçün 246,4 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV, SONOROUS Asqı üçün 366 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE 5 Kompüter üçün 879 manat ödənilməmiş hissə, 50 manat cərimə, ümumilikdə 1566,4 manat borc və ödənilmiş 34,77 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 1,62 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3109/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3109/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver