Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-363/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən PS5 oyun pultu, “Playstation 5” üçün 204.51 manat ödənilməmiş hissə, 20.49 manat cərimə olmaqla, ümumilikdə, 225 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PS5 oyun pultu, “Play Statıon 5” almış və nəticədə 225 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1788.84 manat PS5 oyun pultu, “Play Statıon 5” üçün ümumilikdə 225 manat olmaqla ondan 204.51 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.49 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1584.33 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-cü il tarixli, 04092869 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “PS 5 və Play Station 5” verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2022-cü il tarixli, 04092869 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 15-dən gec olmayaraq 12 ay müddətində hər ay 99.38 manat olmaqla, cəmi 1788.92 manat ödəniş etməlidir.
5. xx.xx.2022-cü il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli müqavilə üzrə “PS 5 və Play Station 5”-i tam, qüsursuz təhvil almışdır.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli müqavilə üzrə 204.51 manat əsas, 20.49 manat cərimə borcu olmaqla, cəmi 225 manat borcu vardır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən əsasə borcdan 1584 manat, cərimə borcundan316.47 manat ödəniş edilmişdir. Həmçinin görünür ki, cavabdeh tərəfindən 2023-cü ilin iyun, sentyabr aylarında ödəniş edilməmişdir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları :
12. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.
13. Cavabdeh xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin çəkişmə prinsipi əsasında aparılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh vəsatəti təmin edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
15. Cavabdeh işə onun iştirakı təmin edilməklə baxılması barədə vəsatət verməsinə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mülki işə lazımi prosessual maraq göstərməmiş, öz sübutlarını tədqim etməmiş, məhkəmə iclasında iştirak etməmişdir.
16. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi :
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
22. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
23. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2022-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 99.38 manat ödəmək şərti ilə ümumi dəyəri 1788.92 manat olan “PS 5 və Play Station 5”-i satın almışdır.
24. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
25. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada, yəni ödəniş qrafikinə uyğun həyəta keçirməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ödəniş qrafikinə xx.xx.2022-cü il tarixdən başlayaraq xx.xx.2024-ci il tarixədək hər ayın 15-i ödəniş etməli olmasına baxmayaraq, qrafikə uyğun ödəniş etməmiş və gecikməyə yol vermişdir.
26. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 2023-cü ilin iyun və sentyabr aylarında ödəniş edilməmiş, həmçinin fevral, mart, aprel aylarında qrafik üzrə müəyyən edilmiş tarixdən sonra ödəniş edilmiş, 2024-cü ilin iyun, iyul, avqust aylarında isə qrafik ilə müəyyən edilmiş məbləğdən az ödəniş həyəta keçirmişdir.
27. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz penya ödənilməsi nəzərdə tutulmuşdur.
28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəbbə pulunun hesablanaraq tutulması tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən və qanunvericiliyin müddəalarından irəli gəlmişdir.
29. Göründüyü kimi cavabdeh tərəfindən qrafik üzrə ödəniş həyəta keçirilmədiyi, gecikmələrə yol verildiyi üçün iddiaçı tərəfindən tərəflər arasında olan razılaşmaya uyğun olaraq gecikməyə görə cərimə hesablanmaqla ödənilən vəsaitdən cərimə borcu silinmişdir.
30. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli müqavilə üzrə 204.51 manat borcu vardır.
31. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2022-ci il tarixli müqavilə üzrə 204.51 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
33. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.
34. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia təmin edilməməlidir.
35. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20.49 manat təşkil edən cərimə məbləğinin 0 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
36. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
37. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
38. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 204.51 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
39. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 204.51 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva