Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3148/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul, alqı-satqı münasibətləri, avtomobil və s.) X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 minik marka və modelli, 77KS703 dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından borc qalmış 12.800 manat məbləğində pul vəsaitinin, vəkil orderinə görə ödənilmiş 150 (yüz əlli) manat və dövlət rüsumunun görə ödənilmiş 130 (yüz otuz) manat məbləğin, cəmi 13.080 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbənin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus X6 MİNİK marka və modelli, 77KS70 dövlət qeydiyyat nişanlı avtomobili onun dəyərini hissə-hissə ödəmək şərti ilə xx.xx.2024-cü il tarixli etibarnamə əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə vermişdir. Cavabdeh1 2024-cü ilin may ayından avqust ayına kimi hər dəfə 1000 (min) manat olmaqla, bir neçə dəfə ödəniş etmiş, borcdan 12800 (on iki min səkkiz yüz) manat qalıq qalmışdır. Cavabdehlər ər-arvad münasibətlərində olduğu üçün iddiaçı hər ikisinə eyni vaxtda avtomobili idarə etmək səlahiyyəti vermişdir. Lakin daha sonra Cavabdeh1 iddiaçıya 2024-cü ilin sonuna kimi borcu ödəyib bitirəcəyini bildirmiş və faktiki mülkiyyətçi olduğu üçün avtomobilə dair bütün hüquqların etibarnamə ilə ona ötürülməsini istəmişdir. Məhz bunun üçün xx.xx.2024-cü il tarixli etibarnamə əsasında Cavabdeh1 “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” hüquqları verilmişdir. Lakin cavabdeh bu hadisədən sonra iddiaçıya heç bir ödəniş həyata keçirməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 dəfələrlə cavabdehdən ödənişi etməsini istəmiş, Whatsapp proqramı üzərindən yazışmalardan da göründüyü kimi cavabdeh borcunu ödəyəcəyini bildirmiş, lakin daha sonra mesajlara cavab verməmiş, zəngləri açmamışdır. Nəticə etibarilə, Cavabdeh1 xx.xx.2024-cü il tarixindən etibarən iddiaçının zəng və mesajlarına cavab verməyərək ödənişi etməkdən yayınmağa davam etmişdir. Hazırda cavabdehin yuxarıda da qeyd edildiyi kimi 12800 (on iki min səkkiz yüz) manat borcu qalmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehlər arasında sözügedən nəqliyyət vasitəsinin alqı-satqısı müqaviləsi olmuş və bu hal ümumi hüquqların əks olunduğu etibarnamə və Cavabdeh1 ilə yazışmalarda öz əksini tapmışdır. Cavabdeh iddiaçıya borclu olduğunu da yazışmalarda birbaşa etirafedici cavablarla təsdiq etmişdir. Lakin cavabdeh alqı-satqı müqaviləsinə əsasən alıcı olaraq vəzifələrini lazımincə icra etməmişdir. Məhz bunun üçün də AR Mülki Məcəlləsinin normaları tətbiq edilərək, alqı-satqı müqaviləsi ləğv edilməli və özgəsinin qanunsuz sahibliyindəki əşya geri qaytarılmalıdır. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq izahatında göstərdi ki, minik avtomobili iddiaçının olmuş, öz oğluna etibarnamə vermişdir. İddiaçının oğlu ilə cavabdehləri ortaq tanışları Kənan bəy tanış etmişdir. Cavabdeh ilk dövrlərdə aylıq ödəniş etmişdir. Buna görə də Azər müəllimin yoldaşına etibarnamə verilmişdir. 12800 manat borc qalan zaman avtomobili adlarına keçirməyi istəmişlər. Bunlar da arada Kənan bəy olduğuna görə Azərə güvənmişlər. Avtomobil Azər bəyin yoldaşının adına keçəndən sonra ödəniş dayanmışdır. Cavabdehin 12800 manat borcu qalmışdır. Lakin cavabdeh bir saytdan çıxarış gətirərək avtomobilin sürüşünün çox olduğunu bildirmişdir. Lakin bu sənəd sübut sayıla bilməz, kağız parçasıdır. Cavabdeh keçən iclasda borcu qaldığını etiraf etmişdir. Bu işin mübahisəsiz tərəfidir. Lakin ona qüsurlu əşya verildiyini iddia edir. Elə bir sayt yoxdur ki, orada sürüşü yoxlamaq mümkün olsun. Eyni zamanda cavabdeh keçən iclas ödədiyi 24000 manat pulun ona geri verilməsini və avtomobili iddiaçıya qaytarmağı təklif etmişdir. O, iddiaçı ilə danışmış, iddiaçı həmin avtomobili 38000 manata faizsiz hissə-hissə ödəmək şərtilə satmışdır. Cavabdeh 2 il avtomobili sürmüşdür. Hazırda həmin avtomobili heç 30000 manata sata bilməzlər. Onda belə çıxır ki, cavabdeh 2 il pulsuz avtomobil sürmüşdür. İddiaçı avtomobili icarəyə versə idi, elə 12000 manat qazancı olardı. Avtomobil iddiaçıya 36000 manata başa gəlmişdir, 12000 manat buradan ziyandadır, hələ 24000 manat cavabdehə qaytarsın? İddiaçı hələ satarkən detala pul verib, xərc qoyub satmışdır. Cavabdeh avtomobili alan zaman yoxladardı, bir il yarım sonra birdən yadına düşür ki, sürüşü yoxlatsın. İşgüzar məişət qaydalarına da ziddir. Avtomobil etibarnamə əsasında verilmişdir, amma reallıqda alqı-satqı müqaviləsi olmuşdur. Bu dəqiqə DYP-nə yaxınlaşsalar, orada hissəvi ödəniş mümkün deyil. Başqa variant olmamışdır. DYP təsdiqləmədiyi üçün etibarnamə ilə etmişlər. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdi ki, qarşı tərəfin dediklərinin hamısı yanlışdır. O maşın axtarmışdır, amma pul tam olmamışdır. Kənana demişdir ki, belə birşey olsa, yəni hissə-hissə ödənişlə avtomobil satan olsa, ona xəbər etsin. Mayısın nömrəsini ona vermişlər. Maşına ilk baxışdan sonra 19500 manat nağd pul vermişdir, amma müqavilə bağlamamışlar. Ümumi 35000 manata razılaşmışlar. Yoldaşı və ona sürmək üçün etibarnamə vermişlər. Hər ay 1000-1500 manat ödəməklə 1 il müddətinə ödəyəcəkdi. 12000 manat borcu olsa, kim mülkiyyət hüququnu ona verər? 2024-cü may ayında almışdır, avqust ayında Laçına getmişdir. Orada dövlət qeydiyyat nömrəsi itmişdir. Nömrə itib deyə polisdə arayış vermişlər. Mayısa zəng etmişdir ki, sənədləşməyə görə gəlsin. Demişdir ki, atası evdədir, gedib götürsün, adına keçirsin. Sonra zəng edib demişdir ki, özü Qəbələdədir, atasının avtomobili nisyə satmasından xəbəri yoxdur. Onu gözələməyini istəmişdir. Gözləmişdir, gəlmişdir, özü ilə getmişdir. Maşını alan zaman may ayında Binəqədidə servisə aparmışlar. Vuruğu, əziyi olmasın, xırda xərclər problem olmamışdır. Bir-iki problem olmuşdur, usta 1500 manat demişdir. Aparıb öz ustasına düzətmişdir. O da 300 manat vermişdir, membran deyilən ehtiyat hissəsi qoymuşdur. Avtomobil avqust ayında adına keçmişdir. Ümumi 25500 manat ödəmişdir. Deyirlər ki, adına keçəndən sonra ödəniş etməmişdir, amma oktyabr ayında ödəniş etmişdir. Avqustda adına keçəndə artıq 4000 manat ödəmişdir. Axırıncı dəfə noyabrda 1000 manat ödəmişdir. Onun borcu qalmamışdır. Avtomobili ona 132000 km sürülüb deyə satmışlar. Avqust ayından 300-500 manat xərclər yaranmağa başlamışdır. Sonra avtomobilin məlumatlarını komputerdən çıxarmışdır və görmüşdür ki, 354000 km sürülmüşdür. Bu barədə sənədləri təqdim etmişdir. Mayısa bu barədə demişdir, Mayıs demişdir ki, onlara şikayət edəcək. Özü polis işçisidir. Kənana dəfələrlə müraciət etmişdir. Özünə demişdir ki, yürüyüş çəkilmişdir, xərclər çıxmağa başlamışdır. Kənan da, Mayıs da gəlmişlər ki, 2000-3000 manatı keçsinlər, qalanını ödəsin. Demişdir ki, maşını alsınlar, pulunu geri versinlər. Özünün başqa maşını olmuşdur, sonra onu satmışdır, bunu sürməyə başlamışdır. O vaxta qədər sürülməmişdir. Bir dəfə Laçına getmişdir. Sürəndən sonra problemlər çıxmağa başlamışdır. Ortada Kənan olmuşdur deyə alan zaman yoxlatmamışdır. Mayıs demişdir ki, 19500 manatı ilkin verir, avtomobili onun adına keçirir. Qalan 6000 manatı hissə-hissə qaytarır. Bu təkliflə razıdır, heç 24500 manatını versin bəsdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, müqaviləyə istinad olunub iddia qaldırılan zaman müqavilənin etibarlılığı yoxlanmalıdır. Etibarnamə yalan əqddir, bağlandığı andan etibarsızdır. Alqı-satqı müqaviləsi isə ikinci əqddir. Mülki Məcəllənin 337ci maddəsi deyir ki, aldatma olmasaydı, əqd bağlana bilməzdisə, bu mübahisələndirilən əqddir. Yəni əqd etibarsızdır. Onların iki əqdi olmuşdur, biri əhəmiyyətsizdir, biri etibarsızdır. Nəticədə hər iki tərəf aldıqlarını qaytarır. İddiaçı özü də bildirir ki, 12800 manat borc qalmışdır. İddiaçı özü yazışmada etiraf etmişdir ki, o da avtomobili alanda həmin saytda yoxlamışdır, bildirmişdir ki, onu da aldatmışlar. Bunu bilə-bilə əqdi bağlamışdır. Bu əqddə aldadan tərəf iddiaçıdır. İş üzrə ekspertiza keçirilməli, avtomobilin sürüşü müəyyən olunmalıdır. Məhkəmə əqdin etibarsızlığını yoxlamalıdır. Konstitusiya Məhkəməsi bunu məhkəmənin üzərinə öhdəlik kimi qoymuşdur. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, “X6 minik” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli, 2014-cü il buraxılışlı, universal ban tipli, KMHSW81XDFU354622 ban nömrəli avtomobil Cavabdeh2 xx.xx.2024-cü il tarixdən mülkiyyətindədir. İş materiallarına +994 51 365 59 69 saylı mobil nömrə ilə “whatsapp” tətbiqi üzərində aparılan mesajların ekran rəsmi əlavə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həmin mobil nömrə Cavabdeh2 adına qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 150 manat pul vəsaiti Xırdalan Şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 128.85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Baş X5 İdarəsinin nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, X6 minik” markalı, ağ mirvari rəngli, 2014cü il buraxılışlı, KMHSW81XDFU354622 ban nömrəli nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı ** KS *** olmaqla, İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, həmin avtomobil etibarnamə əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 etibar edilmişdir. Həmin avtomobil dövlət qeydiyyat nişanı ** SN *** olmaqla, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında Cavabdeh1 etibar edilmişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X6 minik” markalı, ağ mirvari rəngli, 2014-cü il buraxılışlı, KMHSW81XDFU354622 ban nömrəli, ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 32000 manata Cavabdeh2 satmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən normalar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında alqı-satqı münasibətləri yaranmışdır. İddiaçı öz mülkiyyətində olan nəqliyyat vasitəsini dəyəri hissə-hissə ödənilmək şərti ilə cavabdehlərə satmaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında etibar etmişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsi rəsmi olaraq xx.xx.2024-cü il tarixdə bağlansa da, bu münasibətlər daha əvvəl formalaşmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı öz mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehlərə alqı-satqı münasibətləri zəminində təhvil vermiş, avtomobil rəsmi olaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına qeydə alınmış, cavabdehlər tərəfindən avtomobilin dəyəri qismən ödənilmişdir. İddiaçının deməsinə görə avtomobil 38000 manat dəyərinə cavabdehə satılmış, cavabdehin deməsinə görə avtomobili 35000 manata almağı razılaşmış, iş materiallarında olan sonrakı tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə avtomobilin 32000 manata satılması nəzərdə tutulmuşdur. İddiaçının deməsinə görə avtomobilin dəyərinə görə cavabdeh tərəfindən ödənilməmiş 12800 manat borc qalmışdır. Cavabdehin deməsinə görə isə o, avtomobilin ümumi dəyərindən 25500 manat ödəmişdir. Məhkəmə işin ziddiyyətli hallarını iş materiallarında olan digər sübutlarla birlikdə tədqiq edərək o qənaətə gəlir ki, cavabdehlərin tərəflər arasında yaranmış alqı-satqı münasibətləri üzrə həqiqətən 12800 manat borcu qalmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 adına qeydə alınmış mobil nömrə ilə aparılan danışıqlardan görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehlər tərəfindən müəyyən ödəniş edilib, ödəniş qəbzi iddiaçıya göndərildikdən sonra iddiaçı ümumilikdə 12800 manat borcun qalmasını qarşı tərəfə bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli danışıqlardan görünür ki, cavabdeh tərəf ayın 10-a kimi 1000 manat, 25-30-u arası yenə 1000 manat göndərəcəyini iddiaçıya bildirmişdir. Sözügedən danışıqların məhz xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən sonra aparılması da işin mübahisəsiz halıdır. Yəni buradan da aydın olur ki, alqı-satqı müqaviləsi bağlandıqdan və avtomobil cavabdehin adına qeydə alındıqdan sonra cavabdehlərin iddiaçıya borcu qalmışdır. Məhkəmə bundan başqa qeyd edir ki, Cavabdeh1, məhz iddiaçı borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra avtomobilin yürüşünün çox olması, lazımi keyfiyyətdə olmaması səbəblərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək İddiaçı ilə aralarında olan alqı-satqı müqaviləsinin qiymətinin məhz 12800 manat azadılmasını xahiş etmişdir. Məhkəmə işin yuxarıda göstərilən faktiki və mübahisəsiz hallarını nəzərə alaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 12800 manat borcu qalması təsdiq edilmişdir. Məhkəmə iddia tələbinin həmin borc məbləğinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 rəsmi nikahdadırlar və avtomobil alınan tarix də məhz onların birgə nikah dövrünə təsadüf edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Yuxarıda göstərilən qanunun tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmış, avtomobilin alınması, dəyərinin ödənilməsi ilə bağlı danışıqlar məhz Cavabdeh1 ilə aparılmış, avtomobil rəsmi olaraq Cavabdeh2 adına qeydə alınmışdır. Belə olan halda tələb edilən məbləğin birgə mülkiyyətçi və ya birgə alıcı qismində ər-arvad olan cavabdehlərdən tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərclər: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128.85 manat dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 150 manat xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 12800 manat pul vəsaiti, hüquqi xidmətə görə ödənilmiş 150 manat xərcin və 128.85 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 12800 manat məbləğində borc, 128.85 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 150 manat xərcin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-3148/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3148/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver