Məhkəmə qərarları › İş №e-2(007)-3697/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3697/2025

10.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3697/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 30 Saylı Dövlət Notariat Kontoruna qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (vərəsəlik, mirasın qəbulu; müddətin bərpa edilməsi və s.) X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 30 Saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilmə müddətinin bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh Bakı şəhəri 30 Saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası 20 dekabr 2000-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın onun xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx 1961-ci il tarixində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla, faktiki yaşayır. X1 20 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra miras qalmış əmlakın qəbulu ilə bağlı iş üzrə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizəsinin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qanunla müəyyənləşdirilmiş müddətin bərpası ötürülmüş, bu səbəbdən də məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, o, miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxt notariat ofisinə müraciət etməli olduğunu düşünmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüşdür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Atasının ölümündən 25 ilə yaxın müddət ötməsinə baxmayaraq onun vərəsəliyi üçün ondan başqa heç kim müraciət etməmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 30 saylı notariat ofisinin notariusu Əli Əliyevin 18 aprel 2025-ci il tarixli, b-08 nömrəli məktubundan görünür ki, X1ndan miras qalmış Bakı şəhəri, Ləhiş bağları ərazisində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır, 20 dekabr 2000-ci il tarixdə vəfat etmiş atasının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı izah edilmişdir; - XVİ-ЖГ seriyalı, 326851 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur, X1dur. - AZ seriyalı, 081956 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 dekabr 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 dekabr 2000-ci il tarixdə 885 nömrə ilə qeyd edilmişdir; - xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı tərəfindən məhkəməyə 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə iştirak edən şəxslər: İddiaçı X3 məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərmişdir ki,mərhum xx.xx.2000-ci ildə vəfat etmişdir. Onlar elə bilmişlər ki, vəfat etdikdən 6 ay sonra notariata müraciət etməlidirlər. Onlar torpaq sahəsinin olmasını bilmişlər, amma bu məsələnin üstünə düşməmişlər. Göstərdiklərinin nəzərə alınmasını məhkmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 30 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan xx.xx.2000-ci ildə vəfat etmiş, lakin mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddia tələbi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəllər qüvvədə olan 1246-cı maddəsinin müddəalarına uyğun olaraq müddətin ötürülməsi müəyyən edilsə də, Konstitusiya Məhkəməsinin Plenumunun yeni hüquqi mövqeyi nəzərə alınaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətlər barədə norma qüvvədə olmadığından, iddiaçının "vərəsəlik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iddiaçı notariat ofisinə müraciət etsə də, onun müraciəti müsbət şəkildə öz həllini tapmamışdır. Məhkəmə iddiaçının ərizəsində istinad etdiyi halları nəzərə alaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı 20 dekabr 2000-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı isə tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2000-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar