Məhkəmə qərarları › İş №e-2(007)-3283/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3283/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3283/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli müqavilə üzrə imei kodu **********03185 olan Samsung Galaxy A23 markalı telefon üçün 541 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, ümumilikdə 595 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində vəsaitin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********03185 olan Samsung Galaxy A23 markalı telefon almış və nəticədə 595 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 741 manat (12 ay x 61.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03185 Samsung Galaxy A23 markalı telefon üçün ondan 541 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunan 54 manat cərimə borcu olmaqla, ümumilikdə 595 manat yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200 manat təşkil edir.

İş materialları :

3. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03782449 müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********03185 Samsung Galaxy A23 markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, 03782449 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 3-dən gec olmayaraq 12 ay müddətində hər ay 61.75 manat ödəniş etməlidir.

5. İşə əlavə olunmuş İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03782449 nömrəli müqavilə üzrə 541 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, cəmi 595 manat borcu vardır.

6. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

7. xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

8. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi :

11. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş materiallar ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

13. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdən başalayaraq xx.xx.2023-cü il tarixədək 61.75 manat ödəmək şərti ilə ümumi dəyərləri 741 manat olan İmei kod **********03185 Samsung Galaxy A23 markalı telefon almışdır.

15. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqısatqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

16. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 541 manat ödənilməmiş əsas borc, 54 manat cərimə olmaqla ümumilikdə 595 manat borcu vardır.

17. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 541 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

19. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

20. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

21. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən İddiaçı MMC-nin 54 manat cərimə borcunun ödənilməsi tələbini əsaslı hesab edir.

22. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

23. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 541 manat, cərimə qismində 54 manat olmaqla, cəmi 595 (beş yüz doxsan beş) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

25. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 541 manat, cərimə qismində 54 manat olmaqla, cəmi 595 (beş yüz doxsan beş ) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar