Məhkəmə qərarları › İş №e-2(007)-3503/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3503/2023

22.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3503/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Bu müddətdə cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz verilməmişdir. 14 dekabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək göstərmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh borcdan ödənişləri etdiyi üçün hazırkı iddia tələbinə məhkəmədə baxılmasına olan zərurət aradan qalxmışdır. Buna görə də, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və iddia ərizəsini, ona əlavə olunmuş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda ərizənin baxılmamış saxlanılması nəzərdə tutulmamış, yalnız Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində məhkəmənin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina etməli olduğu müəyyən edilmişdir: bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. Göründüyü kimi, ərizə məhkəmənin icraatına qəbul edilmişdir, bu mərhələdən sonra kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina və ya ərizənin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Mübahisə isə artıq məhkəmədən kənar qaydada həll edilmişdir, tərəflər arasında mübahisə mövcud deyildir, işə məhkəmədə baxılması üçün əsaslar qalmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəyə münasibətdə analoji münasibətləri tənzimləyən hüquq norması tətbiq edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən (X1, AsanPay, Qəbz nömrəsi-**********, Tarix: xx.xx.2023, saat 16:51:46) görünür ki, İddiaçı ASC hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat (X1, AsanPay, Qəbz nömrəsi-**********, Tarix: xx.xx.2023, saat 16:51:46) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar